Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “O villaları sökməyin, bizə verin…”

“O villaları sökməyin, bizə verin…”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sökülən villalarla bağlı təklif verib. Təşkilatın rəhbəri bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.

Bu barədə virtualaz.org saytına təşkilatın sədri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, o, dövlət başçısına müraciətində villaların sökülməməsini, onlardan qadınlar üçün sığınacaq evi kimi istifadə olunmasına göstəriş verilməsini xahiş edib: “İl ərzində yüzlərlə qadın məişət zorakılığına məruz qalır. Bəzilərinin həyatı təhlükədə olduğu üçün sığınacaq evinə yerləşdirilməsinə ehtiyac yaranır. Lakin məişət zorakılığından zərərçəkmiş qadınlar üçün sığınacaq evlərinin sayı məhduddur. Buna görə də bu villalar dövlətin balansında saxlanılmaqla sığınacaq evi kimi istifadəyə verilə bilər. Bizim təşkilata müraciət edən qadınları yerləşdirməkdə çətinlik çəkirik. Buna görə də ölkə başçısına müraciət edərək villaların sosial evlər kimi QHT-lərin istifadəsinə verilməsini xahiş etmişik. Təbii ki, son qərarı ölkə başçısı verəcək”.

Mehriban Zeynalova

M.Zeynalova onu da qeyd etdi ki, təklif sosial mediada müzakirəyə çıxarılıb və dəstəklənib. Hətta bandan sonra sahibi bəlli olmayan və qanunsuz inşa edilən villalarla bağlı təşkilata məlumatlar göndərilir: “Sulutəpə ərazisində belə villalar var. Həmin villalardan biri sığınacaq kimi istifadəyə verilərsə, təşkilatımız yenə də bu qadınlara könüllü xidmət göstərəcək”.

Qeyd edək ki, il ərzində “Təmiz Dünya” təşkilatına 400-dən çox qadın müraciət edir. Ötən il 170 qadın sığınacaqda yerləşdirilib. Onlardan ikisi insan alverinin qurbanı olub.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın