Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Özəl klinikaların “möcüzəvi aparat”ları

Özəl klinikaların “möcüzəvi aparat”ları

-Bu aparat qurdu dəqiq müayinə edir. Hansı qurd olduğunu, bədənin hansı orqanında yuva saldığını göstərir. Aparatın diaqnozundan sonra xəstəni başqa müayinələrə yönəldirik.

-Bəs bu aparat başqa hansı xəstəlikləri müayinə edir?

-Orqanizmdəki bütün xəstəlikləri göstərir. Ötən həftə bir kişi gəlmişdi. Aparat onun ürəyində problem olduğunu göstərdi. Xəstə ürəyini yoxlatdıranda infarkt mərhələsində olduğunu bilib. Zob xəstəliyi varsa, onu da bildirir. Bundan sonra dəqiqləşdirmək üçün analizə göndəririk. Uşaqlarda beyindaxili problem, qaraciyər, böyrək xəstəliklərini müəyyən edir…

…Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbər küçəsində yerləşən “Andromed” tibb mərkəzinin Sənəm (soyadını açıqlamaq istəmədi-müəl.) adlı həkimi işlətdiyi aparatın möcüzələrini belə vəsf edir.

Amma bu “möcüzəvi aparat” haqda bir qədər sonra məlumat verəcəyik. Hələliksə iki il əvvələ qayıdaq.

Yəqin çoxları xatırlayır, 2013-cü ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda fəaliyyət göstərən bir sıra özəl tibb klinikalarının əməkdaşlarını həbs etmişdi. Səbəb isə xəstələrin müayinə və müalicə adı ilə aldadılması idi.

DİN-in o zaman yaydığı məlumatda bildirilirdi ki, Yasamal rayonunda yerləşən “İmedis” klinikasına  müraciət edənlərə parazit qurd diaqnozu qoyublar. Bundan sonra xəstələr “İmedis Ekspert” aparatı ilə 7 seans biorezonans müalicə keçiblər. 160-300  manat xərcə başa gələn müalicədən sonra isə təkrar analizlər zamanı həm diaqnozun, həm də müalicənin yanlış olduğu üzə çıxıb. Nəticədə onlarla vətəndaş aldadılıb, onların pulu mənimsənilib.

Onu da xatırladaq ki, DİN-in bu araşdırmasından dərhal sonra Səhiyyə Nazirliyi “möcüzəvi aparat”larla bağlı xüsusi toplantı keçirmişdi. Hətta bu cür aparatlarla diaqnoz qoyan klinikalara sərt cəzalar veriləcəyi ilə bağlı xəbərdarlıq da olunmuşdu.

Nazirliyin həmin qadağaları hələ də qüvvədədir. Amma təəssüf ki, bəzi özəl klinikalar “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır” prinsipi ilə işləyir.

Virtualaz.org saytı “möcüzələr yaradan” bu aparatla bağlı araşdırma aparıb.

Öncə redaksiyamıza edilən müraciət haqda. Virtualaz.org saytının redaksiyasına müraciət edən Bakı şəhər sakini Nizami Babayev bildirib ki, oğlu Elvini baş ağrısı, qarın nahiyəsində sancılarla ərazi üzrə poliklinikaya aparıb: “Həkim qurddan şübhələndiyini söylədi. Bizi “Andromed” klinikasına göndərdi. Dedi ki, həmin klinikada aparatla qurdu dəqiq müayinə edə bilirlər. Biz də həmin klinikaya getdik. Sonradan həmin aparatın yalan diaqnoz qoyduğunu öyrəndim. Təəssüf ki, həkimlərin yalnız pul qazanmağa hesablanan məxfi işbirliyi nəticəsində övladıma yanlış diaqnoz qoyuldu”.

Biz də adıçəkilən klinikaya zəng vuraraq aparatla müayinədən keçmək istədiyimizi bildirdik. Klinikanın qeydiyyat şöbəsindən “xəstə çoxdur, əvvəlcədən növbəyə yazılmalısınız” cavabını aldıq.

Bəlli oldu ki, hər gün səhər saat 10-dan günorta saat 13-dək klinika xəstə ilə “dolub-daşır”. Vaxt və pul itkisinə yol vermək istəməyənlər isə 40 manat ödəməklə növbədə qabağa düşür.

Doğrudur, biz klinikada olan müddətdə xəstəyə rast gəlmədik. Amma Sənəm həkim hər gün onlarla xəstəni müayinə etdiyini dedi: “Bu aparat mənim köməkçimdir. Mən aparatsız da diaqnoz qoya bilərəm, lakin dəqiq diaqnoz üçün bundan istifadə edirəm”.

Söhbət uzunluğu təxminən 50-60 santimetr olan aparatdan gedir. Alətin bir ucu qola bağlanır, digər ucu isə qulağa taxılır. Bundan sonra alət bədənin bütün orqanlarını tək-tək incələyir. Deyilənə görə, kiminin böyrəyindəki daşı, başqa birisinin ürəyindəki problemi göstərir. Yəni müxtəlif analizlərdən keçməyə ehtiyac qalmır – nə vaxt itkisi, nə də pul sərf olunur.

Onu da qeyd edək ki, həkim aparatla bağlı əlavə məlumatlar verməkdə xəsislik etdi. Məsələn, aparatın hansı ölkədə istehsal olunduğu, onu istehsal edən firma, funksiyaları, hətta adı gizli saxlanıldı. Təbii ki, aparatın şəklini çəkmək də qadağandır: “Əksər klinikalarda bu var. Bu, alternativ diaqnoz üsuludur. Gedib o klinikalardan öyrənərsiniz”.

Onu da öyrəndik ki, bu aparatdan keçmək üçün xəstələri klinikaya əsasən dövlət xəstəxanalarında, poliklinikalarda çalışan həkimlər göndərirlər.

“Möcüzəvi aparat”la bağlı nədənsə internetdə də məlumat tapa bilmədik.

Müraciət etdiyimiz dövlət və özəl klinikaların əksəriyyətindən də belə aparatın varlığından xəbərsiz olduqlarını dedilər. Yalnız “Modern” hospitalında hələ də “İmedis” aparatı ilə qurdu müəyyənləşdirdiklərini söylədilər.

“Lider” klinikasının reklamında isə göstərilir ki, ümumi orqanizmi və orqanizmdəki qurd parazitlərini müayinə etdirmək üçün aparatın köməyindən istifadə edilir: “Siz orqanizminizi müayinə etdirmək istəyirsinizsə, bunun üçün külli miqdarda pul xərcləməli olacaqsınız. Lakin bonuslar.az saytı sizin işinizi asanlaşdıracaq. “Lider” klinikasında fəaliyyət göstərən peşəkar həkimlər “Lidomed-Bio” aparatı vasitəsilə ümumi orqanizminizi və orqanizminizdə olan qurd parazitlərini müayinə etməklə sizə dəqiq diaqnoz verəcəklər.

Bonuslar.az sertifikatı ilə siz “Lider” klinikasında “Lidomed-Bio” aparatı vasitəsilə ümumi orqanizmin və orqanizmdə olan qurd parazitlərinin müayinəsinə 75 faiz endirim əldə edirsiniz – 60 AZN əvəzinə cəmi 15 AZN”.

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Səhiyyə Nazirliyi isə xəbərdarlıq edir ki, bu cür müxtəlif naməlum aparatlarla müayinə və müalicəyə icazə verməyib. Yəni nazirlik “möcüzəvi aparat”ların müayinəsini qəbul etmir.

Ölkənin baş pediatrı Nəsib Quliyev də virtualaz.org saytına aparatlarla müayinə və müalicə metodunun  kliniki tibbi sınaqdan keçirilmədiyini, bu müayinə və müalicə üsulunun öz kliniki təsdiqini tapmadığını dedi: “Səhiyyə Nazirliyinin belə aparatlarla bağlı qərarı olmuşdu. Biz də vətəndaşlardan ehtiyatlı olmalarını istəmişdik. Parazitləri müəyyənləşdirmək üçün analiz vermək kifayətdir. Belə çıxır ki, indi hərə bir aparat almaqla bütün xəstəliyini öyrənə bilər. Valideynlər bilməlidir ki, bunlar qazanc əldə etmək üçün edilir. Bəzi özəl klinikalar yalnız gəlir əldə etmək üçün bu cür yollara əl atırlar. Hər kəs bilməlidir ki, uşaqlar qazanc mənbəyi olmamalıdır”.

…Görəsən, “özələm” deyib “burada mən, Bağdadda kor xəlifə” prinsipi ilə işləyən klinikalara ehtiyac varmı? Yoxsa onlara qarşı daha sərt cəzalar həyata keçirmək üçün nələrisə qurban vermək lazımdır?

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın