Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Müharibə olsa, xanım jurnalistlər tibb bacısı kimi cəbhəyə gedərlərmi?

Müharibə olsa, xanım jurnalistlər tibb bacısı kimi cəbhəyə gedərlərmi?

İki günlük Qarabağ savaşı, əsgərlərimizin şəhid olması müqabilində iki kəndin və önəmli döyüş mövqelərinin ələ keçirilməsi cəmiyyətdə ruh yüksəkliyi yaradıb. Hətta yaxın zamanlarda müharibənin başlayacağını söyləyənlər, könüllü döyüş bölgəsinə getməyi arzulayanlar da az deyil. 
Azərbaycan cəmiyyəti sakit günlərdə vətənpərvərlik ruhunu hiss etdirməsə də, Qarabağda kiçik bir tərpəniş zamanı bütünlüklə ayağa qalxmağa hazırdır. Bəs, görəsən Azərbaycan qadınları müharibə olacağı təqdirdə, tibb bacısı kimi cəbhəyə getməyə hazırdırmı?
Musavat.com bu sualla jurnalist qadınlara, mediada təmsil olunan zərif cinsin nümayəndələrinə müraciət edib.
Teleqraf.com və Publika.az saytlarının baş redaktoru Aynur Camal sorğumuza  cavab olaraq bildirdi ki, lazım gəlsə, təkcə tibb bacısı kimi deyil, əsgər kimi döyüşə də getməyə hazırdır.
 
Teleaparıcı İlhamiyyə Rza isə tibb bacı kimi getməyə hazır olduğunu vurğuladı: “Kursa ehtiyac yoxdur. Mənim hərbi biletim var. Əlbəttə, gedərəm. Həm də bu mənim bacardığım işdir”.
Lent.az saytının müxbiri Vüsalə Məmmədova ilkin tibbi yardımı bacardığını və düşünmədən döyüş bölgəsinə yollanacağını dedi: “Kurs keçməyə gərək yoxdu, anam həkim olduğu üçün ilkin tibbi yardımı demək olar ki, bilirəm. Düşünmədən gedərəm. Dünən hətta evdə bacımla bunu müzakirə edirdik”.
 
İTV-nin aparıcısı Vəsilə Vahidqızı döyüşdə həm əsgər kimi, həm də tibb bacısı kimi iştirak edə biləcəyini bildirdi: “Mən hər şeydən əvvəl qarabağlıyam və istənilən halda Qarabağa gedərdim. Çəkilişə də, döyüşə də, tibb bacısı kimi də…”
Publika.az saytının müxbiri Gülxar Şərif həm jurnalist, həm də tibb bacısı kimi cəbhə xəttinə getməyə hazır olduğunu qeyd etdi: “Məncə, bunu soruşmağa belə, ehtiyac yoxdur. Birincisi, jurnalist kimi getmək istərdim. Əlbəttə, ehtiyac olduğu halda, tibb bacısı kimi də gedərdim”.
“Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray da könüllü olmağa hazırdır: “Şəxsən mən çağırışı böyük səbirsizliklə gözləyirəm. Amma orada tibb bacısı kimi deyil, döyüşçü kimi xidmət göstərməyi arzulayıram. Yəqin ki, tibb bacısı kimi kurs keçib, cəhbəyə gedənlər çox olacaq”.
Lent.az saytının müxbiri Ləman Mustafaqızı isə müharibəyə getmək imkanının olmadığını ifadə etdi:“Ehtiyatda olan tibb bacısıyam. Diplomum da var. Müharibə 24 il əvvəl başlayıb. Təkrar alovlanarsa, “gedərəm” desəm, pafoslu çıxar. Ana olmağa hazırlaşıram. Müharibə olarsa, gedə bilməyəcəm. Mənim əvəzimə qardaşım ön cəbhədə döyüşür”.
Jurnalist Sevinc Fədai isə psixoloji baxımdan hazır olmadığını qeyd etdi: “Yaralı, qan içində olan adamın fotosunu belə, görmək mənim halımı pisləşdirir. Emosional insanam, yaralı əsgəri görüb ağlaya, özümdən belə, gedə bilərəm. Ona görə də yararlı olmayandan sonra cəbhəyə gedib, problem yaratmağım heç kimə lazım deyil. Hər kəs faydalı ola biləcəyi yerdə gərəklidir”.
“Bakı Universiteti” qəzetinin baş redaktoru Anzulə Əmirova orduya əlindən gələn yardımı edəcəyini dedi:“Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olması hər birimizi çox sarsıdıb. Təbii ki, belə bir ehtiyac olarsa, heç düşünmədən iştirak etməyə razılıq verərdim. Çünki Vətən uğrunda, ordumuza yardım məqsədi ilə haqqımız olanı geri qaytarmaq naminə birlik nümayiş etdirməli, əlimizdən gələn yardımı əsirgəməməliyik”.
Teleqraf.com saytının müxbiri Naibə Qurbanova isə jurnalist fəaliyyəti ilə cəmiyyətə verəcəyi faydaları daha üstün tutdu: “Getmək istəyərəm və gedərəm də… Amma övlad böyüdən bir ailə qadını olaraq, hər şey heç də mənim arzu və istəklərimdən asılı deyil. Pafos nümayiş etdirib, birmənalı şəkildə “gedərəm” deməklə yalan söyləmiş olaram. Hesab edirəm ki, jurnalistikadakı fəaliyyətim elə cəbhədə edə biləcəklərimə adekvatdır”.
Sonda bu sətirlərin müəllifi olaraq deyə bilərəm ki, mən ilk növbədə jurnalist olaraq ölkəmizin informasiya savaşında qalib gəlməsi üçün əlimdən gələni etməyə və ehtiyac olarsa, jurnalist kimi cəbhə xəttinə getməyə hazıram. Lakin hazırda tibbi biliklərim yetərincə deyil. Ölkəmizdə tibb bacısı yetişdirən kurslar kifayət qədər deyil. Düşünürəm ki, müharibə şəraitində olan bir ölkə kimi gənclər üçün hərbi hazırlıq kursları, gənc xanımlar üçün tibb bacısı kursları təşkil edilməlidir. Əsgərlərimiz, xüsusən də, cəbhə bölgəsinə göndərilənlər hərbi xidmətə psixoloji və texniki biliklər baxımından hazır şəkildə yola düşməlidirlər. Qadınlar isə ehtiyatda olan bir tibb bacısı kimi yetişməlidir.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …

Bir cavab yazın