Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Müxalifət “manatın devalvasiyası dərsi”ndən “2” aldı, imtahandan kəsildi

Müxalifət “manatın devalvasiyası dərsi”ndən “2” aldı, imtahandan kəsildi

Manatın devalvasiyası ölkədə ictimai əhval-ruhiyyəni ciddi şəkildə dəyişib. İndi ölkənin əsas ictimai müzakirə mövzusu manatın devalvasiyasından sonra ölkənin vəziyyətinin necə ola biləcəyi ilə bağlıdır. Mətbuat və sadə vətəndaşlar sosial şəbəkələrdə bu mövzunu geniş şəkildə müzakirə edirlər. 
Bəli, vəziyyət kifayət qədər ciddidir. Və real situasiyanın tam çılpaqlığı ilə ortaya çıxması üçün hələ bir qədər də zamana ehtiyac var. Böyük ehtimalla həmin ehtiyac duyulan zaman vətəndaşa dəyən zərbənin ağırlığını təsəvvür etmək imkanları açacaq.
Ancaq təəssüfləndirici bir önəmli məqam da var. Belə ki, ölkədə yalnız ictimai əhval-ruhiyyə dəyişib. Siyasi əhval-ruhiyyə isə elə əvvəlki kimi qalıb. Sanki ölkədə heç nə baş verməyib. Baş veribsə də, bütün bunların siyasətə heç bir dəxli yoxdur.
Məsələn, hakimiyyətin iqtisadi komandası böyük israrla susmağa üstünlük verdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov istisna olmaqla, hakim dairələrin təmsilçiləri bütün gün ərzində ölkədə baş verənlərə reaksiya həvəsi göstərmədilər. Halbuki normalda hökumət rəsmilərinin manatın son bir ildə ikinci sarsıdıcı devalvasiyasına izahı olmalıydı. Azərbaycan vətəndaşlarına baş verən olayın səbəbləri və mümkün nəticələri barədə inandırıcı açıqlamalar verilməliydi. Eyni zamanda, hökumətin mövcud vəziyyət və gözlənilən situasiyalarla bağlı planlaşdırdığı sosial-iqtisadi addımlar, hazırladığı proqramlar barədə məlumatlar verilməliydi.
Əlbəttə ki, bütün bunların heç birisi olmadı. Görünür, hökumət atdığı addımın sarsıdıcı zərbələrindən vətəndaşları müdafiə etmək üçün sosial plana, iqtisadi proqrama malik deyil. Ola bilsin ki, hökumət həm də devalvasiyadan sonrakı ictimai proseslərin müşahidə edilməsinə də ehtiyac duyur. Və ümumiyyətlə, hökumət üçün bu mövzuda indi danışmaq o qədər də sərfəli deyil.
Ancaq mövcud situasiyada hökumətin davranışlarından daha çox təəccüb doğuran məhz müxalifətin susqunluğudur. Və bunu anlamaq çox çətindir. Çünki manatın devalvasiyasına hökumət qərar verdiyi üçün hakim dairələr bu barədə susmaqda və mümkün qədər zaman qazanmağa cəhd göstərməkdə maraqlıdır.
Halbuki eyni fikirləri müxalifət barədə söyləmək mümkün deyil. Çünki belə situasiyalara çevik reaksiya vermək müxalifət düşərgəsinin siyasi borcudur. Yəni hər bir ölkədə müxalifət ona görə olmalıdır ki, sadə vətəndaşların maraqlarını ifadə etsin. Hökumətin yanlış addımlarını təhlil və tənqid etmək, eyni zamanda daha doğru yolun göstərilməsi müxalifət düşərgəsinin əsas fəaliyyət hədəfi olmalıdır.
Ola bilsin, bəziləri etiraz edəcəklər ki, manatın ucuzlaşdırılması barədə qərarı hökumət verib, ancaq müxalifət ittiham olunur. Halbuki belə etirazlar tamamilə yersizdir. Çünki əgər müxalifət, doğrudan da müxalifətdirsə, onda öz borcunu mütləq yerinə yetirməlidir.
Ən əsasısa, hökumət vətəndaşların maraqlarına zərbə vuran addımları atmağa o hallarda belə rahatca cəsarət edir ki, ölkədə ya ümumiyyətlə, müxalifət olmur. Və ya da müxalifət o qədər zəif olur ki, hakim dairələr öz fəaliyyət funksiyalarını yerinə yetirə bilməyən bu düşərgənin mövcudluğuna sadəcə, “əlini yelləyir”, onun təsirinə əhəmiyyət belə, vermir.
Yəni heç kim yaxasını kənara çəkməməlidir və etiraf edilməlidir ki, ölkənin indiki vəziyyətinə görə hökumətlə yanaşı, öz fəaliyyət funksiyalarından uzaq düşən müxalifət də siyasi və mənəvi-psixoloji məsuliyyət daşıyır. Bu məsuliyyəti qəbul etməyənlər isə xalq hörmət əlaməti olaraq, müxalifət düşərgəsindən çəkilməli və bacardıqları işlərlə məşğul olmalıdırlar.
İndi bir məsələ də çox maraqlıdır. Sadə əhalinin sarsıdıcı maliyyə zərbəsi aldığı bir gündə buna axşama qədər heç bir reaksiya verməyənlər seçkilərdə vətəndaşlardan hansı mənəvi haqla səs istəyəcəklər. Axı, bu xalq çətin günündə əhalini dəstəkləməyənlərin arxasınca niyə getməlidir ki..? Xalqın kiməsə, əvəzsiz dəstək borcumu var?
Təbii ki, bu gün baş verənlər müxalifət düşərgəsi üçün növbəti bir imtahan idi. Və müxalifət düşərgəsi növbəti dəfə “2” aldı, imtahandan kəsildi, sinifdə qaldı. İndi özünüz qərar verin, bu ölkəyə sinifdə qalan müxalifət lazımdırmı və xalqa fayda verə bilərmi?

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …

Bir cavab yazın