Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Zal Yusifovdan prezidentə şikayət edildi

Zal Yusifovdan prezidentə şikayət edildi

Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov və onun oğlu İslam Yusifovun dələduz əməlləri ilə üzləşən bir qrup zərərçəkmiş Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıblar. 

 

Zərərçəkmişlər həmin müraciətin bir nüsxəsini də Teleqraf.com-un redaksiyasına göndəriblər.

 

Müraciətdə bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının qanunsuz əməlləri ifşa edildikdən sonra yüzdən çox əmanətçi rəhbər şəxslərə müraciət etmək qərarına gəliblər. 2008-ci ilin sentyabr ayında Texnikabank ASC-nin rəhbərliyi ilə MTN-nin ifşa edilmiş həmin əməkdaşları arasında “saziş” bağlanıb. Bankda əmanətləri olan əmanətçilərin pulları, eləcə də əllərində olan vəsaitlər alınıb:

 

“Belə ki, 2008-ci ilin axırlarında MTN-nin sabiq nazir müavini Texnikabank ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyev və Texnikabank ASC-nin Bakı filialının müdiri Zal Yusifovun Bakının “Baksol” deyilən ərazisində yerləşən evində görüşürlər. Onlar həmin vaxt qərara gəlirlər ki, Etibar Əliyev Zal Yusifovun banka guya ziyan vurması ilə bağlı MTN-ə şikayət ərizəsi verməlidir”.

 

Qeyd olunur ki, Etibar Əliyev guya banka ziyan dəyməsi ilə bağlı MTN-ə şikayət edəndən sonra istintaq başlayır. Əmanətçilər bundan sonra MTN-ə çağırılır. Onlar istintaqçılar tərəfindən təhqirlərə, həbs hədə-qorxularına, şantaja məruz qalırlar:

 

“MTN istintaqçılarının bir məqsədi vardı. Biz əmanətçilər yüz zülmlə, halal zəhmətimizlə qazanaraq “Texnikabank”a qoyduğumuz əmanətlərdən imtina etməli, bunu yazılı sürətdə istintaqa təqdim etməliydik”.

 

Bildirilir ki, bir qrup əmanətçi bu hədələrdən qorxur və istintaqçıların dediyi kimi, əmanətlərindən imtina edirlər. Bir qrup əmanətçi isə öz hüquqlarını müdafiə edir, sözünün üstündə durur, əmanətlərini bankdan tələb edirlər: “Beləliklə, MTN-nin istintaq qrupu “Texnikabank” rəhbərliyindən vəd olunmuş rüşvəti alır, daha sonra bəzi əmanətçiləri hədələyərək qorxudur və iş Ağır Cinayətlər Məhkəməsinə göndərilir.

 

Bir dəfə söhbət əsnasında MTN-də istintaq qrupunun rəhbəri Vüsal Ələkbərovdan nə üçün belə ədalətsizlik etdiyini soruşduq. O bildirdi ki, bizim qarşımızda “Texnikabank”ı məsuliyyətdən uzaqlaşdırmaq tələbi qoyulub. Vüsal Ələkbərov etiraf edib ki, bu tapşırıq MTN-də nazirdən yox, nazir müavinindən gəlib”.
Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib. Zərərçəkmişlərin sözlərinə görə, prosesdə hakim “Texnikabank”ın vəkili rolunda çıxış edib və bankı necə olur-olsun məsuliyyətdən uzaqlaşdırmaq istəyini gizlədə bilməyib.

 

Bildirilir ki, məhkəmə məsuliyyət daşımalı olan bankı məsuliyyətdən kənarda qoyur: “Biz zərərçəkmişlər hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə baxıldı. Biz əmanətçilər və vəkillərimiz məhkəmədə hüquqlarımızın pozulduğu və mülkiyyətimizin əsassız olaraq əlimizdən alındığını bildirdik”.

 

Müraciətdə daha sonra qeyd edilir ki, “Texnikabank”ın məsuliyyətdən yayındırılması ilə bağlı hökm qüvvədə saxlanılandan sonra zərərçəkmişlər Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onların sözlərinə görə, məhkəmə baxışları zamanı artıq MTN-in müavini öz vəzifəsindən azad olunub:

 

“Kasasiya instansiyasında bu işə dörd dəfə ayrı-ayrı məhkəmə kollegiyalarında baxıldı. Bu işlə bağlı çoxsaylı qanun pozuntuları aşkar edildi və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarıldı.

 

Bu işlə əlaqədar ikinci dəfə apelyasiya məhkəməsi zamanı məlum oldu ki, “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyev MTN tərəfindən həbs olunub və bank başqa adamın əlinə keçirilib”.

 

Zərərçəkmişlər onu da əlavə ediblər ki, bu sadə məhkəmə işi ilə əlaqədar  müxtəlif məhkəmə instansiyasını təmsil edən  400 hakiminin iştirakı ilə 420 dəfə məhkəmə iclası keçirilib. 200-dən artıq qətnamə, qərardad, hökm və qərarlar verilib: “Maraqlıdır ki, 42 hakim “Texnikabank”ın məsuliyyət daşıdığını, 12 hakim bankın məsuliyyət daşımadığını, qalan hakimlər isə hökmə istinad etdikləri barədə qərar qəbul ediblər. Bu faktlar onu göstərir ki, məhkəmələr qanuni, ədalətli və obyektiv qərar əvəzinə, təsir altında olaraq sifariş xarakterli qərarlar qəbul ediblər”.

 

Müraciətin sonunda zərərçəkmişlər qeyd ediblər ki, 500-550 ailə tərkibi olan 100-dən çox zərərçəkmiş bu gün çətin və acınacaqlı vəziyyətinin nəzərə alınmasını istəyirlər. Onlar əmanətlərinin qaytarılması ilə əlaqədar qanuni, ədalətli və obyektiv araşdırma aparılması üçün müvafiq qurumlara göstəriş verilməsini arzulayırlar.

 

Qeyd edək ki, “Texnikabank”ın mülkiyyətçiləri və adı dəyişərək “Bank Technique” olub. Bu günlərdə Ali Məhkəmənin qərarı ilə Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması zərərçəkmişlərin hüquqlarının pozulması ilə müşayiət olunub.

 

Əmanətçilərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb.  Dəyən ziyan ödənmədən bankirin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.

 

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …

Bir cavab yazın