Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Nazirə şeir yazan şairə SƏRT SÖZLƏR

Nazirə şeir yazan şairə SƏRT SÖZLƏR

Moderator.az yazıçılara “Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, istedadlı şair Vaqif Bəhmənlinin öz naziri Əbülfəs Qarayevə şeir həsr eləməsini necə qiymətləndirirsiniz?“ sualı ilə müraciət edib. Cavabları təqdim edirik:

Azad Qaradərəli: “Şeiri ayağının altına qoyub nərdivan kimi istifadə eləməkdir bu. Daha ayrı adı yoxdur. “Dilinə  qurban” kimi ifadələr var şeirdə. Bu şairi də, şeiri də gözdən salmaqdır. Ədəbi gənclik var axı, onlar da baxırlar və düşünürlər ki, 60 yaşlı şair belə edirsə, demək yaşamağın bircə yolu var bu ölkədə: nazirlərə, icra başçılarına, prezidentə şeir yaz və səni irəli çəksinlər. Vallah bu etik cəhətdən yolverilməzdir”.

Firuz Mustafa: “Vaqif hələ həyalısıdır, bir az utana-utana tərifləyir… Məmləkətimiz elə də böyük deyil. Az qala hamı, hər halda özünü ziyalı hesab edənlər, lap elə qələm adamları bir-birini yaxşı tanıyır. Kimin kim olduğu məlum. Qısaca bunu demək olar: bizim bir çox “ziyalıların” əksəriyyətinin çörəyi gedəni tənqid, gələni tərif etməkdən çıxır. Mən belə hesab edirəm ki, yaltaqlıq insanın ən müdhiş mənəvi xəstəliklərindən biridir. Özü də yolxucu xəstəlikdir- cavan adamlar da yaltaq qocalarla təmasda olanda bu xəstəliyə yoluxa bilər. Mənim yaltaqlar haqda monopyesim də var. Rəhmətlik Yaşar Nuri oynamaq istəyirdi. Nəsə teatr yaxın qoymadı… Axı elə teatrlar da bu cəmiyyətin bir parçasıdır”.

Şərif Ağayar: “Vaqif Bəhmənli istedadlı qələm adamlarından biri olub. Ancaq Azərbayacanın əksər istedadlı qələm adamları kimi həqiqət və maddi təminatlar seçiminə gələndə birmənalı şəkildə ikincini seçib. Seçib və hər şey bitib. Mən bu şeirə təəccüblnmirəm. Başqa nə yazmalıdır ki? Maddi təminat və şöhrət dalınca düşən yaşlı bir şair öz nazirini tərifləyəcək də. Çünki belə görüb, belə mənimsəyib və onun üçün belə rahatdır. Uğurlar və can sağlığı arzu edirəm”.

Cəlil Cavanşir: “Vaqif Bəhmənlinin şeiri haqqında fikirlərim çox yüksəkdir. Qocaman şairimiz nəhayət ki, öz poetik həqiqətini gec də olsa tapıb. Min illərdir poeziya məhz bu poetik həqiqəti axtarır. Əgər möhtərəm nazir etdiyi yaxşılıqlara görə daha pislik etməyi məqbul sayırsa və bu incə məqamı Vaqif müəllim tuta bilirsə, nə gözəl. Üzü qibləyə oxunmalı, gənclərə təbliğ olunmalı poetik pıçıltılar, poetik vulkan deyərdim bu şeirə. Hələ də yadıma salanda göz yaşlarıma hakim ola bilmirəm. İlahi, insan bu yaşda necə nirvanaya çata bilər? Müdhişdir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın