Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bir həftəyə 4 bank bağlandı – Xeyri nə olacaq?

Bir həftəyə 4 bank bağlandı – Xeyri nə olacaq?

Mərkəzi Bankın bir müddətdir ki, bankların konsolidasiyası ilə bağlı təklifinin nəticəsi olaraq ötən gün “AGBank” və “DəmirBank” birləşmə barədə qərar qəbul edib. “Qafqazinfo” xəbər verir ki, həmçinin ötən gün iki bankın, yəni “NBCBank” və “Yunayted Kredit Bankı”ın da lisenziyaları ləğv edilib. Beləliklə, Azərbaycanda olan bankların sayı 43-dən 38-ə endirilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun da açıqlamalarından bəlli olur ki, birləşmə və ya ləğv edilmə prosesi yaxın günlərdə də davam edəcək. AMB isə bankları bağlayarkən əsasən məcmu kapitalın minimum məbləği tələbinə əməl edilmədiyini əsas gətirir.

Bildiyimiz kimi, bankların məcmu kapital ehtiyatı 50 milyon manatdan az olmamalıdır.

Maraqlıdır ki, ötən gün lisenziyası ləğv edilən “NBCBank” ın kapital ehtiyatı 50 milyon manatdan az olmayıb. Belə olan halda, Mərkəzi Bankın onu hansı səbəblərdən dolayı bağlaması məsələsi sual doğurur.

Bundan əlavə, bankların birləşməsi prosesi ümumilikdə iqtisadçılar tərəfindən müsbət hal kimi dəyərləndirilir. Qeyd olunur ki, Azərbaycanda 20-25 civarında bankın olması yetərlidir. Orta bankların bir- biri ilə birləşməsi onların bazarda pay iştirakının artmasına gətirib çıxarar.

“Mərkəzi Bank bu gün arxasız, kiçik bankları bağlamaq siyasətini yürüdür”

İqtisadçı ekspert Samir Əliyev “Qafqazinfo”ya açıqlamasında “NBCBank”la bağlı məsələyə aydınlıq gətirməklə yanaşı, eyni zamanda bankların birləşmə prosesinin çətinliklərindən, böhran şəraitində top onluqda olan bankların taleyinin necə olacağından danışıb.

O da qeyd edib ki, Mərkəzi Bank kapitala dair normativlərə cavab verilmədiyini qeyd edərək bankların lisenziyanı ləğv edir: “ Ümumiyyətlə, devalvasiya bir çox bankların kapitalını zədələyib. Normativ göstəricini aşağı salıb.
Mərkəzi Bank banklara yanaşmaqda fərdi münasibət sərgiləyir. Qanunvericiliyin tələblərinə uyğun addım atmır. Faktik olaraq 2014- cü ilin sonunda normativlərə əməl etməyən 4 bank var idi. Onlar o zaman avtomatik bağlanmalı idi. Ancaq Mərkəzi Bank onları bağlamadı. Devalvasiya nəticəsində kapitala dair ehtiyatları pozanlara dair Mərkəzi Bank özünün məqsəduyğun hesab etdiklərinin lisenziyalarını ləğv edir.

Əgər qanunvericiliyə əsaslansa, bu gün bankların böyük əksəriyyəti bağlanmalıdır. Amma Mərkəzi Bank bu gün arxasız, kiçik bankları bağlamaq siyasətini yürüdərək ayrı-seçkilik edir.

Mərkəzi Bank bunu vaxtında etməli idi. İndi isə bunu məcburiyyət qarşısında qaldığı üçün edir”.

“Bankların bağlanması fevralın ortasına kimi davam edəcək”

Onun sözlərinə görə, bankların bağlanması prosesi davam edəcək: “Prosesin fevralın ortasına kimi davam edəcəyini real sayıram . Səbəb də odur ki, “Əmanətlərin tam sığortalanması” haqqında qanun birinci oxunuşdan keçib. İkinci oxunuşdan keçib qəbul edilib imzalanmalıdır. Bu halda bütün əmanətlər sığortalanacaq. Bank bağlanarsa, Sığorta Fondu əmanətlərin hamısını qaytarmalıdır. Ona görə də Mərkəzi Bank qanunun qəbul olunması gününə kimi bankları bağlamalıdır. Qanun qəbul edildikdən sonra isə, proses birləşmə istiqamətində gedəcək. Mərkəzi Bank yerdə qalan banklara isə dəstək vermək istiqamətində düşünəcək”.

“İki problemli bank birləşəndə problem daha da böyüyür”

Bankların birləşməsinin çox çətin proses olduğuna da toxunan S. Əliyev bildirib ki, xarici ölkələrdə banklar bazar balaca olduğuna görə qüvvələrini birləşdirmək istəyirlər ki, bazarda böyük paya malik olsunlar: “Azərbaycanda isə daha çox problemli banklar birləşir. İki problemli bank birləşəndə problem daha da böyüyür. Amma birləşmənin üstünlükləri ondan ibarətdir ki, xərclər azalır, müştəri artır və maya dəyəri aşağı düşür. Hazırda iqtisadiyyatda pul dövriyyəsinin azaldığı, əhalinin vəziyyətinin pisləşdiyi, müştəri kontingentinin azaldığı şəraitdə banklar birləşməsə, onlar sıradan çıxa bilərlər”.

“Təsisçiləri eyni olan banklar birləşməlidir”

Ekspert vurğulayıb ki, ilk beşlikdə olan banklar təxminən 60 faiz bazara nəzarət edir: “İlk onluqda olanlarda isə, bu rəqəm 70 faizdən çoxdur. Onların hər hansı birinin bağlanması bank sektoru və əmanətçilər üçün çox böyük təhlükə yaradar. Onların bağlanması məsləhət deyil. Əvvəla, problemi həll etmək daha düzgün olardı. Birləşməyə də razı deyillərsə, Mərkəzi Bank onlara dəstək verməlidir, ya da ləğv etməlidir. Birləşmə prosesinin necə aparılması da vacib şərtdir. Əgər böyük banklar zəifləri udacaqsa, bank sektorunda monopoliya güclənəcək. İlk onluqda olan bankların ayrı-ayrılıqda payı 4-5 faizdən çox deyil. İki bank birləşəndə isə, burda 10 faiz paya malik bank yaranır. Həm də onluqda olan bankların bəzilərinin təsisçiləri eyni adamlardır. “Kapital Bank” “Paşa Bank”ın təsisçiləri eyni şəxslərdir. Onlar niyə birləşməsin ki? Belə olarsa, vahid güc yaranar və daha keyfiyyətli əhaliyə xidmət göstərilər”.

Elə ötən gün sosial şəbəkədə iqtisadçı ekspert Rövşən Ağayev bankların birləşməsi və ya ləğv edilməsi fonunda bir sıra mühüm məsələləri qeyd edərək həmkarlarından onların müzakirəyə çıxarılmasını istəyib.

O qeyd edib ki, indi sıradan çıxan banklar problemli kreditlərinin böyük həcmdə olması, ümidsiz kreditlərin ümumi borclarda payının yüksək olması, müştərilər qarşısında ödəmə qabiliyyətinin kəskin pisləşməsi fonunda müflisləşmə riskinin həddən artıq real olması ilə bağlıdır:

“Hesab edək ki, bu plan baş tutdu və say kəskin azaldı. Amma bir reallıq da var: hətta indi bank sektorunun top 10-luğunda olan banklarının hamısı ciddi problemlər içərisindədir. Beynəlxalq kredit agentlikləri onların hamısının reytinqini sabitdən neqativə dəyişdi. Uzunmüddətli kredit reytinqi sürətlə defolt öncəki səviyyəyənin (C) sərhəd nöqtəsinə yaxınlaşır, 2 devalvasiyadan sonra onların valyuta mövqeyi tam alt-üst olub. Hətta bu banklar bir müddət dözsə belə, onların “pul satıb” daha uzun müddətə ayaqda qala bilməsi üçün ödəmə qabiliyyətli biznes sektoru yoxdur”.

Belə olduğu halda, ekspert aşağıdakı suallarla həmkarlarına müraciət edir. Bu bankların problemi necə olacaq?

Dəstək olmadan özlərini bu durumdan çıxara biləcəklərmi?

Bilməyəcəklərsə, hansı dəstək mexanizmləri real görünür?

İndiki qeyri-şəffaf bank mühiti şəraitində bu dəstək bank kapitalının yekun olaraq cəmi 1 iqtisadi qrupun əlində cəmlənməsinə səbəb olmayacaqmı?

Əgər belə olacaqsa, bu Azərbaycan üçün böhrandan çıxmaq üçün son şans olan rəqabətli biznes mühitinin yaradılması planlarının üzərindən bəri başdan qalın xətt çəkmək deyilmi?

Qeyd olunan sualların müzakirəsinə bir neçə iqtisadçı qoşulub. Onların cavablarını təqdim edirik:

Vüqar Bayramov: “Bankların sayı ilə bağlı standartlar olmasa da belə, Azərbaycanda bankların sayının çox olmasını, əminəm ki, heç birimiz inkar etmirik. Məsələn, iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan Qazaxıstanda 35 bank fəaliyyət göstərir və bu ölkədə də bankların sayının azaldılması və ya azalması gündəmdədir. Tamamilə doğrudur ki, proses şəffaf olmalıdır və məncə, bizim də hazırlayacağımız təkliflər kəskin təmərküzləşmənin qarşısının alınması və şəffaf konsolidasiya prosesinin təmin edilməsinə xidmət etməlidir.
Bankların birləşdirilməsində ən ciddi risk kapitalın bazarın tənzimləyə biləcəyi səviyyədən daha çox təmərküzləşməsi və bu sektorda monopoliyanın yaranmasıdır. Mən təklif edirəm ki, digər keçid ölkələrinin təcrübəsi nəzərə alınmaqla birlikdə ölçülə bilən və əsaslandırılmış konkret təkliflər paketi hazırlayaq. Bu paketi həm hökumətə təqdim edək, həm də sosial şəbəkələr və media vasitəsi ilə vəkillik kampaniyasını aparaq.

Rövşən Ağayev həmkarının cavabından sonra ona belə bir sualla müraciət edib:

“Birləşmə və ləğv prosesindən sonra yerdə qalan bankların kapitalizasiya ilə bağlı tələblərin dəyişdirilməsi, məsələn, keçid dövrü üçün bir müddət sonra açıq bazarda satılmaq şərtilə hökumətin iştirakı ilə kapitallaşmanın genişləndirilməsi ideyasına necə baxırsınız?”.

Vüqar Bayramov: Bankların əksəriyyəti son proseslərədək rüblük və illik hesabatlarını internet səhifələrində yerləşdirirdilər və banklar ilə bağlı məlumatı əldə etmək çətin deyil. Birləşmə prosesindən sonra kapitalizasiya tələblərinə yenidən baxılması yaxşı ideyadır. Eyni zamanda, məncə, indiki məqamda əsas diqqət məhz konsolidasiya prosesinin özünə yönəlməlidir. 2 bank istisna olmaqla, digər banklar özəl olsa da belə, bu prosesin şəffaflığı, prosesin monitorinqi, şəffaf konsolidasiya meyarlarının hazırlanması olduqca vacibdir”.

Qubad İbadoğlu: “Əslində bizdəki banklar parnik banklarıdır, indiki situasiyada və ya havada onları xilas etmək mümkün olmayacaq. Odur ki, hazırda baş verənlər düzgün tənzimlənirsə, yalnız bankar arasında deyil, həm də azad biznesdə rəqabətli şəraitin yaranmasına ehtiyac vardır. Bu isə 1 ilə baş verməyəcək. Bu dövrdə konsolidasiyaya getməlidir, kapital təmərküzləşməlidir və sonra da bank bazarı xarici kapitala tam açılmaldıır. Başqa alternativimiz qalmayıb”.

Natiq Cəfərli: “Bankların sayının çox ya az olması, həlledici məqam deyil, problem bankların əksəriyyətinin məmurlara məxsus olması və məmurun “şəxsiyyət ikiləşməsindədir”. Məsələn, Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri kimi bir qərar verməlidir. “Bank Respublika”nın sahiblərindən biri kimi, bu qərar onun özünün əleyhinə olmalıdır. Yəni, həm AMB, həm hökumət, həm banklar bir çevrədə, özü də, anadolu türkləri demiş, “qısır çevrədə” birləşiblər. Bankların bağlanması ağılla idarə edilməli prosesdir, təəssüf ki, hələ ki, atılan addımlar panikanı daha da artırır, 1 həftədə 4 bank bağlanan ölkədə, təbii ki, vətəndaşın onsuz da yerlərdə sürünən güvəni lap sıfırlanır, hamı depozitinin dərdini çəkir, banklardan çıxartmağı düşünür. Əgər proses bir az da sürətlənsə, çökən bankların sayı artsa, xaotik bir durum meydana çıxacaq. Hökumətin və AMB-nin “verbal müdaxilə” silahı da yoxdur, çünki güvən itiriblər.

Məncə, bank sektorunun problemləri qar uçqunu kimi artacaq, təmərküzləşmə ancaq bəlli qrupun, ya qrupların maliyyə bazarında çəkisini daha da artıracaq, bu isə təmərküzləşməni sürətləndirəcək, real iqtisadiyyata ziyan verəcək. Hökumət gözləyir ki, 10-15 bank sıradan çıxsın, bazardan “yadlar” getsin, özləri tək qalanda, bankları batmaqdan xilas proqramı qəbul edilərək, öz banklarına Neft Fondundan dəstək saxlayacaqlar. Bunsuz bank sistemi ayaqda dura bilməz, problemli kreditlər artacaq, bankların xarici borclarının üzərinə faizlər gələcək, banklar real sektora kredit verməyəcəklər, çünki, kredit götürən qaçıb dollar almaq istəyəcək.
Əgər A şirkəti, və ya B adlı vətəndaş 2015-ci ilin yanvar ayında 1 mln. manat, 1 illik lap 25%-lə belə kredit götürüb, dollar alsaydı, bu o zaman üçün 1.282 min dollar edirdi, bu gün həmin vəsait rəsmi məzənnə ilə 2.064 min manat edir, 1.250 min manat qaytarsa (faizlə birgə), 814 min manat pul qazanmış olur. Hansı biznesdə belə qazanc marjı var?!”

Azər Mehtiyev: “Bank sektorunun ciddi dövlət dəstəyi olmadan bu vəziyyətdən çıxa bilməyəcəyi aydındır. Dəstək proqramını işə salınacan yəqin arzuolunmaz banklar sıradan çıxarılacaq. Əslində, mövcud bankların hansının daha yaxşı menecmentə malik olub-olmadığını qiymətləndirmək yalnız ortada olan məlumatlar əsasında qiymətləndirmək çətindir. Maraqlı məqam banklara dövlət dəstəyinin hansı formada olacağıdır. Beynəlxalq Bankda olduğu kimi dövlət yenədəmi daxili borclanmaya gedəcək? Bu qədər daxili borclanma yükü hansı fəsadlar yarada bilər? Dövlət bankların səhmlərini alır, gələcəkdə daha yaxşı konyunkturada satışa çıxarır. İndiki qeyri-şəffaf mühitdə nə vəd edir? Xarici investorlar bu bankların səhmlərinə maraq göstərərlərmi? Bu məsələlərin də araşdırılması zəruridir”.

Telman Sadıqov: “Tam razıyam ki, bu bank sektorunun sağlamlaşdırılmasından çox, yadların sıxışdırılaraq bazardan yox edilməsinə xidmət edir. Alababat rəqabət bu sektorda var idi, indi isə monopoliyaya doğru gedir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın