Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Baş redaktordan ədliyyə naziri Fikrət Məmmədova MİNNƏTDARLIQ…

Baş redaktordan ədliyyə naziri Fikrət Məmmədova MİNNƏTDARLIQ…

Kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi ilə bağlı Məhkəmə Hüquq Şurasının (MHŞ) qərarında sonra sizlərə təqdim edilən bu yazını lütfən yıxılana balta çalma kimi yozmayın. Bəri başdan MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədova şəxsən təşəkkürümü bildirirəm və bu qərarı 18 oktyabr Müstəqllik günündə şəxsimə yönəlik ən böyük hədiyyə hesab edir, Aləmlərin Rəbbinə şükür və minnətdarlığımı bildirirəm.

Təfərrüatlara varmadan Aqşin Əfəndiyevin Azərbaycan məhkəmə sisteminə qətiyyən dəxli olmayan bir şəxs olduğuna bu ilin yayında üzləşdiyim bir məhkəmə prosesində tam əmin oldum. Belə ki, ötən ilin 15 noyabrında universitetlərin birinin müəllimi haqqında saytın poçtuna daxil olan şikayət məktubunu yaydığımıza görə 6 aydan sonra xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə verildik. Amma məhkəmədə şikayətçi şikayətini zavallıcasına dandı və hətta mənə qarşı yersiz ittihamlar da səsləndirdi. Məhkəməyə təkzibedilməz sübutlar təqdim etməyimə baxmayaraq hakim Aqşin Əfəndiyev sözlə ifadə edilməyəcək dərəcədə qərəzə yol verərək mənə qarşı sözün həqiqi mənasında düşmənçilik mövqeyi sərgilədi. Biz məhkəmənin gedişində iddiaçı tərəflə barışsaq və işə xitam verilsə də mən üzləşdiyim bu haqsızlıqla heç zaman barışmadım və elə məhkəmə zalındaca onu Allaha tapşırdım. Baxmayaraq ki, aradan 3 ay keçmişdi, az qala hər həftə Aqşin Əfəndiyevin əməlləri barədə şəxsən ədliyyə naziri Fikrət Məmmədova Açıq Məktub yazaraq qəbuluna düşəcəyimi planlaşdırır, amma hər dəfə vaxt məhdudluğundan bu məsələ ertələnirdi. Amma Aqşin Əfəndiyevlə bağlı xəbəri Moderator.az-dan cəmisi 20 dəqiqə öncə oxudum və dərhal da bu yazını yazmağı lazım bildim.
Mən bir daha hörmətli MHŞ üzvlərinə başda qurumun sədri Fikrət Məmmədov olmaqla minnətdarlığımı bildirir və  Aqşin əfəndiyevin “kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyini” sübut edən faktları hüquq-mühafizə orqanlarına təqdim etməyə hazır olduğumu bəyan edirəm. Bir daha qeyd edirəm ki, kimsə bunu yıxılana balta çalmaq kimi qələmə verməsin, necə deyərlər, mən bu günədək kimsənin toyuğuna daş atmadım, amma Aqşin Əfəndiyev onunla bir əfəndi kimi davranmaq üçün heç bir yol buraxmadı. Onu qanunlar cəzalandırsa da mənə sataşdığının da cəzasının Allah tərəfindən verildiyinə zərrə qədər şübhəm yoxdur. Bu yerdə ta uşaqlıqdan sevdiyim və tez-tez içimdə zümzümə etdiyim bir hikmətli xalq məsəlini də hər kəsə görk üçün xatırlatmağı lazım bilirəm: “Köpəyin yiyəsi varsa Qurdun da Allahı var”.
Zülfüqar Hüseynzadə, 
oxuduğunuz saytın baş cəfakeşi

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın