Şənbə , Aprel 27 2024
Ana səhifə / Müsahibə / Müharibə dayandı, “Lavrov planı” üzrə danışıqlar başlayır

Müharibə dayandı, “Lavrov planı” üzrə danışıqlar başlayır

Qarabağda qəfil alovlanan irimiqyaslı hərbi əməliyyatların 4 günlük qanlı döyüşlərdən sonra Rusiyanın işə qarışması ilə dayanmasının ardınca münaqişənin nizamlanmasına dair detalları hələ bəlli olmayan “Lavrov planı” üzrə danışıqlar başlayır.

Virtualaz.org xəbər verir ki, Minsk Qrupu həmsədrlərinin münaqişə regionuna bu gün başlayacaq səfəri zamanı əldə edilmiş atəşkəs razılaşmasının detalları ilə yanaşı Rusiyanın digər iki həmsədr ölkə ilə birgə təqdim etdiyi nizamlama planı üzrə danışıqların başlaması da müzakirə olunacaq.

“Lavrov planı” haqda məlumatlar hələ bir neçə ay əvvəldən yayılmışdı. Lakin belə görünür ki, Ermənistan tərəfi bu təkliflər üzrə danışıqlardan imtina edib. Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının aprelin 2-də gecə keçirilmiş iclasında bu haqda danışaraq deyib ki, Rusiya xarici işlər naziri tərəflərə konstruktiv nizamlama variantı təqdim etmişdi. Və həmin planda Azərbaycanın ərazi bütövlüyü prinsipi təmin olunurdu. Lakin Ermənistan bu təkliflər üzrə danışıqlardan imtina etdi.

Belə görünür ki, indi Azərbaycan tərəfi hərbi əməliyyatların dayandırılmasına dair həmsədr ölkələrin çağırışlarını bir şərtlə qəbul edib: Ermənistan danşıqlar xatirinə danışıqlar aparmaq taktikasından əl çəksin və vasitəçilərin irəli sürdüyü son təkliflər üzrə real danışıqlar prosesinə başlasın. Çünki əks halda cəbhədə verilmiş çoxsaylı itkilərin mənası olmazdı və beşgünlük müharibədən sonra yenidən 1994-cü il atəşkəsinə qayıtmaq status-kvonu daha bir müddət uzatmaqdan başqa heç nəyə yaramazdı.

Xəbər verildiyi kimi hərbi əməliyyatların dayandırılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş və dünən saat 12-dən qüvvəyə minən razılaşmadan sonra prezident Vladimir Putin Azərbaycan və Ermənistan dövlət başçıları ilə telefon danışıqları aparıb. Böyük ehtimalla bu telefon danışıqlarında tərəflərin Rusiyanın irəli sürdüyü nizamlama paketi üzrə təxirə salmadan danışıqlara başlaması da müzakirə olunub. Habelə baş nazir Dmitri Medvedyev Ermənistana çoxdan planlaşdırılan səfər planına Qarabağda yaranmış vəziyyətlə əlaqədar dəyişiklik edib, onun aprelin 7-də İrəvana səfərinin ardınca Bakıya da gələcəyi elan edilib.

Medvedyevin İrəvana səfəri ilə eyni gündə digər yüksk vəzifəli Rusiya rəsmisi-xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olacaq. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin Bakıda baş tutacaq görüşündə mərkəzi mövzu Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət olacaq. Zaxarova münaqişə tərəflərinin “nizamlama relslərinin üzərinə keçdiklərini” deyib.

Habelə bu gün elan edilib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan aprelin 8-də Moskvaya gedəcək və Sergey Lavrovla danışıqlar aparacaq. Görünür səfər Lavrovun Bakı danışıqlarının nəticələrini müzakirə etmək üçün nəzərdə tutulub.

Azərbaycan tərəfi xəbərdarlıq edib ki, indiki atəşkəs razılaşması ancaq bir halda dayanıqlı ola bilər: Ermənistan danışıqlar prosesində konstruktiv mövqedən çıxış etsin və status-kvonu müxtəlif bəhanələrlə uzatmağa çalışmasın.

“Lavrov planı”nın detalları məlum deyil. Ancaq çətin ki, Rusiya tərəflərə indiyə qədər müzakirə olunmuş nizamlama variantlarından kəskin fərqlənən, tamamilə yeni ideyalara əsaslanan hansısa təkliflər təqdim etsin. Böyük ehtimalla söhbət müxtəlif vaxtlarda müzakirə olunmuş, “Madrid prinsipləri” adı verilən və əsas müddəaları çoxdan açıqlanan nizamlama variantının yenilənmiş modifikasiyasından gedir. Və reaksiyalardan, bəyanatlardan belə nəticə çıxır ki, Azərbaycan bu variant üzrə real, intensiv sülh danışıqlarına hazırdır. Ancaq beşgünlük aprel müharibəsinin Ermənistanı da nəhayət real danışıqlar prosesinə başlaması baxımından nə dərəcədə təsirli olduğunu görmək üçün hələ gözləmək lazım gəlir…

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın