Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Mir Şahinin 79 minlik qələbəsi…

Mir Şahinin 79 minlik qələbəsi…

Bu gün Səbail Rayon Məhkəməsi MTRŞ-nin 13.10.2015-ci il tarixli 10/4 və 10/6 saylı qərarlarını ləğv edib.

“ Azinforum.az ” ınn ans press-ə istinadən məlumatına görə, söhbət MTRŞ-nin 05.10.2015-ci il tarixində ANS-ə 54 min manat və 13.10.2015-ci il tarixində isə 25 min manat məbləğində cərimə etməsi ilə bağlı qərarlarından gedir. Məhkəmə Milli Televiziya və Radio Şurasının qərarlarını ləğv edib.

Qərarla bağlı ANS MYMŞ-nin Baş Direktoru Mir Şahin Ağayev ans press-in suallarına cavab verib.

Bu gün məhkəmədə uddunuz… Qələbəni gözləyirdiniz?

– Əvvəla onu deyim ki, biz bu hadisəni ilk növbədə Azərbaycanda demokratiya və söz azadlığının qələbəsi, Prezident İlham Əliyevin apardığı qanun və ədalət siyasəti nəticəsində ölkədə mövcud olan hüquqi islahatların təzahürü kimi qiymətləndiririk. Biz əmin idik ki, ANS-i dövlətin gözündən salmağa cəhd göstərən, bu yolda hətta məhkəmələrə belə təsir göstərə biləcəklərinə inanan xəstəhal qüvvələr arzularına çata bilməyəcək, müharibələrdən keçərək dövlət müstəqilliyi uğrunda çətin, amma şərəfli yollar qət edərək bu günə yetişmiş Azərbaycanın ilk müstəqil televiziya və radio şirkəti olan ANS-in keçmişi, bu günü və gələcəyini ləkələməyə çalışanlar uduzacaqlar. Biz ilk gündən dövlətimizə, onun qanunlarına inanırdıq.

Bundan sonra necə olacaq? Hadisələrin perspektivini necə qiymətləndirirsiniz?

– Necə olmalıdır ki? ANS qalan proseslərdən də haqlı çıxacaq. Məhkəmə kimin kim olduğunu nümayiş etdirəcək. Səbail məhkəməsi əslində tarixi bir qərar çıxarıb. Bu qərar bir daha sübut etdi ki, bütün televiziya və radio şirkətlərinə eyni gözlə baxmalı olan MTRŞ ANS-ə qarşı qərəzli mövqedən çıxış edibmiş. Biz hər həftə MTRŞ-yə efir məkanında baş verən əsl qanun pozuntuları ilə bağlı rəsmi məktublar və arayışlar göndəririk. Amma onların heç bir təsiri olmur. Sanki kiməsə gözüyumulu, bizə isə dördgözlə baxırlar. Niyə? Bir daha anlaşıldı ki, MTRŞ-də birincidən sonuncuya qədər bütün şəxslər ANS-ə şəxsi-qərəzdən yanaşıblar. ANS isə həmişəki dəqiq, qərəzsiz və vicdanlı yolunu davam etdirir və etdirəcək. Biz qanun və hüquq dili ilə danışırıq. Bizi tənqid etdiklərinə görə hansısa kanala administrativ təzyiq yolu tutmuruq.

Yəni heç nə gözlənilməz olmadı?

– Niyə olmadı? Əlbəttə, oldu. Məsələn, başqa vaxt ANS-MTRŞ çəkişməsi zamanı ilkin araşdırmalarda bu qurumun hansısa ərizələrinin kargüzarlıq səviyyəsində qəbulunu böyük qələbə kimi təqdim edən, MTRŞ və onun havadarlarının əlindən çörək yeyən saytlar başa çıxarırdısa, bu dəfə bir nəfər kimi susurlar. Onları başa düşürəm. Həqiqət olan yerdə yalan susmalıdır. Çörəyi dizinin üstündə olan bu saytların rəhbərlikləri, görünür, Azərbaycanın müstəqilliyi uğrunda vuruşmayıblar, ona görə də müstəqilliyin nə olduğunu çətin anlasınlar. ANS müstəqildir, ona görə də müstəqilliyin dəyərini və şərəfini başa düşür. Onlar köhnə Azərbaycandan gəliblər və köhnə Azərbaycanda da qalacaqlar. Biz isə yeni Azərbaycana doğru, təbii ki, onlarla birgə gedə bilmərik. Sonda isə Azərbaycanın bütün tamaşaçılarını bu qanun və hüquq qələbəsi münasibətilə təbrik edirik.

Həmçinin oxuyun

“Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər…” – Rusiya nümayəndəsi

Münaqişə bölgəsindəki vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətin müzakirə edilməsinə qayıda bilər. Moderator.az-ın Rusiya …

Bir cavab yazın