Cümə axşamı , May 23 2019
Ana səhifə / Siyasət / Rusiya Qarabağı bizə qaytaracaqmı…

Rusiya Qarabağı bizə qaytaracaqmı…

Bəlkə də diplomatların da gurultulu bəyanatlarına alışmaq və elə onları ciddiyə almamağa adət etmək lazımdır. Dünyada konstitusiyalar və yaxud da ki, qanunlar deputatlar üçün immunitet və indemnitet hüququnu nəzərdə tuturlar…

İmmunitet məsələsi aydındır. İndemnitet isə o deməkdir ki, deputatlar öz çıxışlarına və bəyanatlarına görə məsuliyyət daşımırlar. Diplomatlar üçün bu hüququn nə qədər real olduğunu demək çətindir, çünki məsəl var, deyirlər ki, onlara dil fikirlərini gizlətmək üçün verilib…

Amma diplomatlar da tez-tez bu qaydanı unudurlar və hətta onu da yaddan çıxarırlar ki, onların çox adi bir sözü və kiçik bir bəyanatı bəzən insanlarda nə qədər böyük ümidlər yaradır…

Bu mənada Rusiyanın xarici işlər S.Lavrovun bəyanatları istisna deyil və bu adam çox tez-tez Qarabağ problemilə bağlı gurultulu bəyanatlar verməyi sevir. Birini də elə bu günlərdə deyib. Rusiyanın xarici işlər naziri bildirib ki, Qarabağ probleminin həll edilməsinin vaxtı yetişib…

Nə demək olar? Məsələ var, deyir ki, kor nə istəyir, ikicə göz!.. İndi elə biz də artıq 30 ilə yaxındır ki, o günü gözləyirik…

Amma o gün yetişmir ki, yetişmir. Hətta ona da adət etmişik ki, rusiyalı diplomatlar bunu bəzən şantaj kimi də səsləndirirlər. Münasibətlərin soyuq vaxtlarında onlar dərhal yada salırlar ki, Qarabağ probleminin həlli Rusiyanın əlindədir…

Fəqət, bunu da görünür, elə başa düşmək lazımdır ki, problemin hansı fazada olması, hətta qısa bir müddətə dondurulması və yaxud da ki, öz məcrasından çıxması Rusiyanın istəyilə olur…

Doğrusu, biz S.Lavrovu heç vaxt mahir diplomat hesab etməmişik. Mahir diplomatlar öz sözlərinin dəyərini bilirlər. Başqa məsələlərə gəldikdə isə qoy, Rusiyanın xarici işlər naziri girov götürülmüş iki azərbaycanlının problemini həll etsin, qalsın Qarabağ problemi…
Həmin girovlardan birinin özü, digərinin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Amma gəl ki, bu vaxta qədər S.Lavrov özünə əziyyət verərək o girovlarla maraqlanmayıb…

Daha doğrusu, cəmi bircə dəfə “maraqlanıb”. Ermənistanda bir ailəni qətlə yetirmiş rus əsgərinin problemi yarananda ilk dəfə olaraq S.Lavrov həmin bu dediyimiz girovları “xatırladı”. Amma bu, cəmi bircə dəfə oldu. Üstəlik, aydın idi ki, Rusiyanın xarici işlər naziri bunu Ermənistana təzyiq etmək məqsədilə dilə gətirib…

İndi də hamı oturub gözləyir ki, görən, Rusiya heç olmasa, özünün azərbaycanlı vətəndaşını nəhayət yada salacaqmı? İnanmırıq. Daha doğrusu, biz də inanmaq istərdik, amma gəl, Rusiyanı və onun nazirlərini çox yaxşı tanıyırıq və onlara yaxşı bələdik…

O ki qaldı Qarabağ probleminə… Biz S.Lavrovun daha bir bəyanatını sıradan bir bəyanat hesab edirik. Güman etmirik ki, bunun arxasında ciddi bir iradə və ya xoş niyyət dayanmış olsun…

Bəli, çox ehtimallar səslənir. Amma Qarabağ problemini həll etmək istəyən ölkə və onun nazirləri cəmi iki-üç həftə bundan əvvəl Ermənistana yeni raket-kompleksləri göndərmək haqda düşünməzdi…

Qarabağ probleminin həllinin bir şərti kimi həm də Azərbaycanla Rusiyanın münasibətlərinin çağdaş durumu önə çəkilir. Bu münasibətləri ideal hesab etmirik, amma onlar heç vaxt indiki kimi rəvan və anlaşıqlı da olmayıb. İndi Rusiya nədən narazı ola bilər?..

Bircə o qalıb ki, Azərbaycan Rusiyanın çox sevimli Avrasiya İttifaqı layihəsinə də “hə” desin. Amma bilmək olmur ki, Rusiya nə tikir, nə qurur?..
Gah Avrasiya İttifaqı yaradırlar, gah da Şanxay Əməkdaşlıq Təşkilatını qururlar. Onu da qeyd edək ki, Azərbaycan da sonuncuya-Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir…

Amma bu, Rusiya üçün yetərlidirmi? Güman etmirik… Ona qalsa, Azərbaycan MDB-nin də üzvüdür. Amma ruslar həmişə deyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü deyil. Elə ona görə də Rusiyanın Ermənistanla münasibətləri Azərbaycanla münasibətlərindən daha sıx xarakter daşıyır…

Elə bu səbəbdən də çox qəliz vəziyyətdi. Rusiya imperiyasının ən müxtəlif dönəmlərində azərbaycanlı-erməni münaqişələri və ya müharibələri baş verib. Hər dəfə imperiya özünə gələndə bu münaqişələr dondurulub, çünki imperiya belə hesab edib ki, o, hər iki tərəfi, Azərbaycanı və Ermənistanı öz orbitinə cəlb edə bilib…

Amma heç bir vaxt Azərbaycanın itirdiyi torpaqlar geri qayıtmayıb. İndi də bu son illəri götürsək, təxminən 88-95-ci illər Rusiya imperiyası üçün gərgin vaxtlar idi və bizim bölgədə onun dirijorluğu ilə müharibə gedirdi. Bir müddət keçəndən və imperiya özünə gələndən sonra müharibə donduruldu…

İndi də oturub torpaqlarımızın qaytarılmasını gözləyir və S.Lavrov kimi rusiyalı nazirlərin ən kiçik bəyanatlarına belə diqqət kəsilirik. Amma gəl ki, heç olmasa bir dəfə bir sual üzərində baş sındırmırıq. Necə olub ki, əsrin əvvəlindən erməni torpaqları bu qədər artıb? Məgər torpaq da doğur-törəyir? Yox, doğmur. Sadəcə, həmin torpaqlar Rusiyanın xeyir-duası ilə Ermənistanın hər dəfə Azərbaycandan qopardığı torpaqlardır…

Yox, ümidimizi itirməyək. Amma bir şərtlə. Ümid edəndə də özümüzə edək ki, sonradan peşman olmayaq…

Həmçinin oxuyun

Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə …

Bir cavab yazın