Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ağ Ev Qarabağda sülh istəyir, yoxsa?

Ağ Ev Qarabağda sülh istəyir, yoxsa?

“Azərbaycan və Ermənistanın ABŞ-ın geosiyasi dəstəyinə ehtiyacı var.  ABŞ Cənubi Qafqazda daimi sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olunmasında maraqlıdır”. 

Bu sözləri politoloq Xəqani Cəfərli Cebhe.info-ya ABŞ Dövlət Departamentinin rəsmilərinin Azərbaycan və Ermənistana son rəsmi səfərlərini şərh edərkən bildirib: 

“ABŞ və dünyanın aparıcı ölkələrində siyasi dairələr çox yaxşı anlayırlar ki, bütün post-sovet məkanında münaqişələr Rusiyanın regionda ənənəvi geosiyasi təsirinin saxlanılmasına xidmət edir. Hətta Rusiyanın xarici siyasət strategiyasında münaqişələr yaratmaq və münaqişələr vasitəsilə regional prosesləri manipulyasiya etmək xüsusi əhəmiyyət daşıyır. Ona görə də ABŞ və Avropa dövlətləri çalışırlar ki, postsovet məkanında, xüsusilə Cənubi Qafqazda münaqişələri həll etsinlər və xalqlararası sülh prosesini nizamlasınlar. Bu da həm Azərbaycan, həm Ermənistanın Rusiyanın təsir dairəsindən xilas olmasına gətirib çıxaracaq. ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyasında Azərbaycan və erməni xalqı arasında münaqişənin həll olunması önəmli prioritet hesab olunur”. 

Politoloqun sözlərinə görə, Rusiya daim postsovet bölgələrində münaqişələrin qalmasına çalışacaq:

“Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatlar səsləndirməsi Moskvada ciddi narahatlıq doğurub. Çünki Kremldəkilər hesab edir ki, əgər münaqişələr həll olunarsa, bütün region onların təsir dairəsindən çıxacaq”. 

Xəqani Cəfərli qeyd edib ki, Vaşinqtonun Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə müsbət töhfələri ola bilər:

“Heç şübhəsiz ki, Vaşinqtonun sülh prosesinə böyük geosiyasi təsiri ola bilər. ABŞ Azərbaycan və Ermənistanda siyasi, iqtisadi və mədəni cəhətdən geniş təsir imkanlarına malikdir. Bu baxımdan qlobal qüdrətə malik olan bu dövlətin Bakı və İrəvan arasında sülh prosesinə töhfə verməsi mümkündür. Bununla bərabər, həm Azərbaycan, həm də Ermənistanın öz iqtisadiyyatını inkişaf etdirmək üçün ABŞ-ın sərmayesinə və texnologiyasına ehtiyacı var. Hesab edirəm ki, ABŞ-dan başqa heç bir dövlət Cənubi Qafqaz dövlətlərinin ehtiyaclarını tam qarşılaya bilməz”. 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …