Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Siyasət / İcra başçısı FHN-in adından yalan danışıb?– Nazirlikdən açıqlama

İcra başçısı FHN-in adından yalan danışıb?– Nazirlikdən açıqlama

Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən ərazi icra nümayəndələrinə verilən rüblük mükafatları kəsilməsi ilə bağlı yazmışdıq. Rayondakı ərazi icra nümayəndələri adından AFN-in redaksiyasına göndərilən məktubda bildirilirdi ki, Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov onların rüblük mükafatlarını kəsib.

Bunun isə əkin sahələrinin yenidən hesablanması ilə əlaqədar olduğunu deyib: “Başçı bildirib ki, bu, Fövqəladə Hallar Nazirliyindən gələn tapşırıqla edilir. Guya nazirlikdən əkin sahələri ölçülüb qurtaranadək ərazi nümayəndəliklərinin “premyaları”nın saxlanması tapşırılıb”.

Yazı AFN-də dərc edildikdən sonra A.Əsgərov ərazi icra nümayəndələrindən bir neçəsinin mükafatının verilməsini təmin etsə də, əksəriyyət hələ də öz haqqını ala bilməyib. Bu barədə redaksiyamızı təkrar məlumatlandıran şikayətçilər bildirirlər ki, İH rəhbərliyi Fövqəladə Hallar Nazirliyindən gələn göstərişi (?!) əsas gətirərək onların vəsaitlərini vermir: “Xahiş edirik, Fövqəladə Hallar Nazirliyindən bu məsələ ilə bağlı açıqlama alasız ki, niyə belə tapşırıq veriblər?”

FHN-in mətbuat xidmətindən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, nazirliyin qeyd olunan məsələlərlə bağlı mükafat təyin etmək, rayon icra hakimiyyətlərinə göstəriş vermək səlahiyyəti yoxdur: “FHN tərəfindən belə bir göstəriş verilməyib və məktubda qeyd olunan məlumat həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyev “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Fövqəladə Hallar Nazirliyi respublikanın rayonları üzrə taxıl (buğda və arpa) əkini sahələrinin GPS (Qlobal Məsafədən Mövqe Təyinetmə Sistemi) avadanlıqları və yer səthinin müşahidə peyki vasitəsi ilə monitorinqinin aparılmasını təmin etməlidir.

Yardımlı İH rəhbərliyinin də mövqeyini verməyə hazırıq.

Həmçinin oxuyun

İSBAM-da yeni təyinatlar olub

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli tərəfindən yeni təyinatlarla bağlı əmr imzalanıb.Qurumdan Azinforum.az-a …

Bir cavab yazın