Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Əkrəm son yüz ildə Azərbaycanda yetişən ən böyük yazıçıdır” – Rüstəm Behrudi

“Əkrəm son yüz ildə Azərbaycanda yetişən ən böyük yazıçıdır” – Rüstəm Behrudi

Tanınmış şair Rüstəm Behrudinin “kulis.az” saytına müsahibəsini təqdim edirik:

– Rüstəm müəllim, səhhətinizlə bağlı problem yaranmışdı. İndi necəsiniz?

– İki-üç il əvvəl ürəyimdən əməliyyat olundum, stend qoydular. Sonra yenə özümü pis hiss etdim, yenə əməliyyat edib bu dəfə iki stend də qoydular. İndi yaxşıyam, normalam.

– Təki yaxşı olun. İstəyirəm söhbətə sizin sevimli məşğuliyyətinizdən başlayaq. Balıq ovlamağı sevirsiniz. Ova harada gedirsiniz?

– Salyan tərəfdə Kürsəngi deyilən bir yer var. Orada göl, kanal var. Dostlarımın da həmin yerdə öz məkanları var. Elə onların məkanında ov edirəm.

– Nəsə tuta bilirsiniz, ya elə belə?

– Yox, yox, mən yaxşı balıqçıyam. Yaxın dostlarımla gedirəm, özləri şahiddir. Elə gün olur on-on beş sazan tuturam, onlar heç bir dənəsini də tutmur. Biz Naxçıvanda uşaqlıqdan balıq tutmağı öyrənirik. Ordubadda Arazdan sonra ikinci böyük çay var, Gilançay, biz ona Uluçay da deyirik, doqquz-on yaşımdan orada balıq tuturdum. Balıq tutmaq şeir yazmaq kimidir. Orada da magiya var. Ümumiyyətlə, balıq mənə bütün digər heyvanlardan daha fərqli gəlir, çünki balıqların dili olmur.

– Tutduğunuz ən böyük balığın çəkisi nə qədər olub?

– Ovçu Pirimin nağılları var da. Gopçu Pirim də deyirlər ona (gülür). Adətən ovçular belə şeyləri yadda saxlayırlar. Mənim tutduğum ən böyük balıq da sazan olub, təxminən 5 kiloya yaxın idi. Bir hadisəni də danışım. Yanvar ayı idi, balığa getmişdim. Soyuqlu gündə tilovuma bir balıq keçdi, ilk dəfə idi ki, balıq məni dartıb suya salırdı. Su çox soyuq idi, az qala boğulurdum. Kömək eləyib çıxartdılar.

– Deyəsən, bir dəfə də özünüzü suya atıb intihar etmək istəmisiniz. Səbəbini deməmişdiniz.

– Hə, 43 yaşımda. Şıxovda özümü dənizə atmışdım. İnsan nə vaxt intihara qərar verir? Yaşamaq ölümdən daha qorxulu olanda. Yəqin elə anlarımdan biri olub. İndi təfərrüatı ilə xatırlamıram. Çünki həyatımda elə anlar çox olub. Həm də mənim şəkərim var deyə yaddaş problemim olur. Uğursuz intiharların hamısı sonradan insanın həyatında dəyişikliklərə səbəb olur. Amma deyə bilmərəm ki, bu dəyişikliklər həmişə yaxşı olur.

– İntihar cəhdinizin uğursuz olmasına sevinməmisiniz?

– Elə şeylər bir neçə dəfə baş verib, amma heç vaxt sonradan bu haqda düşünməmişəm. Niyə baş verib, necə olub? Mən anlarımı yaşayan adamam. Nə istəsəm eləmişəm. Şairin həyatında anları yaşamaqdan daha gözəl şey yoxdur. Nəsiminin dediyi kimi:

Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm.

– İndi xoşbəxtsiniz?

– Xoşbəxtlik insanlar üçün dəyişir. Mən bütün həyatımı nigarançılıq içində yaşamışam, elə indi də belədir. Anları yaşamaq cəhdim də bu nigarançılıqdan qurtulmaq üçündür. Nigarançılıq da dünyadakı ən ağır duyğudur. Bütün türk dünyası məni tanıyır, amma bu məşhurluq da məni xoşbəxt edə bilmədi. Hərənin bir missiyası olur həyatda. Mənim missiyam yazmaq, türkçülüklə, milliyətçiliklə bağlıdır və bu missiyada xoşbəxt olmaq yoxdur.

– Televiziyada sizi görmürük. Səbəbi nədir?

– Az qala otuz ilə yaxındır verilişlərə getmirəm. Birdəfəlik imtina etdim kanallara çıxmaqdan. AzTV-yə ümumiyyətlə heç vaxt getməmişəm. “Şaman duası” kitabı çap olunan vaxt bir-iki dəfə getdiyimdi. Məni müxalifətçi bilirdilər deyə, dəvət etmirdilər. İndi də elə bilirlər. Keçən dəfə “Mədəniyyət” kanalından çağırmışdılar, orada təqdimatımı yazanda dedim, sadəcə adımı yazın, heç bir mükafatı-filan qeyd etməyin, xalq məni tanıyacaqsa, elə adımla tanısın. Mənim üçün adlar, mükafatlar dəyərli deyil. Məsələn, Xalq şairi adının mənim üçün heç bir dəyəri yoxdur. Hər gün efirə çıxan Xalq şairləri məndən daha məşhurdurlar, ya məndən daha çox sevilirlər? Mənim kitabım daha çox satılır, ya onların? (gülür).

– Xalq şairi adını almaq istəmirsiniz?

– Xeyr. İstəmirəm. Versələr də qəbul etmərəm. Mənim öz ölçülərim var. Arxasında yaradıcılıq olmayan ad, mükafat kimə lazımdır? Bir də ki, Azərbaycan ədəbiyyatında nümunələr var da. Məsələn, Əkrəm Əylisli nümunəsi. Deməli, verilən bir şeyi səndən geri ala bilərlər (gülür). Ona görə də belə şeylərə can atmaq axmaqlıqdan başqa bir şey deyil.

– Siz özünüz bu ada kimi layiq görürsünüz, kimi yox?

– Ümumiyyətlə, bu adın mahiyyətini anlamıram. Dünyanın heç bir yerində Yazıçılar Birliyi yoxdur. Daha çox sovet ölkələrində ideologiyanın təbliği üçün lazım olan bir qurumdur. Avropa ölkələrindəki birliklər tamam fərqlidir. Yazıçıların özlərinin yaratdığı birliklərdi onlar. Dövlətin nəzarətində olan yazıçılar birliyi heç bir yerdə yoxdur.

– Amma siz də Yazıçılar Birliyinin üzvü olmusunuz.

– Cavan yaşımda üzv olmuşam. Üstündən otuz-otuz beş il keçib. Üç-dörd il əvvəl bunun mənasız olduğu qərarına gəlib oradan çıxdım. Anara, ya da orada olan digərlərinə qarşı heç bir qərəzim yoxdur, ancaq AYB heç vaxt Azərbaycanın tale yüklü məsələlərində öz sözünü demədi. O zaman orada olub onların günahlarına şərik olmağım nəyə lazımdır?

– Əkrəm Əylislidən danışdınız. Mənə maraqlıdır, bir türkçü kimi, millətçi kimi “Daş yuxular” əsəri haqqında nə düşünürsünüz?

– Əkrəm mənim çox sevdiyim yazıçıdır. Yaxın dostumdur və bir yazıçı kimi uşaqlıq arzularımın ifadəsidir. Əkrəm həmişə axına qarşı üzən adam olub. Burada həm başqalarından fərqlənmə istəyi olub, həm də bəzən doğrudan belə düşünüb. Əkrəm son yüz ildə Azərbaycanda yetişən ən böyük yazıçıdır. O əsərlə də axına qarşı üzmək istədi, ancaq bu dəfə o axının suyu çirkabın içində idi.

– Bu əsəri fərqlənmək üçün yazdığını düşünürsünüz?

– Bilmirəm, bəlkə doğrudan elə bu cür düşünüb. Əkrəm bunu eləməməli idi. O əsəri bircə cümlə ilə xilas etmək olardı. Orada həmin “yeraz”ın ermənini niyə öldürmək istədiyini yazmalı idi. Bədii yolla 250 min azərbaycanlının Ermənistandan Azərbaycana qovulmasını da yazmalı idi. Bunun hikkəsini, acığını çıxmaq üçün ermənini öldürmək istədiyini yazsa, əsəri xilas edə bilərdi. Onun bu hərəkətini qəbul eləmədim. Özünə də dedim.

– Bəs, o nə dedi?

– Dedi, dadaş, artıq yazmışam, bitibdi. Çox tərs adamdı. Azərbaycan ədəbiyyatında o qədər Xalq şairi, Xalq yazıçısı var ki, onları çıxarsaq ədəbiyyatımız heç nə itirməz, amma Əkrəmi çıxarsaq, nəsrimizdə nə qədər ağappaq, boş səhifələr qalar. Belə yazıçılarımız çox azdı.

– Şeirdə, ədəbiyyatda bəşəriliyin ən vacib element olduğunu deyənlər var. Sizsə daha çox türkçülükdən, milliyətçilikdən yazırsınız.

– Bəşərilik, beynəlmiləlçilik, qloballıq kimi dəyərlərin hamısı mənə görə uydurmadır. Bu anlayışların çoxunu yəhudilər yaradıb. Elə “Tövrat”dan üzü bəri. Yəhudilər öz yazdıqlarına əməl etməyən yeganə xalqdır. Bu cür anlayışları da başqa xalqlar üçün yaradırlar. Yer üzündə təxminən 15 milyon yəhudi var. Sizcə, yəhudi qloballaşmaq istəyər? İstəməzlər, çünki bu kiçik sayla assimilyasiyaya uğrayıb yoxa çıxarlar. Adicə pandemiya bizə göstərdi ki, bəşərilik, qloballaşmaq kimi cəhdlərin hamısı fiaskodur. Bütün ölkələr qapanmaya gedib yalnız öz vətəndaşlarını düşündü, öz insanını qorumağa, xilas etməyə çalışdı. Bəs harada qaldı beynəlmiləlçilik? Deməli, hamısı yalan imiş

– Bildiyim qədərilə siz müsəlman da deyilsiniz…

– Bir şeirim var, orda belə deyirəm:

Qaldır yerə düşən andı,

Dur adıma bir şam yandı,

Mənim haram müsəlmandı?

Mənə tövbə olmaz daha.

Təbii ki elədir. O gün verilişdə də dedim, sizin Allahınız mənim Allahım deyil. Mənə görə Tanrı tamam fərqlidir. “Tövrat”ın, “İncil”in, “Quran”ın, Musanın, İsanın, Məhəmmədin anlatdığı deyil. Onlar da sirli bir şeylər bilirdi, ancaq insanlara anlatmadılar. Ona görə də dinlər biri-birini əvəzlədi. Mən düşünürəm ki, 50 ilə dünyada yeni bir din ortaya çıxacaq. Hazırda buna doğru gedirlər. Səbəbini də deyim. Artıq zənginlər kasıblarla, dilənçilərlə eyni Allah tərəfindən yaradıldıqlarını qəbul eləmək istəmirlər. Bir dahi ilə əfəli eyni Allahın yaratdığına necə inanmaq olar? Bu düşüncə ilə yeni bir din yaradılacaq. Dinlərlə, inanclarla bağlı bir kitab yazmışam, yaxın zamanda çap olunacaq, amma üzərində imzam olmayacaq.

– Niyə?

– İmza vacib deyil. Əsas odur kitab oxunsun. İstəmirəm müəllifini bilsinlər.

– Şeirlərinizin əksəriyyəti pessimistdir. Kədər, ölüm, ayrılıq…

– Bunu mənə çox deyirlər. Dostum akademik İsa Həbibbəyli də bunu demişdi, mən də ona cavabımda yazmışdım: poeziya xoşbəxtlərin paradı deyil ki, burada ucadan xoşbəxtlik şeirləri oxusunlar. Poeziya əslində sevincdən süzülən kədərdir. Həmin kədərdir poeziya və böyük mənada ədəbiyyat! Tək ədəbiyyatda yox, bütün sənət sahələrində belədir. Xoşbəxtliyi tək yaşaya bilirik, amma kədəri yox. Kədər paylaşılan duyğudur. Mənim yazdıqlarım Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin, Kamal Abdullanın yazdıqlarından fərqlidir. Onlar da dostlarımdı, yazdıqları da gözəldi, amma mənim yazdıqlarım onların yazdıqlarından fərqlidir. Mənə görə, fərqlilik gözəllikdən də vacibdir.

– Bir çox ölkələrdə olmusunuz. Sizə ən maraqlı gələn hansıdır?

– Ən çox üç ölkə yadımda nağıl kimi qalıb: Kuba, Cənubi Afrika və Vyetnam. Qeyri-adi, qəribə ölkələrdir. Şəhərləri, adamları, təbiəti… Elə bil, bu yer üzünün adamları deyillər.

– Fərqləri nədir?

– O adamları heç vaxt hirsli, hikkəli görmədim. Adamın üzünə baxıb gülürlər. Xüsusən də vyetnamlılar. Biz onlara vyetnamlı deyirik, amma o xalqın əsl adı vyetdir. Bütün xalqlar öz qəhrəmanlıqlarından danışır, amma onların elədiyi qəhrəmanlıqları heç kim eləyə bilməz. Müharibə zamanı Amerika qərargahlarına 250 kilometrlik yüzlərlə tunellər qazıblar, o tunellərlə gedib o qərargahları partladıb geri qayıdıblar. Kubada yerli əhali demək olar ki, yoxdur. Təxminən 5 minə yaxın yerli əhali qalıb. Onlar nə işlə məşğuldur? Əkin-biçin edib məhsul yığırlar, sonra həmin məhsuldan özlərinə bəs edəcək qədərini götürüb qalanını digər insanlara, evsiz-eşiksizlərə, kasıblara, ehtiyacı olanlara paylayırlar. Cənubi Afrika da çox maraqlıdır. Nelson Mandeladan sonra daha çox inkişaf etdilər. O, hakimiyyətə gələnə kimi çox biabırçı qanunlar vardı. Məsələn, hər bir ağ adam ildə 5 zənci öldürə bilərdi və buna görə məsuliyyətə cəlb olunmurdu. Bir zəncidən bunu soruşdum, dedim, bəs onda siz neyləyirdiniz? Gözləri doldu, dedi, nə edə bilərdik? Tək təsəllimiz o idi ki, onlar da, həmin o ağ adamlar da nə vaxtsa öləcək.

– Rüstəm bəy, yaranızı qanatmaq istəmirəm. amma soruşmağa məcburam. Bir müddət əvvəl qardaşınızın oğlu intihar etdi.

– Bu hadisə məni çox sarsıtdı. Hələ də təsirindən çıxa bilməmişəm, ona görə də bu haqda danışmaq istəmirəm.

– Deyəsən, ona şeir həsr etmisiniz…

– Hə. “Duman olub qayıtmaq” şeirimi ona ithaf etmişəm. Bir gün gedənlərin hamısı dönəcək.

Gecə…Sükut…Yalnızlıq…

Hər yan uçrum, mən duman;

Vaxtsız gələn xəbərdi,

Gecəyə çökən duman.

Gecə… Hüzün, kədər-qəm…

Dəniz susub, ay batıb;

Kimdi görən bu vaxtı,

Duman olub, qayıdıb?!

Bu didərgin kimdi, kim,

Nə axtarır, ay aman;

Şəhərin küçələrin,

Dolaşıb duman-duman?!

Gecəyə çökən duman,

Görən kimin ruhudu?

Kaş oyanam yuxudan,

Görəm hər şey yuxudu…

Duman olub, qayıdıb,

Kim bitirər bu yası?

Bir gün dönüb gələcək,

Gedənlərin hamısı.

Gecə… Sükut… Yalnızlıq,

Hər yer uçrum, mən duman;

Vaxtsız gələn xəbərdi,

Gecəyə çökən duman…

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …