Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Pənah Hüseyn: “4 iyunun ən çöx mübahisə doğuran hadisəsi…”

Pənah Hüseyn: “4 iyunun ən çöx mübahisə doğuran hadisəsi…”

“Cinayətimiz məğlubiyyətimizdir”dən birinci bölüm

Bu il KİV- də  4 iyun 1993- cü il hadisələri ilə bağlı məsələlərlə bağlı   materialların dərcində gözlənilməz “partlayış” müşahidə olundu və  bu informasiya fenomeni  davam edir. Elə dünən  o dönəmin  ən iri siyasi fiqurlarından AMİP lideri Etibar Məmmədov “Yeni Musavat”a AXC iqtidarını sərt tənqidinə həsr olunmuş “Bir daha 4 iyun haqqında” başlıqlı yazı göndərdi.  

4 iyunla bağlı bu ilki informasiya bumuni bəziləri iqtidar tərəfindən idarə olunan siyasi kampaniya kimi dəyərləndirir, digərləri  isə məsələnin  Azərbaycan cəmiyyətinin icində olduğu, hansısa  aktual siyasi və intellektual proseslərlə bağlı olduğunun  göstəricisi kimi dəyərləndirirlər. Hesab etdik ki,E. Məmmədovun yuxarıda adı çəkilən yazısını qəzetimizdə dərc etdikdən  sonra   haqqında danışılan, yazılan , təhlil edilən,  şərh verilən  hadisə, bu hadisəyə cəlb olunmuş siyasi qüvvələr, şəxslər  barədə oxucularda, xüsusən gənc nəsildə informativ, fikir, düşüncə aydınlığının  olması üçün həmin dövrdəki proseslərin açar fiqurlarından biri, AXC-nin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olmuş, AXC analitik mərkəzinin rəhbəri və AXC İcraiyyə Komitəsinn sədri vəzifələrini daşımış,  Elçibəy iqtidarı zamanı əvvəlcə dövlət katibi, sonra baş nazir postlarında çalışmış Pənah Hüseynin E.Məmmədovun yazısında adı çəkilən  “Cinayətmiz məğlubiyyətimizdir” yazısının təkrar dərci faydalı ola bilər.  

Qeyd edirik ki, həmin yazı 1993- 1995- ci ildə yazılıb və 20 il əvvəl, 1996-cı ildə  “525 –ci qəzet”in 19, 26 iyun və 3 iyul tarixli saylarında çap olunub.

***

 

Demokratiyanın az-çox elementləri olan hər bir cəmiyyətdə siyasi proses və bu prosesin hadisələrinə ayrı-ayrı  qurum və onları təmsil edən  xadimlərin münasibətinin müxtəlif olması, eyni bir hadisəyə tamamilə əks bir mövqedən qiymət vermələri təbii hal sayılır. Burda qəribə bir şey yoxdur. Çünki bu münasibətlər xeyli dərəcədə siyasi  mübarizə mənafeyi ilə müəyyənləşir. Və bu normal haldır. Lakin hər bir xalqın  və dövlətin  konkret tarixi anında elə  məsələlər, elə hadisələr olur ki, onlara münasibəti tamamilə daxili siyasi mübarizə və onun yüksək forması olan hakimiyyət uğrunda mübarizə mənafeyinə tabe edilməsi cəmiyyəti fəlakət həddinə gətirib çıxarır, dağıdıcı sarsıntılar və məhvedici partlayışlar labüd olur. Belə hadisələrə münasibət əsasında parçalanmış, barışmaz şəkildə qütbləşmiş cəmiyyətdə  faktlar əcaib şəkildə quraşdırılaraq kökündən yanlış olan ideoloji konstruksiyalar yaranır, ən doğru görünən müddəalar, əqli mühakimələr, nəticələr, siyasi şüarlar öz formal mənasından fərqli funksiya kəsb edir Məsələn, milli birlik çağırışları milli parçalanmaya xidmət edir. İctimai şüur şizofreniyaya tutulur və kollektiv psixologiyada patoloji dəyişmələr baş verir. İki yol qalır; ya belə cəmiyyətdəki barışmaz mövqelərin biri digərini zorakılıqla məhv edərək siyasi diktatura və ideoloji totalitarizm bərqərar edir – bu da tarixin göstərdiyi kimi yalnız zaman etibarilə bir qədər gec, lakin daha dağıdıcı partlayışdır – ya da cəmiyyətdə belə hadisələrə qiymət barədə tam olmasa da, ən ümumi cəhətləri bütün siyasi qüvvələr və cəmiyyət üzvləri tərəfindən qəbul edilən oxşar rəy – baxış formalaşır. Belə rəyin, baxışın qəbul olunması cəmiyyətdə milli birliyin və bu birliyin ideoloji bazası olan ümummilli ideologiyanın qərarlaşması üçün ən mühüm, həlledici şərtlərdəndir.

Azərbaycanda bu tipli problem   məsələlərdən biri və ən mühümlərindən biri 80-ci illərdən başlayaraq meydana çıxıb genişlənmiş milli demokratik hərəkat və onun təşkilati və ideoloji lideri olan AXC-yə, Əbülfəz Elçibəyə, həmin hərəkatın ilk yekun mərhələsi olan Elçibəy iqtidarına və onun yerinə gələn Heydər Əliyev iqtidarına münasibət məsələsidir. Bu tipli hadisələrə münasibəti xüsusilə ayırmaq səbəbsiz deyildir. Öz tipoloji parametrlərinə görə bunu, məsələn, əsrin əvvəllərində Azərbaycan cəmiyyətində milli hərəkat və kommunist-sosialist hərəkatlarına münasibətlə müqayisə etmək mümkündür. Lakin AXC-yə, Elçibəyə, Elçibəy iqtidarına münasibəti fərqləndirən onun bu gün mövcud olmasıdır. Deyək ki, 50 ildən sonra bu hadisəyə münasibət də əsrin əvvəlki hadisələr silsiləsinə daxil olacaqdır. Bu gün isə bu hadisələrin arxasında təkcə siyasi və mənəvi abstrakt ideyalar, dəyərlər, prinsiplər yox, hər şeydən əvvəl canlı, yaşayan, bioloji və fiziki varlıqların taleyi, onların yaşayış uğrunda mübarizəsi, bu mübarizəyə səfərbər olunmuş sosial və psixoloji enerjiləri durur. Yəni bu, sadəcə nəzəri və hətta, sadəcə ideoloji məsələ deyildir. Bu cəmiyyətin siyasi cəhətdən fəal kütləsinin əhəmiyyətli bir hissəsinin olum-qalım məsələsidir. Və şübhə etmək lazım deyil ki, onlar sona qədər vuruşacaqlar.  Hər şeydən əvvəl bu hadisənin arxasında duranlar gəncdirlər və məgər görmək çətindirmi ki, 10-15 il sonra Azərbaycanın siyasi simasını onlar müəyyən edəcəklər və söhbət təkcə liderlərdən getmir.

“Bu cəmiyyətin siyasi cəhətdən fəal kütləsinin əhəmiyyətli bir hissəsinin olum-qalım məsələsidir. Və şübhə etmək lazım deyil ki, onlar sona qədər vuruşacaqlar“

Belə görünə bilər ki, məsələn, bir sıra müxalifət liderlərinin etdiyi kimi passiv müdafiə vəziyyətində dözüb “növbəni” gözləmək hamı üçün ən ağıllı, zərərsiz yoldur. Ancaq bu sadəlövhlükdür. Çünki məhz bugünkü münasibətlər sistemi belə nikbinliyə əsas vermir. Bu günlərin siyasi sabitliyi şəksiz mütərəqqi haldır, böyük nailiyyətdir. Lakin çox təəssüf ki, bu nisbi bir sabitlikdir. Və belə bir sabitlik nisbi olmaya da bilməz. Çünki partlayış enerjisinin toplandığı proseslər zərərsizləşdirilməmişdir, ləngidilmişdir, konservləşdirilmişdir, sadəcə üstü örtülmüşdür….

(Bundan sonra çap variantında bir abzası senzura çıxarıb)

…Çünki cəmiyyətimizin ümumi siyasi mədəniyyət səviyyəsi, son illərin mənfi ənənələri, antiəliyevçi qüvvələrin onlara qarşı mənəvi, psixoloji, siyasi, fiziki təzyiqlər nəticəsində getdikcə daha artıq şəkildə revanşist – qisasçı ovqata tutulması açıq-aydın göz qabağındadır. Bu günkü iqtidar isə bu ovqatı görməyə bilməz. Və sabahkı gün üçün təhlükə, qorxu onu əleyhdarlara qarşı yeni-yeni təzyiqlərə təhrikləndirir və bu təzyiqlər tarixdə saysız dəfə müşahidə olunan nəticəyə – öz düşmənlərinin gücünü artırmağa aparır. Belə bir mübarizənin öz-özünü məhv mübarizəsi olduğu çoxdan sübut olunmuş bir həqiqətdir və bu barədə mübahisəyə girişmək belə artıq vaxt itirməkdir. Başa düşmək lazımdır ki, AXC, Elçibəy, Elçibəy iqtidarı real mahiyyətlərindən əlavə cəmiyyətin müəyyən bir hissəsi üçün özünüifadə, özünütəsdiq, özünüqoruma simvollarıdır. Simvolları isə ən ağır repressiyalar, ən məharətli ifşa-təbliğat kampaniyası, ən inandırıcı görünən fakt, sübut, dəlillərlə məhv etməyə girişmək ümidsiz bir işdir. O halda ki, bu simvollar gələcəyin bu günkü təzahürləri ola. Olsun ki, heç də ideal olmayan təzahürləri…

 

Məni bu gün öz gələcək labüd məğlubiyyətini hazırlayanların taleyi qətiyyən narahat etmir. Məsələ kiminsə qalib gəlməsində, ya kimlərinsə məğlub olmasında deyildir. Məsələ bizim dövlətə və millətə sosial -siyasi partlayışların gətirə biləcəyi fəlakətlərdədir. Cəmiyyətimizin siyasi şüurunun xəstə, psixoz vəziyyətindən çıxarılmasındadır. AXC, Elçibəy iqtidarı, Elçibəy kimi hadisələrə münasibət təkcə iqtidar-müxalifət prizması ilə məhdudlaşmır. Ümummilli rəyin formalaşması həm də və daha artıq  qeyri-iqtidar, qeyri müxalifət dairələri əhatə etməlidir. Çünki bu hadisələr hətta müxalifətdaxili qrup və ya ən sonda şəxsiyyətdə səviyyəsində, formasında  da müxtəlif cür mənalandırılır. Məsələn, xalq hərəkatının AXC-dən kənar (bunlar nə qədər azsaylı olsalar da, mövcuddurlar) xadimləri hərəkatı və AXC-ni bir-birindən ayırırlar. Sonradan AXC-dən və Elçibəydən ayrılanlar “hərəkatın idealları”nın kütlələr üzərindəki təsirinin itirilməsində Elçibəyi və yaxud onun ətrafını günahlandırırlar. AXC-nin AXC iqtidarında təmsil olunmayan nümayəndələri təmsil olunanları təqsirkar tuturlar və nəhayət, iqtidarda (Elçibəy iqtidarında) təmsil olunan bir xadim digərini günahkar kimi qələmə verməyə çalışır və s. və i.a. Onların hamısına bu və ya başqa məsələdə “səhv” etmək (məsələn, hadisələri keçmiş postkommunist məkanda baş verən qlobal proseslərdən kənarda təhlil etmək, faktları şüurlu olaraq saxtalaşdırmaq və s.) kimi qüsur xasdır. Mən demək istəmirəm ki, deyilənlərdə heç bir həqiqət olmur. Lakin bu “həqiqətlər” kontekstdən çıxarılaraq səhv mühakimələrə çevrilir və bunlar da sadəcə nəzəri səhvlər deyildir. Bu, “səhv”lərin arxasında həmin qrup və şəxslərin siyasi maraqlarını görmək elə də çətin deyil. Elçibəy tərəfdarlarının da bəziləri həm Elçibəy iqtidarı dövrünə bəraət (çünki bu onların mənafeyinə cavab verir), həm də onun əsas xadimləri barədə siyasi ölüm hökmü çıxarmaq kimi son nəticədə ümidsiz bir işə girişmişlər. Belə məsələlər də nizamlanmalıdır.

Lakin bu “həqiqətlər” kontekstdən çıxarılaraq səhv mühakimələrə çevrilir və bunlar da sadəcə nəzəri səhvlər deyildir. Bu, “səhv”lərin arxasında həmin qrup və şəxslərin siyasi maraqlarını görmək elə də çətin deyil“

Həm iqtidar, həm də müxalifət, müxalifətin ayrı-ayrı qrupları və liderləri bu məsələlərdə ortaq məxrəcə gəlməyi, daxili siyasi mübarizə kontekstindən çıxmağı, qrup və şəxsi mənafe fövqündə durmağı bacarmalıdırlar. Xalqımızın və dövlətimizin, hər birimizin gələcəyi bu tipli məsələlərin müsbət həllindən xeyli dərəcə asılıdır. Bizdə belə məsələlər çoxdur, lakin sonsuz deyildir. Onları müəyyənləşdirib ortaya qoymaq nəzəri cəhətdən elə bir çətinliklə bağlı deyil. Daxili psixoloji maneəni dəf etmək lazımdır. Bu problem çoxmövzulu, çoxtərəfli, çoxistiqamətli bir problemdir. Mən aşağıda yalnız konkret bir dövr 1993-cü ilin iyun hadisələri fonunda bu məsələnin həlli variantlarından birini vermək məqsədini qoymuşam.

4 iyun 1993-cü il hadisələri ilə bağlı Milli Məclisin deputat istintaq komissiyasına verilmiş və mətbuatda çap olunmuş izahatımda, ondan əvvəl, iyunun 7-də prezident aparatında, 8-9 iyunda Milli Məclisin iclaslarındakı çıxışlarımda həmin hadisələrin mahiyyəti, xarakteri, qiyamın iştirakçıları haqqında fikrimi və mövqeyimi bildirmişəm.

“Əliyevin Bakıya dəvət edilməsi addımının Elçibəy iqtidarı və və şəxsən Elçibəyin taleyi üçün neqativ nəticələri adi baxışda o qədər  qabarıq gözə çarpır ki, indi Elçibəy istisna olmaqla heç kəs dəvət məsuliyyətinin altına girməyə cəsarət eləmir“

Ümumiyyətlə, məni istər 4 iyun hadisələri, istərsə də digər məsələlərlə bağlı rəsmi dairələrin, orqanların ittihamları yox, məruz qaldığımız uğursuzluğun, məğlubiyyətin anlamı, izahı və yozumu məsələsi daha çox narahat edir. Təsadüfi deyil ki, AXC və Elçibəy iqtidarında tərəfdarları tamamilə qanunauyğun və haqlı olaraq 4 iyun Gəncə hadisələrinin mahiyyəti, xarakteri ilə yanaşı (burda onlar üçün qaranlıq cəhət yoxdur və bu barədə polemika siyasi əleyhdarlarla, izahat isə ictimaiyyət üçün aparılır) bu hadisələrdə bizim məğlubiyyətimizin, qiyam qarşısında acizliyin, qiyama ləyaqətli hərbi və çevik siyasi müqavimət göstərilməməsinin səbəbləri və təqsirkarları məsələsini qoyurlar. Səbəb və nəticə əlaqələri baxımından 4 iyuna qədərki dövr nə qədər mühüm olsa da, bu günlə bağlılıq baxımından 04-18 iyun dövrü hadisələrinə münasibət daha çox aktuallıq kəsb etməkdədir və bu dövrün də ən mübahisə doğuran hadisəsi, Elçibəy iqtidarı rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi məsələsidir. Bu addımın AXC və onun əsaslandığı ideologiya, Elçibəy iqtidarı və bu iqtidarın apardığı siyasi kurs həmin iqtidara daxil olanların və şəxsən Elçibəyin taleyi üçün neqativ nəticələri adi baxışda o qədər  qabarıq gözə çarpır ki, indi Elçibəy istisna olmaqla heç kəs bu dəvət məsuliyyətinin altına girməyə cəsarət eləmir. 4 iyun tarixə çevrilib uzaqlaşdıqca, o vaxt bir çox qəlbləri doldurmuş Surət Hüseynov xofu çəkildikcə, Heydər Əliyev möcüzəsinə mifik inam ayazıyıb reallıqla, bir çoxlarında həm də məyusluqla əvəzləndikcə bəlkə o vaxt başqa cür edilsəydi, daha yaxşı olardı gümanı özünə yer tapır və yayılır. Mənim fikrimcə, güman olan və güman olduğu dərəcədə də mübahisəli olan belə mülahizələr ya fakt və məntiqlə əsaslandırılıb əminliyə çevrilməli, ya da əsassız sayılıb kənara qoyulmalıdır. Əks təqdirdə davam etməkdə olan siyasi proseslərdə (o cümlədən müxalifətdaxili siyasi mübarizədə) onun zərərli nəticələri getdikcə artacaqdır (məsələn, Elçibəyə qarşı bəzi keçmiş tərəfdarların mətbuatda tənqidi bu zərərli nəticələrin təzahürüdür). Mən də öncə bu məsələyə toxunmaq istəyirəm.

(Ardı var)

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın