Ana səhifə / Siyasət / “Təzə bazar”ın sahibi Baytarlıq Xidmətini ittiham etdi

“Təzə bazar”ın sahibi Baytarlıq Xidmətini ittiham etdi

“Təzə bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov bazarda gizli sexin aşkarlanması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yaydığı məlumata münasibət bildirib.

Virtualaz.org saytı ilə əlaqə saxlayan M.İbrahimov baytarlıq xidmətini yanlış məlumat yaymaqda günahlandırıb. “Rayondan Bakıya satış məqsədilə gətirilən ət əvvəlcə rayondakı baytarlıq xidmətinin nəzarətindən keçirilir və bazara bunu təsdiqləyən sənədlər təqdim olunur. “Təzə bazar”da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin gündüz və gecə laboratoriyaları fəaliyyət göstərir. Ət satışa verilmədən təkrar həmin laboratoriyalarda yoxlamadan keçirilir, satış üçün yararlı olub-olmadığına rəy verilir. Baytarlıq Nəzarəti Xidmətinin mətbuata yararsız kimi təqdim etdiyi ət də bu qurumun laboratoriyasında yoxlanılıb və bizdə bunu təsdiqləyən sənədlər var. Biz həmin sənədləri reyd keçirənlərə də təqdim etmişik”, – bazar rəhbəri deyib.

M.İbrahimov deyir ki, Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan rayonda və bazardakı laboratoriyalarda yoxlamadan keçmiş ət necə yararsız sayıla bilər: “Məlumatda deyilir ki, reyd keçirənlərə sənədlər təqdim olunmayıb, halbuki bütün sənədlər onlara verilib. Bazara nəzarətdən keçməmiş heç bir baytarlıq məhsulu buraxılmır”.

Bazar rəhbəri gecələr fəaliyyət göstərən gizli sexlə bağlı da məsələyə aydınlıq gətirib. “Bazarda sex fəaliyyət göstərmir, sadəcə satış məntəqəsində əti sümükdən ayırıb anbara qoyublar. Çünki müştəri daha çox sümüksüz ət sifariş verir. Baytarlıq xidməti bu kimi məlumatlarla bizə təsir etməyə çalışır, onların hədə-qorxu gəlmələri birinci dəfə deyil. Onlar dəfələrlə bizə təsir etməyə çalışıblar, hətta satıcılar bundan narazılıqlarını bildiriblər”, – M.İbrahimov deyib. Onun sözlərinə görə, bazar rəhbərliyi ət satışı ilə məşğul olmur. “Biz yeri icarəyə veririk, ət satışı ilə məşğul olmuruq. Bazara pis ət gətirilirsə, o zaman Baytarlıq Xidməti sənəd verməsin. Biz istənilən quruma sənədlər təqdim edə bilərik. Sənədləri reyd keçirənlərə təqdim etdikdən sonra bu cür məlumat yaymaqla öz məqsədlərini ortaya qoyurlar. Gizli sex və yararsız ət satışı ittihamı yalan və qərəzdir”, – bazar rəhbəri əlavə edib.

 

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …

Bir cavab yazın