Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Nazir Ziya Məmmədovun müavini həbs oluna bilər

Nazir Ziya Məmmədovun müavini həbs oluna bilər

Nəqliyyat şefinin çevrəsində şok əməliyyat gözlənir; Cavid Qurbanovun dəmir yolundakı vəziyyət haqda ölkə rəhbərliyinə məruzəsindən sonra Arif Əsgərovla bağlı araşdırmalara başlandığı iddia edilir; Məmmədov-Əsgərov cütlüyü bir neçə milyardlıq investisiya pulunu, milyonlarla büdcə vəsaitini talan etməkdə suçlanır…

Bu il fevral ayının 9-da prezident İlham Əliyev sərəncamla Cavid Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin etdi. Buna qədər həmin vəzifəni Arif Əsgərov tuturdu.

Prezidentin digər sərəncamı ilə A.Əsgərov nəqliyyat nazirinin müavini təyin olundu. Həmin vaxt əksər ekspertlər bildirirdi ki, onu Ziya Məmmədova müavin qoymaqla həm könlünü alıblar, həm də həbsdən qurtarıblar. 
 
Düz 2 ay öncə baş tutan bu yerdəyişmə zamanı A.Əsgərovun həbsini şərtləndirən səbəblər barədə media yazdı. Amma çox dərinə gedilmədi. İndi isə üstündən 2 ay keçib və dəmir yolu təsərrüfatında ciddi problemlərin ortaya çıxdığı məlum olub. 
Haşiyə
“Yeni Müsavat” qəzeti son illər “Azərbaycan Dəmir Yolları” QSC-dəki korrupsiya faktları haqda ardıcıl araşdırma yazıları dərc edib. Həmin yazılarda bu sahədəki tükürpədən korrupsiya, yeyinti faktları detalları ilə göstərilib. Məsələn, 2012-ci ilin mart ayında (3 il bundan öncə) “Yeni Müsavat”ın iqtisadiyyat şöbəsinin hazırladığı yazıda belə bir fakt öz əksini tapmışdı. Sitat: “…2005-2011-ci illərdə Dövlət İnvestisiya Proqramı çərçivəsində ”Azərbaycan Dəmir Yolları” QSC-yə 642 milyon 159 min manat sərmayə yatırılıb”.
Həmin tarixə olan məlumata görə, xarici kredit təşkilatlarından QSC-yə ayrılan vəsait isə 2 milyard dollara yaxın olub. Son 3 ildə dəmir yoluna büdcədən milyonlarla manat vəsait yatırılıb. Xarici sərmayəni də bunun üstünə gəldikdə olduqca ciddi vəsait alınır. Bütün bunlara rəğmən, bu gün dəmir yolunda vaqon parkını ötən əsrin 60-70, ən yaxşı halda 80-ci illərində istehsalı olunmuş vaqonlar təşkil edir. Elektrovoz parkında vəziyyət daha acınacaqlıdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin parkındakı elektrovozların mütləq əksəriyyəti 1950-ci illərdə istehsal olunub və istismar müddətini artıq çoxdan başa vurub. Amma hələ də yüzlərlə sərnişinin əyləşdiyi qatarları 60-65 ilin elektrovozları çəkib aparır…
Dəmir yolu xətlərinin də vəziyyəti ürəkaçan deyil. Hər il dəmir yolunda xeyli qəzalar olur. Mediada vaxtaşırı yük qatarlarının qəzaya düşməsi haqda xəbərlər oxuyuruq. Günün birində sərnişin qatarlarının da dəhşətli qəza keçirəcəyinə kim qarantiya verə bilər? Sıradan çıxmış dəmir yolu xətləri ilə yarım əsrdən çox yaşı olan elektrovozlara qoşulmuş köhnə, istismar müddəti bitmiş vaqonların sağ-salamat mənzil başına gedib çıxması əslində möcüzə sayılmalıdır”.
*   *   *
Dəmir yolu təsərrüfatı Nəqliyyat Nazirliyinin tabeliyindədir. Bu təşkilata uzun illər Ziya Məmmədov rəhbərlik edib. 2002-ci ildə Nəqliyyat Nazirliyi təsis olunduqdan sonra Z.Məmmədov nazir təyin olundu. Arif Əsgərov isə onun boşalan köhnə vəzifəsinə gətirildi. A.Əsgərovun bu posta təyinat almasında Z.Məmmədovun müstəsna xidmətinin olduğu şübhəsizdir. Çünki onlar uzun illərin dostudurlar. Z.Məmmədov uzun illər dəmir yolu kimi yağlı tikəni, korrupsiya ocağını öz nəzarətində A.Əsgərovun vasitəsilə saxlaya bildi.
Amma iddialara görə, indi vəziyyət dəyişib. Son 2 aydır ki, nəqliyyat naziri bu yağlı tikədən məhrum edilib. Nəinki məhrum edilib, bu sahə ona ciddi problemlər yaratmaqdadır.
Bu haqda “Yeni Müsavat”ı bilgiləndirən mənbə iddia edir ki, prezident İ.Əliyev Cavid Qurbanova dəmir yolu təsərrüfatında ciddi dönüş yaratmaq haqda tapşırıq verib. C.Qurbanov isə QSC-yə sədr təyin olunduqdan sonra yoxlamalar aparıb, invertarlaşma işlərinə başlayıb. Və məlum olub ki, müstəqillik qazanandan üzü bəri Azərbaycan nə yeni elektrovoz alıb, nə vaqon parkı yenilənib. Bu azmış kimi, əsaslı təmiri üçün hər il büdcədən milyonlarla manat ayrılan dəmir yolu xətləri də bərbad gündədir.
Mənbənin dediyinə görə, C.Qurbanov üzləşdiyi mənzərə haqda ölkə başçısına məruzə edib. O, prezidentə yazılı və şifahi hesabat verib. Korrupsiya faktları barədə detalları dövlət başçısının nəzərinə çatdırıb. Qaynağımız onu da bildirib ki, bundan sonra İ.Əliyev C.Qurbanova tapşırıq verib ki, Nəqliyyat Nazirliyinin rəhbər şəxslərindən, xüsusilə də Ziya Məmmədovdan heç bir tapşırıq almasın. Cavid Qurbanova “birbaşa prezidentlə işləmək” imkanı tanınıb.
Redaksiyamıza çatan məlumatda deyilir ki, ölkə rəhbərliyi C.Qurbanovun hesabatından sonra Arif Əsgərovla bağlı araşdırmaların aparılması barədə qəti göstəriş verib. Onun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğu dövrdəki fəaliyyətinin yoxlanması haqda aidiyyəti dövlət qurumlarına tapşırıq verildiyi də gələn məlumatlar sırasındadır. 
*   *   *
Bu fakt son illər kifayət qədər şişmiş, güclənmiş Ziya Məmmədovun da “vurulmasına”, sözün siyasi və iqtisadi mənasında, budanmasına kömək edə bilər. Çünki A.Əsgərov doğrudan da əgər korrupsiyaya yol veribsə, yeyinti edibsə, dövlət vəsaitini talayıbsa, nazirin bilgisi və razılığı olmadan bunu edə bilməzdi.
Son aylar Z.Məmmədovla bağlı gedən proseslər deməyə əsas verir ki, onun perspektivi heç də yaxşı görünmür. Belə çıxır ki, dostu və müavini A.Əsgərovla birlikdə yaxın vaxtlarda korrupsiya qatarının altına düşüb xurd-xəşil ola bilərlər.

 

Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …

Bir cavab yazın