Çərşənbə , İyul 24 2019
Ana səhifə / Siyasət / “Rahat olsunlar, Sadıq müəllim heç vaxt “Neftçi”yə qayıtmaz” 

“Rahat olsunlar, Sadıq müəllim heç vaxt “Neftçi”yə qayıtmaz” 

Azərbaycanın köklü klubu olan “Neftçi”də olduqca gərgin vəziyyət hökm sürür. 1937-ci ildə yaradılan klub bu il 80 yaşını qeyd edəcək. Klub rəhbərliyi komandanın qarşısında çempionluq vəzifəsi qoymuşdu. Ancaq Premyer Liqanın ilk 4 turundan sonra “Neftçi” cəmi 3 xal toplayaraq, 8 komandanın iştirak etdiyi çempionatda 7-ci pillədə qərarlaşıb. 4-cü turda “Qəbələ”yə 0:8 hesablı məğlubiyyət geniş müzakirəyə səbəb olub. “Neftçi”də bir neçə istefa gerçəkləşib. Klubun baş məşqçisi Vəli Qasımov, icraçı direktor Elnur Məmmədov, klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyev vəzifələrindən azad olunublar.

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə isə bəyanat yayaraq, klubda baş verənlərə münasibət bildirib. Bağırzadə “facebook” səhifəsində yaydığı bəyanatda kluba qarşı təxribatların olduğunu iddia edib. O, açıq şəkildə bildirib ki, “Neftçi”dəki durumu klubun keçmiş rəhbərliyi gərginləşdirir. Bəhram Bağırzadə futbolçuları oyun satmaqda ittiham edib. O, idman mətbuatını da hədəfə alıb. Bildirib ki, idman mətbuatı “Neftçi”nin keçmiş rəhbərliyindən rüşvət alaraq, indiki rəhbərliyə qarşı kampaniya aparır:

“Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan vermədilər. Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Əsas komanda “ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insan istəyir ki, bahalı legionerlər cəlb edib, onlara və agentlərinə pul qazandırsınlar.Bir çoxu bu klubun puluna göz dikib, yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq”.

“Məsləhət görərdim ki, şəffaflıqdan danışanlar aldıqları aylıq paket-maaşlarını açıqlasınlar”

Komanda.az məsələylə bağlı “Neftçi”nin keçmiş rəhbərliyinin və idman mətbuatında çalışanların mövqeyini öyrənib.

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov açıqlamasında klubda baş verənlərə görə vəzifəsindən azad edilən Elnur Məmmədovu günahlandırdı. O, Bəhram Bağırzadənin yaydığı bəyanatın da Məmmədov tərəfindən hazırlandığını iddia etdi:

“Son iki ilə yaxın dövrdə “Neftçi”nın rəsmiləri tərəfindən uğursuzluqları ört-basdır etmək məqsədiylə, ictimaiyyəti aldatmağa yönələn müxtəlif açıqlamalar verilirdi. Birmənalı olaraq bu işlərin başında klubun keçmiş icraçı direktoru Elnur Məmmədov dayanırdı. Yalnız Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Neftçi”nin biabırçı duruma gəldiyini etiraf edirdi. Klubda sponsor nümayəndələri və Müşahidə Şurası tərəfindən araşdırmalar aparılaraq, çox ciddi nöqsanlar aşkarlanıb və “Neftçi” PFK-nı demək olar təkbaşına, öz bildiyi kimi idarə edən Elnur Məmmədov tutduğu vəzifədən kənarlaşdırılıb. Keçmiş icraçı direktor şura üzvlərinə yanlış, özünə sərf edən dezinformasiya xarakterli məlumatlar verərək, müəyyən müddət onları yanıltmağa nail olmuşdu. Biabırçı klub idarəçiliyi, yanlış transferlər, acınacaqlı məğlubiyyətləri unutdurmaq üçün əlindən gələni edirdi. Bəhram Bağırzadənin məlum açıqlaması da işdən kənarlaşdırılana qədər Elnur Məmmədovun son uğursuz cəhdi idi. Məşhur KVN ustası Muşahidə Şurasında azarkeşlərlə işə cavabdehlik daşıyır. Onun klubun maliyyə əməliyyatlarından xəbəri yoxdu. Digər tərəfdən, bizim dönəmimizdə klubda çalışan Maliyyə Departamentinin rəhbər və əməkdaşları bu gün də iş başındadılar. “Qəbələ”yə 0:8 (!) hesabı ilə məğlub olaraq, ölkə çempionatları tarixində ən acınacaqlı məğlubiyyət alan “Neftçi”də dərhal belə açıqlama verilir. Futboldan, idarəçilikdən anlayışı olmayanlarda bunun məqsədli olduğunu başa düşdülər. Jurnalistlərə qara yaxmaq, onları ittiham etmək yolverilməzdi. Jurnalistlər soyuqda, qarda, yağışda, istidə stadionlarda min əziyyətlərə qatılaraq futbolun təbliği ilə məşğul olurlar. “Neftçi”nin bizim dövrdə müxtəlif mətbuat orqanları ilə qarşılıqlı əməkdaşlığımövcud idi. Mətbuat orqanları hər ay Maliyyə Departamentində imzalarını ataraq, reklam əməkdaşlığına uyğun olaraq,vəsaitlərini alıblar. Bütün bunlar klubun aylıq hesabatı ilə birgə sponsora təqdim edilirdi. Təkcə “Neftçi”də yox, digər klublarımızda da KİV-lə əməkdaşlıq mövcud idi. Kluba və jurnalistlərə qarşı belə açıqlamalar yolverilməzdi. Futbola milyonlarla vəsait xərclənir, reklam əməkdaşlığına görə jurnalistlərin aldığı halal vəsait isə futbolda olan təsadüfi adamlara xoş gəlmir?! Məsləhət görərdim ki, şəffaflıqdan danışanlar biabırçı nəticələr fonunda aldıqları külli miqdarda aylıq paket-maaşlarını, səviyyəsiz legionerlərə xərclənən pulları açıqlasınlar. Məncə, bütün bunlar arxada qalıb. Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri icraçılar tərəfindən aldadıldıqlarını başa düşüblər və klubda dəyişikliklərə əl atıblar. Bugünlərdə klubda baş verənlərlə bağlı Çingiz Abdullayevlə səmimi və ətraflı danışığım olub. Xalq yazıçımız tez bir zamanda klubda dönüş yaratmaq istədiyini bildirərək, qarşılıqlı fikir mübadiləsinin də faydalı olacağını qeyd etdi. “Neftçi”nin keçmiş dönəmdəki əzəmətini qaytarması üçün istənilən köməyi etməyə hazırıq”.

“Sadıq Sadıqovun dönəmində “Neftçi”dən yazılan tənqidi yazıların heç əlli faizi indi yazılmır”

“Fanat.az” idman agentliyinin rəhbəri Əli Sahib bildirdi ki, onların nəinki “Neftçi”ylə, bir neçə klubla əməkdaşlığı olub. Əli Sahib bir sıra klublarla əməkdaşlığın indi də davam etdiyini bildirdi. O, Bəhram Bağırzadədən bu işdə istifadə olunduğunu vurğuladı:

“Bəhram Bağırzadənin ittihamlarına münasibət bildirməmək də olardı. Tam əminəm ki, o bəyanatı Bəhram Bağırzadə yazmayıb. O, bu məsələdə vasitədi. Klubda indiyə qədər havaya sovrulan milyonlar, uğursuz transferlər, transferlərin qiymətinin şişirdilməsi, ağlasığmaz ezamiyyət xərcləri barədə hesabat verilmir. Amma mətbuatla əməkdaşlığa görə ödənilən 500-1000 manatlıq reklam vəsaiti rüşvət olur? Deyiləsi çox söz var. Efirlərdən gözə soxurlar ki, Çingiz Abdullayevin, Bəhram Bağırzadənin Azərbaycana xidməti belə olub, elə olub. Xidmət ediblər, qarşılığında diqqət, sevgi, hörmət görüblər. Heç kəs bunu danmır. Amma bir acı həqiqət var – onlar Azərbaycan futboluna nə veriblər? Bundan danışsın cənab Bağırzadə”.

Əli Sahib bildirdi ki, əməkdaşlıq etmələrinə baxmayaraq, “Neftçi”nin əvvəlki rəhbərliyinin dönəmində də klubu tənqid ediblər. O, Sadıq Sadıqovun prezident olduğu dönəmdə “Neftçi” ilə bağlı daha çox tənqidi material dərc etdiklərini vurğuladı:

“Bəhram Bağırzadə etiraf edib ki, bəzi klublarla əməkdaşlıq edirlər. Mən heç vaxt bu əməkdaşlığı “rüşvət vermə” kimi qiymətləndirməmişəm. Baxmayaraq ki, 0:8 hesabı ilə məğlub olan bir komandanın əməkdaşlıq etdiyi mətbuat orqanlarında tənqid edilməməsinə “rüşvət” damğası vurulmasında daha çox məntiq tapmaq olar. Sadıq Sadıqovun dönəmində “Neftçi”dən yazılan tənqidi yazıların heç əlli faizi indi yazılmır. Hər il nəticə verən, Azərbaycanın futbol tarixində ilk dəfə Avropa Liqasının qrupunda oynayan klub rüşvət niyə verməlidi? Bəhram bəy bu suala cavab verə bilər? Hər kəs öz işi ilə məşğul olsa yaxşıdı. İş demişkən, Bağırzadəyə də şurada azarkeşlərlə işləmək tapşırılmışdı. Elnur Məmmədov işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olundu. Bəs Bəhram Bağırzadə necə, işinin öhdəsindən gəldi?”.

“0:8 hesablı məğlubiyyətin günahını jurnalistlərdə axtarmaq acizliyin əlamətdi”

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri olmuş, komandanın sabiq prezidenti Sadıq Sadıqovun müşaviri postunda çalışmış Elnur Əşrəfoğlu bildirdi ki, mətbuatla daim əməkdaşlıq ediblər və bunun hesabatı verilib. Əşrəfoğlu əməkdaşlıq etmələrinə baxmayaraq, mətbuatda həmişə tənqid olunduqlarını, amma buna görə kimlərisə ittiham etmədiklərini bildirdi:

“Hər hansı bir klubun saytlar, qəzet və televiziyalarla əməkdaşlıq etməsinin nəyi qəbahətdi? KİV-lə reklam əməkdaşlığı bütün dünyada qəbul olunmuş prosedurdu. Mətbuatın əsas gəlir mənbəyi reklam əməkdaşlığından formalaşır. Bunlar nə vaxtdan rüşvət olub? O vaxtlar klubda işləyən biri kimi deyirəm: bəli, mətbuatla əməkdaşlığımız olub. Bu əməkdaşlığın da hesabatı verilib. Amma komandamız məğlub olanda, hər hansı bir problem yaşananda ən çox tənqid olunan da elə “Neftçi” olub. Heç vaxt da buna görə jurnalistləri və özümüzdən əvvəlki rəhbərliyi ittiham etməmişik. Əksinə, tənqidlərdən nəticə çıxararaq, uğura doğru getmişik.

Biz “Neftçi”ni təhvil alanda komanda 9-cu pillədə idi və 6 il idi ki, çempion olmurdu. Biz nəyə nail olduq? İndi o uğurları sadalamağa lüzum görmürəm. 0:8 hesablı məğlubiyyətin günahını jurnalistlərdə, keçmiş rəhbərlikdə, azarkeşlərdə axtarmaq acizliyin əlamətdi. Sadıq Sadıqovun prezident olduğu dönəmdə “Neftçi” bütün titulları qazandı. 15 ilə yaxındı ki, Sadıq müəllimi tanıyıram, xasiyyətinə də yaxından bələdəm. İndiki rəhbərliyə rahat olmalarını tövsiyə edirəm. Sadıq müəllim heç vaxt “Neftçi”yə qayıtmaz. Bu gün ora qayıtmaq onun vəzifəsinin kiçilməsi olardı. Sadıq müəllimin Cüdo Federasiyasında həyata keçirəcəyi layihələr var. “Neftçi”yə uğurlar arzulayırıq”.

 

 

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın