Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Avropa Şurasının QREKO təşkilatı Azərbaycana münasibətini niyə dəyişdi?

Avropa Şurasının QREKO təşkilatı Azərbaycana münasibətini niyə dəyişdi?

Tahir Kərimli: “Buna paxıllığı tutanlar da az deyil”

“QREKO-nun son hesabatında da bu notlar özünü büruzə verir”

Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (QREKO) aprelin 2-də Azərbaycan üzrə məruzəsini dərc edib. Bu, parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın profilaktikası üzrə Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi haqqında dördüncü hesabatdır. QREKO-nun press-relizində deyilir ki, Azərbaycan Konstitusiyasında müstəqillik və hakimiyyət bölgüsü prinsipləri əksini tapıb, amma güclü prezident və icra hakimiyyəti qanunvericilik və məhkəmə hakimiyyətinə, o cümlədən prokurorluğa güclü təsir göstərir: “Zəif müxalifət Azərbaycanın siyasi sisteminin xüsusiyyətidir. Bir tərəfdən bunun səbəbi siyasi fəaliyyəti və parlament nəzarətini xeyli məhdudlaşdıran qanunverici məhdudiyyətlərdədir…”.

İkinci amil kimi təşkilat deputatların fəaliyyəti və əmlakı haqqında məlumatlara nəzarətin olmaması və maraqların toqquşmasını qeyd edir. Hesabatda həmçinin qeyd edilir ki,əmlakın bəyan edilməsi haqqında 2005-ci il tarixli qanun indiyədək icra edilmir: “Bu, məmurların və deputatların əsl gəlirlərini gizlətməyə imkan verir. Bundan başqa, ictimaiyyət 2012-ci ildə şirkət təsisçiləri və sahibləri haqqında məlumat almaq imkanından məhrum edilib. Buna görə əmlakın ayrı-ayrı deputatlara, hakimlərə və prokurorlara məxsus olduğunu müəyyən etmək kifayət qədər problemlidir”.

Qeyd edək ki, QREKO Avropa Şurası üzvlərinin korrupsiyaya qarşı mübarizədə imkanlarının yaxşılaşdırılması və antikorrupsiya standartlarına riayət olunması məqsədilə yaradılıb. QREKO dövlətlərə milli korrupsiyaya qarşı mübarizə siyasətində nöqsanları üzə çıxarmağa kömək edir, qanunverici, institusional və təcrübi islahatlar təklif edir. Hazırda Azərbaycan da daxil olmaqla, 48 Avropa ölkəsi QREKO-nun üzvüdür.

Bu, QREKO-nun Azərbaycana həsr etdiyi sayca 4-cü hesabatıdır. Maraqlıdır ki, bundan əvvəlki hesabatlarda qurum birmənalı olaraq Azərbaycanda korrupsiya ilə mübarizənin aparılmasını və bu istiqamətdə olan qanunvericiliyi müsbət dəyərləndirib. Birdən-birə təşkilatın mövqeyindəki kəskin dönüşün səbəbi qaranlıq qalır. Bunun Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı pressinqin artması ilə hansısa formada əlaqəsi ola bilərmi?

Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, sözügedən hesabatla yaxından tanışdır: “Bir hüquqşünas kimi, mən QREKO-nun bundan əvvəlki hesabatlarını da incələmişəm. Həmin hesabatlarda Azərbaycan bir neçə istiqamət üzrə təriflənib. Xüsusilə də korrupsiya ilə mübarizə, həmin istiqamətdə qanunvericiliyin təkmilləşməsi, dövlət qurumları üzərində ictimai nəzarət mexanizmlərinin bərqərar olması alqışlanıb. İndi isə həmin faktların üzərindən xətt çəkilməsi və tamamilə sərt bir hesabatın meydana çıxması şübhələnməyə əsas verir. Bu müddət ərzində nə oldu ki, Azərbaycan QREKO-nun təqdim etdiyi günə düşdü? Əksinə, mən hesab edirəm ki, son hesabatdan sonra Azərbaycanda irəliləyiş müşahidə edilir. Bəllidir ki, belə təsisatlar vasitəsilə ölkələrə təzyiq edirlər. Azərbaycanın Avropa qurumlarına şərtsiz tabe olması üçün belə metodlara əl atırlar. Bunun baş verdiyi tarixə də diqqət yetirmək lazımdır. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, böyük hadisədir. Bir islam ölkəsi kimi bizim tolerantlığımızı, modernliyimizi dünyaya nümayiş etdirəcək bir vasitədir. Buna paxıllığı tutanlar da az deyil. Hesab edirəm ki, QREKO-nun son hesabatında da bu notlar özünü büruzə verir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

ATƏT XİN Şurasının iclası başlayır: Qarabağ da müzakirə ediləcək

Bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası başlayır. Albaniyanın sədrliyi ilə keçiriləcək …

Bir cavab yazın