Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Azərbaycanın “Dəmir günbəzi” – erməni generalın açıqlaması aranı qatdı

Azərbaycanın “Dəmir günbəzi” – erməni generalın açıqlaması aranı qatdı

Xankəndində ortalıq qarışdı; ordumuzun aprel zəfəri düşmən tərəfdə həm panika, həm də getdikcə dərinləşən parçalanma yaradıb…

Xəbər verildiyi kimi, Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan ötən bazar Xankəndinə gəlib. Onun gəlişi ilə yanaşı, Azərbaycan ordusunun güclü imkanları haqda söylədiyi bir neçə qalmaqallı açıqlaması aranı əməlli-başlı qatıb, faktiki, erməni cəmiyyətini də, siyasi elitasını da parçalayıb. 
Xatırladaq ki, ötən həftə “Samo” ləqəbli (“İjo” kod adlı) Babayan aprel döyüşləri haqda danışarkən demişdi ki, Azərbaycan cəmi iki rezerv briqada ilə erməni ordusunun mövqelərini bir saata dağıdıb, müdafiə xəttini yarıb. Habelə, o bildirmişdi ki, Ermənistan nə hərbi, nə maddi-texniki resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və belə getsə, Azərbaycan əsgərləri gəlib İrəvanda çay içəcəklər.
Dünən isə o, yenidən “müdafiə naziri” olmaq üçün tərəfdarlarını küçələrə çıxarıb. Onu Xankəndində 1000 nəfərdən çox tərəfdarı qarşılayıb. Son məlumatlara görə, Xankəndində gərginlik yaşanır və hətta keçmiş “müdafiə naziri”nin qatı tərəfdarı, müxalif deputat Ayk Xanumyan döyülüb.
Babayan özü isə üstəlik, Xankəndində jurnalistlərə müsahibəsində bir daha Azərbaycanın hərbi imkanları haqda danışaraq deyib ki, onu “köhnəlmiş informasiyalardan” istifadə etməkdə qınayanlar “parazitlər və ağıldankəmlərdir” (virtualaz.org).
Onun sözlərinə görə, Azərbaycan nəinki müasir hücum silahları alıb, eləcə də dünyanın ən güclü raketdən müdafiə sisteminə malik dörd ölkəsindən birinə çevrilib. “Samo” deyib ki, Azərbaycan İsraildən “Dəmir günbəz” raketdən müdafiə qalxanı alıb və dörd diviziyon raketdən müdafiə sisteminə malikdir. “Mən həmin sistemlərin Azərbaycan boyu harada yerləşdirildiyini də bilirəm. İndi kim köhnəlib, mən,  yoxsa mənim köhnə informasiyalardan istifadə etdiyimi deyənlər?” – Samvel sual edib.
Onu da yada salaq ki, general Samvel Babayan bu yaxınlaradək Moskvada yaşayıb və aprel döyüşlərindən sonra özünün dediyi kimi, “Qarabağ missiyası” ilə geri qayıdıb. Bu qayıdış isə Ermənistan hakimiyyətindəki “Qarabağ klanı”nı, yumşaq desək, məmnun etməyib. Təsadüfi deyil ki, dünən Ermənistanın müdafiə naziri əslən Qarabağdan olan Seyran Ohanyan yüksək rütbəli zabitlərin müşayiəti ilə Qarabağa gəlib.
Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistanda bir neçə general vəzifəsindən azad edilib. Üstəlik, biri general olmaqla, 3 yüksək rütbəli hərbçi həbs olunub. Xankəndində son yaşananlar isə ziddiyyətlərin daha da dərinləşəcəyindən xəbər verir ki, bu da Azərbaycan ordusunun apreldəki blits-hərbi zəfərinin birbaşa nəticəsidir – erməni tərəfində həm panika, həm də parçalanma yaşanır…
***
Azərbaycan isə son illər doğrudan da təkcə müasir hücum silahları və texnikası ilə silahlanmayıb. Eyni zamanda öz ərazisini, strateji əhəmiyyətli obyektləri hava və raket hücumlarından qorumaq üçün dünyanın ən güclü müdafiə sistemlərini alıb.
Sirr deyil ki, Azərbaycan hava və raket hücumundan etibarlı müdafiəni təşkil etmək üçün bu sahədə dünyanın ən qabaqcıl ölkələrindən biri olan İsraillə də sıx tərəfdaşlıq edir. Bir ara mətbuata sızan  məlumatlarda bildirilirdi ki, İsrail Azərbaycana “Barak-8″ raketləri və ”Dəmir günbəz” raketdən müdafiə qalxanı satacaq.
Bəs “Dəmir günbəz” nədir, necə işləyir? İnternet mənbələrində yer alan məlumatlara əsasən, “Dəmir günbəz” idarəolunmayan, 4 kilometrdən 70 kilometrə qədər radiuslu taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulub. İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. Bir “Dəmir günbəz” batareyası 150 kvadratkilometr ərazinin müdafiəsini təmin edir. Sistem düşmən taktiki raketlərini aşkarlayan, uçuş trayektoriyasını müəyyən edən ELM-2084 radarından (“ELTA Systems” şirkəti), atəşin idarəedilməsi mərkəzindən və hərəsində 20 raket olmaqla, 3 “Tamir” raket-tutucu komleksindən ibarətdir. “Tamir” raketlərinin uzunluğu 3 metrdir. “Dəmir günbəz”in hədəfi vurma dəqiqliyi 90 faizdir. Sistem bütün hədəfləri aşkarlayır, ancaq eyni vaxtda buraxılan raketlərin hamısını həmişə vura bilmir.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın