Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Siyasət / Bu həftə Novruz əfvi olacaq…

Bu həftə Novruz əfvi olacaq…

Novruz bayramı öncəsi sonuncu həftəyə qədəm qoyuruq. Hər kəsin ümidlə gözlədiyi əfv sərəncamını həftəsonu gözləyənlərin sayı getdikcə artmaqdadır. Artıq əfvin veriləcəyi günlə bağlı bir sıra proqnozlar da var. 17 və ya 18 mart tarixlərində çoxsaylı siyasi məhbusun azad ediləcəyi ehtimal olunur.
Heç şübhəsiz ki, veriləcək əfvdə ictimaiyyətin diqqətində olan əsas məsələ siyasilərlə bağlıdır. Belə məhbusların içərisində bağışlanmaları üçün ölkə başçısına müraciət edənlərin şansları daha çox görünür. Hazırda 9 belə siyasi məhbus var. Rəşadət Axundov, Rəşad Həsənov, İlkin Rüstəmzadə, Məmməd Əzizov, Ömər Məmmədov, Əbdül Əbilov, Pərviz Həşimli, Hilal Məmmədov kimi məhbuslar bu silsilədəndir.
Əfv yazmamalarına baxmayaraq, azadlığa çıxma şansları yüksək görünən məhbuslar da var. Bu sıraya həbs müddətlərinin bitməsinə 1 ildən də az qalan sabiq səhiyyə naziri Əli İnsanov, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və Müsavat başqanının müavini Yadigar Sadıqov daxildir.
Əsas diqqətdə olan məhbuslardan biri də “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovdur. Belə ki, jurnalistə hökm oxunsa da, məhkəmə prosesləri tam bitməyib. Hökmdən verilən şikayət mərhələsində Apelyasiya Məhkəməsində hələ proses davam edir və növbəti məhkəmə martın 16-na təyin olunub. Həmin gün isə Mirqədirovun məhkəməsinin bitəcəyi inandırıcı görünmür. Onunla birlikdə eyni maddə üzrə həbs olunan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Apelyasiya Məhkəməsindən azadlığa buraxıldıqlarını nəzərə alsaq, Mirqədirovun da həbs taleyinin Yunuslar kimi olacağına inananlar çoxluq təşkil edirlər.
REAL hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi İntiqam Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl barədə də Novruzda süpriz qərar verilə bilər. Hər üç məşhur siyasinin Avropa təşkilatlarının diqqətində olduğunu düşünsək, Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin yumşalmağa doğru getdiyi bir məqamda bu şəxslər barədə müsbət qərar veriləcəyini ehtimal etmək mümkündür.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ölkə başçısı tərəfindən hər Novruzda birmənalı olaraq əfv sərəncamının verildiyini bildirdi: “Novruzqabağı son həftədir. Bu bayramda əfvin veriləcəyini istisna etmirəm. Çünki prezident tərəfindən Novruzda çoxsaylı məhbusların azad edilməsinin indiyə qədər dəfələrlə şahidi olmuşuq. Amma əfvin hansı günə təsadüf edəcəyi birbaşa prezidentin səlahiyyətinə aid məsələdir. Əfv Komissiyası daxil olan bütün müraciətləri araşdıraraq, iclaslarını yekunlaşdırıb. Hər zaman ölkə başçısının Novruzqabağı əfv sərəncamı verəcəyinə inanmışam. Kimin azad edilib-edilməməsi prezidentin səlahiyyətinə aiddir. Bu baxımdan hansısa şəxsin azad ediləcəyini demək düzgün olmazdı. Komissiyanın üzvü kimi də bu barədə fikir söyləmək siyasi etikadan kənar olardı”.
Əfv Komissiyasının üzvü prezidentə müraciət edən siyasilərin də taleyinə aydınlıq gətirdi: “Komissiya müraciətləri araşdırarkən, hər bir məhbus barəsində tövsiyə xarakterli qərar verib. Amma kimin azadlığa buraxılacağı yenə də prezidentin səlahiyyətindədir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfv prosesinin ləngiməsində və irəliləməsində maraqlı olan qurumların olduğunu söylədi: “Bu proses təkcə Azərbaycanla tənzimlənmir. Sadəcə Əfv Komissiyası siyahısını hazırlayır. Daxil olduğumuz həftədə nələrin baş verəcəyini görəcəyik. Müsbət əfv gözləyirik. Amma siyasi manevrlər ola bilər. Burada maddi və mənəvi maraqlar da gözləniləndir. Şəxsimdə siyasi məhbusları həbsdəki həmkarlarımdan heç zaman ayırmamışam. Doğrudur, həmkarlarım bu sahədə fəaliyyət göstəriblər, əməkləri var.
Amma siyahıda olan siyasilərin heç birini ayırmaq düzgün deyil. Bu həftə ölkədaxili və xaricindən təzyiqlər olmasa, düşünürəm ki, hər kəsin istədiyi əfv olacaq. Amma hər saatın bir hökmü var. Ümid edirəm ki, ayın 19-a kimi arzuladığımız əfvi görəcəyik. Həmkarlarımın hamısı olmasa da, düşünürəm ki, azadlığa çıxanları olacaq. Qədimdən bu bayram barışıq bayramı adlanır. Düşünürəm ki, ölkə başçısı bu dəfə daha yaxşı əfv verəcək. Siyasi proseslərdə daha aktiv olanların azadlığına çox ümidliyəm”.(musavat.com)

Həmçinin oxuyun

Georgi Vanyan İlham Əliyevə və Nikol Paşinyana çağırış etdi

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycan Prezidenti İlham Əliyevə …

Bir cavab yazın