Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Korrupsiya və rüşvət bəlası ilə mübarizə epizodik olaraq həyata keçirilməməlir” – Rəşad Bayramov

“Korrupsiya və rüşvət bəlası ilə mübarizə epizodik olaraq həyata keçirilməməlir” – Rəşad Bayramov

AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov Azinforum.az-a ekskluziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Rəşad bəy məlum olduğu kimi korrupsiya və rüşvətxorluğa qarşı DTX tərəfindən aparılan əməliyyatlar icra hakimiyyətləri ilə məhdudlaşmadı. Artıq Mədəniyyət nazirliyində də əməliyyatlar keçirilib. Sizcə həbslərin digər nazirliklərdə də baş verəcəyi nə qədər realdır?

– Mən hələ bir müddət bundan əvvəl əməliyyatların İcra hakimiyyətləri ilə məhdudlaşmayacağını və yaxın zamanda eyni əməliyyatların bu və ya digər nazirliklərdə də aparılacağına dair fikirlərimi bölüşmüşdüm. Yenə də o fikirdəyəm ki, belə əməliyyatlar olacaq və olmalıdır da. Cünki icra hakimiyyətlərinin də timsalında gördük ki, onlar öz xoşlarına nə ictimaiyyətin çağırışlarından nə də prezidentin xəbərdarlıqlarından nəticə çıxaran deyillər. Nəticənin olması üçün korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daimi aparılmalı və nəticədə məmurlar köhnə vərdişlərindən əl çəkməyə məcbur edilməlidirlər.

– Mədəniyyət nazirliyindəki həbslərin davamının olacağını güman edirsinizmi?

– Mədəniyyət nazirliyində həbsərin davam edib-etməyəcəyini deyə bilmərəm, amma davam etməsinin vacib olduğu qənaətindəyəm. Çünki ortada bu qədər böyük cinayətlərin olmasına baxmayaraq, həbs olunanlar elə də böyük fiqurlar deyil. Verilən məlumatlardan məlum olur ki, mədəniyyət nazirliyində dövlət vəsaitinin mənimsənilməsi ilə yanaşı digər cinayət əməlləri də baş alıb gedib. Bakının arxitektural binalarının Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılaraq sökülməsi və yerində çoxmərtəbəli binaların tikilməsindən tutmuş mədəniyyət şöbələrinə rəhbər təyinatlarında, eləcə də, turizm şirkətlərindən və otellərdən alınan rüşvətə qədər nə desən var. Pul qarşılığında mədəniyyət nümunələrini, tarixi abidiləri satanlar dövlət idarəetməsinə doluşub bu millətin keçmişini silib gələcəyinə böyük zərbə vurmaqdadırlar. Sual olunur bu qədər cinayət hadisəsi baş verən zaman məlum nazirliyə rəhbərlik edən Əbülfəs Qarayev hara baxırdı? Dogurdanmı nazirin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövlükdən başqa bir şey deyil.

– Yəni həbslərin bir ucu Əbülfəs Qarayevə də gedib çıxa bilər?

– Gedib çıxmalıdır. Amma çıxacaqmı onu deyə bilmərəm. Əbülfəs Qarayev baş verənlərlə bağlı açıqlamalarında qeyd edir ki, “əgər neqativ faktlar varsa buna hüquqi qiymət veriləcək”. Adam bu qədər sübutlardan sonra belə “bəli neqativ faktlar var və günahkarlar mütləq öz cəzalarını alacaqlar” demir. Əgər deyərək, cinayət faktlarını şübhə altına alır. Soruşan lazımdır məsum sifət alaraq özünü baş verənlərdən xəbərsiz kimi göstərməklə nəyə nail olmaq istəyirsən? Mümkündürmü ki, bu qədər korrupsiya, dövlət əmlakını mənimsəmə, rüşvət faktları sənin xəbərin olmadan baş versin. Onda sən hara baxırdın? Xəbərin olmayıbsa da belə demək ki, sən tutduğun posta müvafiq fəaliyyət göstərə bilməmisən. Ən yaxşı halda səhvləri etiraf edib istefa vermək məcburiyyətindəsən.

– Sizcə irili-xırdalı məmur təbəqəsinin baş verənlərdən nəticə çıxarması üçün daha hansı addımların atılmasına ehtiyac var?

– Bayaq da qeyd etdiyim kimi korrupsiya və rüşvət bəlası ilə mübarizə epizodik olaraq həyata keçirilməməli, mütəmadi hal almalıdır. Bu əməlləri törədənlərlə yanaşı bu və ya digər cinayət əməllərindən xəbərdar olub ölçü götürməyən qurumların da məsulliyətə cəlb edilməsi lazımdır. Baxın icra hakimiyyətlərinin uzun iilərdir ki, dövlət əmlakını mənimsəməsi, rüşvət alması, sahibkarlardan pul tələb etməsi, vətəndaşların torpaqlarını əllərindən alması ilə bağlı məlumatlar var. Bizlər mütəmadi olaraq bu faktları sadalamışıq. Dəfələrlə bu və ya digər rayonda sahibkarlar və vətəndaşlar tərəfindən icra hakimiyyətlərinin qanunsuz əməlləri ilə bağlı məhkəmələrə müraciətlər edilib. Bu günə qədər hər hansı bir sahibkarın və ya hüquqları tapdalanmış, əmlakı, torpağı zəbt olunmuş vətəndaşın məhkəmə çəkişməsi zamanı haqqını əldə etməsinin şahidi olmusuzmu? Bir dəfə də olsun məhkəmələr tərəfindən İcra hakimiyyətlərinə qarşı qaldırılmış iddialara müsbət cavab verilibmi? Yerli prokurorluq orqanları, polis baş verənləri görmürdülərmi? Təbii ki, görürdülər. Amma nəticədə onlar da susmaqla faktiki olaraq baş verən cinayətlərə ortaq olublar. Odur ki, onlardan da hesabat tələb olunmalıdır. Bütün baş verənlərə rəğmən ölçü götürməməyin səbəbi aydınlaşdırılmalıdır. Ya onlar da icra hakimiyyətləri ilə şərik olduqlarını boyunlarına almalı ya da vəzifələrinin öhdəsindən gələ bilmədiklərini etiraf etməli və tutduqları vəzifələrdən azad olunmalıdırlar. Başqa sözlə korrupsiyaya qarşı mübarizə fəaliyyəti kompleks şəkildə həyata keçirilməlidir. Xüsusilə də məhkəmə hüquq sistemində köklü dəyişikliklər, islahatlar aparılmalıdır.

– Məhkəmə hüquq sistemində nələrin dəyişməsinə daha çox ehtiyac var?

– İlk növbədə hakimlərin təfəkkürü dəyişməlidir. Qanunları, haqqı, ədaləti bir tərəfə qoyub şəxsi mənafeni əsas götürərək qərar çıxarmağın cəzasız qalmayacağı başa salınmalıdır onlara. Adi bir misal deyim. REAL-çılarla bağlı son gurultulu bəraət hökmünə baxaq. Nə baş verdi? 4-5 il həbs yatan adamla bağlı bəraət hökmü verldi və günahsız olduğu elan olundu. Üstəlik də maddi təzminatın ödənilməsi ilə bağlı qərar verildi. Məsələyə Ali Məhkəmənin Plenumund baxılana qədər həbs haqqında qərar vermiş birinci instansiya məhkəməsi, sonrada o məhkəmənin qərarlarını qüvvədə saxlayan digər məhkəmələrin müvafiq hakimləri ilə bağlı hər hansı bir tədbir görüldümü? Adamın neçə illər həbsdə yatmasını bir tərəfə qoyuram ödəniləcək təzminat hansı vəsait hesabına ödəniləcək? Təbii ki, dövlət büdcəsindən, başqa sözlə sizin, mənim, səhərdən axşama qədər işləmək məcburiyyətində qalan sıravi vətəndaşın, sahibkarın verdiyi vergilər hesabına formalaşan büdcə vəsaiti hesabına. Yəni hakimlərin verdikləri səhv qərarlar ucbatından zərər çəkən təkcə haqqında hökm verilmiş insan olmur nəticədə büdcə vəsait itirir, dolayısı ilə hər birimiz itiririk. Odur ki, qərarları sonradan ləğv olunan hakimlərlə bağlı da müvafiq tədbirlərin görülməsi şərtdir.

– İctimai nəzarətin daha effektiv təşkili üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

– İctimai nəzarət korrupsiyanın da, digər neqativ hallaqın da qarşısının alınmasında çox əhəmiyyətli rol oynaya bilər. Bunun üçün ictimai nəzarət şuralarının yaradılmasına ehtiyac var. Həmin şuraların tərkibinə milli səviyyədə, eləcə də regional səviyyədə tanınmış ziyalıların, QHT-nın, ayrı-ayrı siyasi partiya təmsilçilərinin cəlb olunması lazımdır. İctima nəzarət şuralarının müxtəlif məsələlərlə bağlı hazırladıqları hesabatlar DTX, DİN, Prokurorluq orqanları ilə yanaşı prezident adminstrasiyasının müvafiq şöbələinə də təqdim olunmalıdır. Başqa sözlə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə bütün vətəndaşlarımızın birgə mübarizəsi təşkil olunmalıdır. Bu baş verəcəksə arzuladığımız güclü, demokratik, varlı, hüquqi dövlət qurmağımız mümkün olacaq.

Çinarə Seyidova, Azinforum.az

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …