Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / “Bu cinayətdə Samir Şərifov iştirakçı olub” – hüquqşünas rəyi

“Bu cinayətdə Samir Şərifov iştirakçı olub” – hüquqşünas rəyi

Müzəffər Baxış: ““Beynəlxalq Bankı işi”nə görə maliyyə naziri məhkəmədə ifadə verməlidir”; Vahid Əhmədov: “Mənimsənilən 6 milyard dollar indi haradadır? O vəsait dövlət büdcəsinə qaytarıldı, ya yox?”

Beynəlxalq Bankın keçmiş sədri, hazırda həbsdə olan  Cahangir Hacıyev məhkəmədə bir sıra tələblər irəli sürüb. Onun tələblərindən biri də Beynəlxalq Bankın Müşahidə Şurasının sədri, bankın səhmlərinin 51 faizinə nəzarət edən maliyyə naziri Samir Şərifovun da “Beynəlxalq Bank işi” ilə bağlı məsuliyyətə cəlb edilib, dindirilməsi idi. Əksər müstəqil ekspertlər də bu cinayət işi ilə bağlı Samir Şərifovun məhkəməyə gedib izahat verməli olduğunu bildirirlər. 
Bəs görəsən, bu məsələdə qanun nə deyir? Maliyyə naziri nəzarətində olan bankda baş verən cinayətə, 7 milyard manata yaxın vəsaitin oğurlanmasına görə izahat verməlidirmi? 
“Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas Müzəffər Baxış deyib ki, “Beynəlxalq Bank işi”ndə çox  maraqlı məqamlar var: “Beynəlxalq Bankda baş verən cinayət mütəşəkkil bir dəstə tərəfindən təşkil olunmuş cinayətdir və burada maliyyə naziri Samir Şərifovun bilavasitə iştirakı olub.  Bu birmənalı şəkildə belədir. Ancaq Cahangir Hacıyevdən fərqli olaraq, hələ ki onun məhkəməyə cəlb olunması ilə bağlı siyasi sifariş yoxdur. Nə qədər ki, onun ”yarpağı saralmayıb”, ictimaiyyətin nə  deməsindən asılı olmayaraq, Samir Şərifovu o pulların mənimsənilməsi prosesində iştirak etməsinə görə cinayət məsuliyyətinə cəlb etməyəcəklər. Bu, Azərbaycan reallığıdır”.
Image result for Müzəffər Baxış
Hüquqşünasın sözlərinə görə, S.Şərofov Müşahidə Şurasının qərarlarının qəbul edilməsində iştirak edib və bankda baş verənlərdən ən azı xəbərdar olub: “Maliyyə Nazirliyi açıqlama verir ki, guya Cahangir Hacıyev onları saymırmış. Hörmətli maliyyə naziri, Cahangir Hacıyev səni saymırdısa, onun cinayət hərəkətlərinin qarşısını almaq üçün hansı işlər görmürsən, hansı addımlar atmısan, hansı orqanlara müraciət etmisən? Əgər müraciət etmisənsə, o orqanlar niyə lazımi tədbirlər görməyib? Bu halda vəzifəli şəxslərin öz səlahiyyətlərindən istifadə edərək konkret tədbirlər görməməsi bizim Cinayət Məcəlləsinin tələblərinə görə, cinayət əməli hesab olunur. Burada təxminən 7 milyard vəsaitin mənimsənilməsindən söhbət gedir. Bu da Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə görə külli miqdarda əmlakı mənimsəmək kimi qiymətləndirilir”.
Image result for Deputat Vahid Əhmədov
Deputat Vahid Əhmədov isə “Yeni Müsavat”a bildirib ki, ümumiyyətlə, Azərbaycanda bank sistemi bərbad vəziyyətdədir: “Bu, təkcə Beynəlxalq Banka aid deyil. Sadəcə, o üzə çıxdı deyə, bəlli oldu. Maliyyə Bazarlarına Nəzarət Palatası da bankların diaqnostikasını apardı, monitorinqlər keçirdi. Bəlli oldu ki, bütün banklarda bu çatışmazlıqlar var. Mənim üçün isə bir məqam qaranlıq qaldı ki, Beynəlxalq Bankdan mənimsənilən 6 milyard dollar indi haradadır? O vəsait dövlət büdcəsinə qaytarıldı, ya yox? Bu barədə informasiya verilmir. Dedilər ki, guya həmin pulun 3 milyard manatını ”Aqrokredit” banka veriblər. İndi görək, həmin bank satılan əmlakdan 3 milyard manatını gətirib dövlət büdcəsinə təqdim edəcəkmi? Bu mənada suallar çoxdur. Birincisi, əlbəttə ki, məsuliyyət həmin bankın rəhbərliyinin üzərindədir. İkincisi, səhmlərinin 51 faizi dövlətə məxsus olduğu üçün, əlbəttə hökumət də burada müəyyən qədər nəzarət mexanizmini güclü etməli idi ki, belə hadisələr baş verməsin”.

Həmçinin oxuyun

Xalq Cəbhəsini yaradanlar onu partiyalara bölüblər – siyahı

Bir təşkilatın sırasından neçə partiya meydana gəldi Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 30 il keçdi. …

Bir cavab yazın