Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İcra başçısı “Tolik qələt edib, başını daşa döyür” dediyini dandı?

İcra başçısı “Tolik qələt edib, başını daşa döyür” dediyini dandı?

Artıq bir neçə gündür ki, gündəmin əsas müzakirə mövzularından biri aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin bu günədək qəbir daşının qoyulmaması məsələsidir.  Xaçmaz rayon sakini olan şəhid E.Mirzəyevin anası mətbuata danışaraq oğlunun qəbirüstü abidəsinin götürülməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticə olmamasından və oğlunun təltif edildiyi medalın hələ də onlara təqdim edilməməsindən şikayətlənib.

Məsələ xüsusən də sosial şəbəkələrdə geniş müzakirə edilib, şəhid və onun ailəsinə qarşı biganə yanaşan yerli orqanlar tənqid olunub.
Prodüser Tarix Əliyevin (Tolik) sosial şəbəkə vasitəsi ilə şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulması ilə bağlı xərcləri öz üzərinə götürmək istədiyini bildirməsi isə olayı bir qədər də qabardıb. Prodüser qeyd edib ki, şəhidə mərmərdən başdaşı qoymaq fikrindədir: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbirdaşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.
Maraqlıdır ki, geniş ictimai qınağa tuş gələn Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dərhal mərasim təşkil edərək şəhidin layiq görüldüyü medalı onun ailəsinə təqdim edib. Yada salaq  ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Elvin Mirzəyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
Aprel döyüşlərindən aylar keçməsinə baxmayaraq, şəhidin bu günədək qəbirüstü abidəsinin götürülməməsi məsələsinə gəldikdə isə icra başçısı Şəmsəddin Xanbabayev “Bizim Yol” saytına açıqlama verərək məsələyə bu cür aydınlıq gətirib: “Qəbirlərin düzəldilməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə, niyə bir az yubanıb izah etdim”.
İcra başçısı şəhidin məzar üstünü düzəltməyi  öz üzərinə götürən prodüseri təhqir etməyi də  unutmayıb:“Tolik qələt edib, başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz-səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.
Prodüserin də bu məsələyə cavabı gecikməyib. “Yeni Müsavat”a danışan Tarix Əliyev (Tolik) məsələyə reklam xətrinə reaksiya vermədiyini, şəhidin ailəsi və qardaşı ilə də əlaqə saxladığını və onların biganəlikdən şikayətləndilər deyib:
“Mən bu ölkədə heç kiməm ki, şəhidin məzarını ucaldım. Mən bunu yalnız şou-biznesdə rəhmətə gedən, statusu olmayan bir müğənni üçün edərəm. Azərbaycan Ordusunun, dövlətinin heç vaxt Tolik kimilərinin puluna ehtiyacı olmayıb, olmayacaq da. Amma bir şeyi bilirəm ki, hər bir icra başçısının vəzifə borcudur ki, bunu etsin. Çünki həmin rayonun vətəndaşı, şəhididir. Şəhidin qardaşı ilə də əlaqə saxladım. Onlar dedilər ki, ”bizim özümüzün də imkanımız var qəbirin üstünü götürməyə, lakin bizə təsir edən odur ki, aidiyyəti qurumlar bizim övladımıza qayğı göstərmir”. Xaçmazda imkanlı şəxslər də var, hansı ki, onlar da bu məsələyə kömək edə bilərdilər. Məni yandıran odur ki, bunları düşmən də izləyir. Mən şəxsən Şəmsəddin Xanbabayev ilə danışmışam. O, haqqımda dediyi sözləri təkzib etdi və mənimlə mehriban danışaraq heç bir irad tutmadı”.
Təbii ki, burada əsas məsələ tərəflər arasında hər hansı qalmaqal və çəkişmə deyil, zaman-zaman dövlət qurumların, bu işdə məsul olan məmurların şəhidlərimiz və onların ailələrinə qarşı olan biganəlikdən, bəzən isə hörmətsizlikdən söhbət gedir. Bu cür faktlarla xüsusən bölgələrdə tez-tez rast gəlinir. Bəs görəsən vətən uğrunda canlarını fəda edən şəhidlərimizə qarşı bu cür münasibət nədən irəli gəlir?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı mövzu ilə əlaqədar məsələyə öz münasibətini bildirib. O, qeyd edib ki, ictimai nəzarət və mətbuat bu məsələdə xüsusi fəallıq göstərməlidir: “Şəhidlər Xiyabanı həmişə bizim diqqət mərkəzimizdədir. Şəhidlər Xiyabanının bərbad vəziyyətdə olması ilə bağlı QAT təşkilatı olaraq dəfələrlə Xaçmazda,  İmişlidə, Şəkidə, Şamaxıda aksiyalar keçirib, müraciətlər edib, məsələni diqqətə çatdırmışıq. Aprel döyüşlərindən sonra Bakıda və rayonlarda şəhidlərin əksəriyyətinin yas mərasimlərində iştirak etdik. Oradan da gördük ki, aprel döyüşlərindən sonra şəhidlərə qarşı olan münasibət yaxşı mənada xeyli dəyişib. Lakin görünür ki, bu məsələ yenə də diqqətdə qalmalıdır. İctimai nəzarət olmalı, ictimai təşkilatlar və mətbuat  bu məsələdə xüsusi fəallıq göstərməlidir.
Burda subyektiv amillər də ola bilər. Yəni məmurların subyektiv münasibəti – hansısa məmurun ağlına gəlmir, hansısa məmur isə biganəlik edir. Bəzisinə isə anlamır ki, şəhidlərə hörmətsizlik olmaz, şəhid ailəsinə diqqət olmalıdır, məzarının üstü götürülməlidir”.
Sonda qeyd edək ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı mətbuat vasitəsi ilə ictimaiyyətə çağırış edərək Xaçmaz şəhərindən olan daha iki şəhidimizin, Əmrah Yüzbəyovun və Elvin Qayıbovun da bu günədək məzar daşlarının götürülmədiyini bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın