Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tanklar, zirehli texnikalar, döyüş sursatları… – Bakıda keçirilən beynəlxalq silah sərgisindən FOTOSESSİYA

Tanklar, zirehli texnikalar, döyüş sursatları… – Bakıda keçirilən beynəlxalq silah sərgisindən FOTOSESSİYA

Sentyabrın 27-də Bakı Expo Mərkəzində “ADEX 2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi açılıb.
Musavat.com xəbər verir ki, sərgidə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, bir neçə ölkənin müdafiə naziri və müxtəlif ölkələrin nazirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək, ölkəmizdə və regionda ikinci dəfə keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX 2016” sərgisinin açılması münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik edib.
Artıq ölkəmizdə müasir texnologiyalara əsaslanan müdafiə sənayesi müəssisələrinin fəaliyyətə başladığını deyən Y.Camalov bildirib ki, Azərbaycanın hərbi qüdrəti durmadan artır. Nazir son illərdə ölkəmizin müdafiə sənayesinin uğurla inkişaf etdiyini vurğulayıb.
O, diqqətə çatdırıb ki, müdafiə sənayesi müəssisələri tərəfindən buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb: “Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir çox sərgilərin iştirakçısı olub. Nazirlik bu sərgilərlə və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. Nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir.
 “ADEX 2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. “ADEX-2016”da 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur”.
Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edir. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələri nümayiş etdirilir.
Ümumilikdə, sərgidə quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı nümayiş etdirilir.
Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.
Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklərin, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir.
Bu görüşlər çərçivəsində artıq bəzi imzalar atılıb. Məsələn, Azərbaycan və Rusiya arasında “Mi-8/17” helikopterlərinin təmiri üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalanıb. “Rusiya helikopterləri” holdinqi və “Silk Way Helicopter Services” müəssisəsi Azərbaycanda “Mi-8/17” helikopterlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalayıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Fikri İşık ilə görüşü olub. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Zakir Həsənov həmçinin Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüşdə Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
30 sentyabra qədər davam edəcək sərgi çərçivəsində seminar, təqdimat, ikitərəfli görüşlər davam edəcək.

































Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın