Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / 25 fevralın 5 şəhidinin həyat hekayələri

25 fevralın 5 şəhidinin həyat hekayələri

Onlardan 2-si körpələrinin doğulmasını görmədən vətən uğurundan canlarını fəda edib
Ermənistan silahlı qüvvələrinin fevralın 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Aqşin İsmayıl oğlu Abdullayev, Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Haşımlı, Zülfü Rəhim oğlu Qədimov və Zakir Nazim oğlu Cəfərovun nəşləri ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 27-də döyüş meydanından təxliyə edilib.

Fevralın 28-də isə şəhidlərimizin nəşləri doğulduqları torpaqlara aparılıb və dəfn olunub.
Onu da qeyd edək ki, fevralın 28-də Müdafiə Nazirliyi daha bir şəhid verməyimiz haqqında məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.
Şəhidlərimiz haqqında sosial şəbəkələrdə və mediada məlumatlar yayılıb. Şəhid olan hərbiçilərimizi tanıyanlar, sosial şəbəkələrdə onlar barəsində öz xatirələrini paylaşıblar. Şəhidlərimizin sosial şəbəkə və mediadan topladığımız həyat hekayələrini təqdim edirik:
Şəhid olmuş 5 hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan 1988-ci il təvəllüdlü Zülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19 fevral 2012-ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Bildirilir ki, Şahlar Nəzərovun əmiləri də hərbçi olublar. Şəhidin qohumları milli.az saytına deyiblər ki, o, təzəlikcə ailə qurmuşdu: “Şahlar yaxşı oğlan idi. Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olublar. Şahlar ötən ilin avqust ayında ailə həyatı qurmuşdu. Bir-iki aydan sonra onun övladı dünyaya gələcək. Təəssüf ki, o, övladını görə bilmədi. Şahların atası ağır xəstədir”.
Digər şəhidimiz Tural Haşımlı da yeni ailə qurubmuş və o da dünyaya göz açacaq övladını görmədən həlak olub. Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun, Dırnıs kəndində dünyaya göz açıb. Tural Haşımlının hərbi rütbəsi baş leytenant olub. Bildirilir ki, o, 7 ay öncə ailə həyatı qurubmuş.
Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladının olduğu bildirilir. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn olunub.
Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz Zakir Cəfərovdur. Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın