Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Müsahibə / Qarabağda 11 min suriyalı erməni yerləşdirilib – böyük təhlükə

Qarabağda 11 min suriyalı erməni yerləşdirilib – böyük təhlükə

İki erməni nazirdən bir şok etiraf; Azərbaycan ərazilərində etnik təmizləmə aparmış işğalçı Ermənistan bölgədə demokqrafik situasiyanı öz xeyrinə dəyişməkdə davam edir; Bakı və həmsədr ölkələr hərəkətə keçəcəkmi?..

Ermənistan işğal etdiyi Dağlıq Qarabağda və ətrafında demoqrafik situasiyanı qəti olaraq öz xeyrinə dəyişmək uçun bir gün də dayanmır, süni məskunlaşma siyasətini davam etdirir. Bu barədə zaman-zaman yazmışıq.

Son dövrlər Suriya və İraqda vəziyyətin kəskinləşməsi səbəbindən Yaxın Şərq ermənilərinin müəyyən qisminin Ermənistan vasitəsilə Azərbaycan torpaqlarına – etnik təmizlənmə aparılmış ərazilərimizə “köçməsi” ilə bağlı məlumatlar gəlməkdədir. Gəlmə ermənilərin sayı haqda bu günədək dəqiq informasiya yoxdur. Lakin dünən erməni saytlarına istinadən və iki erməni nazirin bu mövzuda bir-birindən xəbərsiz verdikləri rəsmi açıqlamaları tutuşdurduqda ortaya şok mənzərə çıxdı.
Ondan başlayaq ki, sentyabrın 8-də Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Fransanın xarici işlər naziri Loran Fobiusun dəvəti ilə Parisdə Yaxın Şərqdəki milli-dini azlıqlara qarşı zorakılılara həsr olunan beynəlxalq konfransda iştirak və çıxış edib (1 in.am). Tədbirdə 60-a yaxın ölkənin nümayəndə heyəti, beynəlxalq təşkilatların rəhbərləri, ruhaniyyət təmsilçiləri, Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini iştirak ediblər.
Konfransda Nalbəndyan da çıxış edib. Saytın yazdığına görə, Nalbəndyan konfrans iştirakçılarının diqqətinə ölkəsinin Yaxın Şərq bölgəsində baş verənlərlə bağlı dərin narahatlıq keçirdiyini, İŞİD terror qruplaşmasının əməllərini pislədiyini çatdırıb.
Ardınca isə o, ənənəvi erməni pafosu ilə deyib: “Erməni xalqı əsrlər boyu Yaxın Şərqdəki mədəni müxtəlifliyin xüsusi tərkib hissəsi olub. Biz bu bölgənin xalqlarına minnətdarıq ki, bir əsr əvvəl ”genosid”dən qorunmağa çalışan bizim yüz minlərlə həmvətənimizə sığınacaq verib. Bu gün həm bu xalqların, həm də oradakı etnik-dini icmaların mövcudluğuna ciddi təhlükə yaranıb”.
Və ən önəmli məqam – nazir sonra bildirib: “Zorakılıqlar bizim həmvətənlərimizi də haqlayıb, onların bir çoxu terror hücumlarına məruz qalıb, erməni yaşayış məntəqələri, kilsələr, mədəni və tədris müəssisələri məhv edilib. 100 il öncəki kimi, on minlərlə erməni Yaxın Şərqin digər xalqları kimi bu gün məcburi emiqrasiya yolu tutub. Təkcə Suriyadan 15 min erməni Ermənistana gəlib”.
***
“Ermənistana axın edən suriyalı ermənilərin sayı artıb”. Bunu isə lragir.am saytına açıqlamasında Ermənistanın diaspor naziri Firdus Zakaryan söyləyib (axar.az). Onun sözlərinə görə, hazırda Ermənistana gələn suriyalı ermənilərin sayı 4000 nəfərə çatıb.
Sitat: “Son iki ayda bu axın artib. Biz artıq bununla bacarmaq gücündə deyilik. Ermənistana adətən evini itirmiş insanlar gəlir. Əgər suriyalı ermənilər təkcə İrəvanda yox, başqa yerlərdə də yaşamağı qəbul etsəydilər, o zaman hər şey yaxşı olardı. Lakin onları da başa düşmək olar. Çünki onlar İrəvandan başqa Ermənistanın heç bir yerində iş tapa bilməzlər”.
***
İki erməni nazirin, iki rəsmi şəxsin suriyalı erməni qaçqınlarla bağlı söylədiyi iki müxtəlif rəqəm dərhal diqqət çəkir. Belə ki, Nalbəndyan Ermənistana 15 min Suriya ermənisinin gəldiyini bəyan edirsə, diaspor naziri 4 min (!!) rəqəmini səsləndirir. Aradakı fərq isə – 11 min edir. Bəs bu qədər qaçqın erməni hara yox oldu? 
Məntiq deyir ki, diaspora nazirinin rəqəmi daha mötəbərdir, çünki bu, sırf onun sahəsidir. Deməli, yerdə qalan 11 min qaçqın erməni Ermənistandan sonra yollarını başqa səmtə davam etdiriblər. Hara?
Hər halda, Gürcüstana (Cavaxetiya), Türkiyəyə, İrana suriyalı qaçqınların gəldiyi haqda heç bir informasiya yoxdur. Qalır – işğal altındakı Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar. İndiyədək Qarabağda əcnəbi ermənilərin yerləşdirilməsi barədə  çoxsaylı məlumatların olduğu ciddiyə alınarsa, böyük ehtimalla, həmin 11 min suriyalı erməni də İrəvandan məhz elə Azərbaycan torpaqlarına yönləndirilib.
Şübhə yox ki, təcavüzkar ölkə bununla “1 güllə ilə üç dovşan” vurmaq istəyib: 
1. “Suriya kartı”nı bəhanə edib  Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti gələcək üçün köklü şəkildə öz xeyrinə dəyişmək və işğala haqq qazandırmaq. 
 
2. Ermənistandan və Dağlıq Qarabağdan xaricə (Rusiya) davam edən böyük köçü müəyyən qədər kompensasiya eləmək.
 
3. Onsuz da çoxdan iqtisadiyyatı ağır vəziyyətdə olan Ermənistanın durumunun əlavə qaçqın ordusu ilə bir az da ağırlaşmasından yayınmaq. Axı diaspor nazirinin etiraf elədiyi kimi, insanlar İrəvandan başqa Ermənistanın heç bir yerində iş tapa bilməzlər. Amma Dağlıq Qarabağda indi artıq German Sterliqov kimi avantürist milyonçular hesabına yeni iş yerləri açmaq mümkündür, üstəlik, diaspora ora xüsusi qayğı ayırır.
***
Bir şeyi yaddan çıxarmaq olmaz ki, düşmən ölkə üçün Azərbaycan ərazilərinin erməniləşdirilməsi (söhbət təkcə süni məskunlaşmadan getmir, həm də mədəni-tarixi irsi errməniləşdirməkdən gedir) çoxdan 1 nömrəli prioritet elan edilib. Bu üzdən düşünmək ki, iki nazirdən biri səhvə yol verib, yanılıb – ciddi yanlışlıq olar. İki nazir, sadəcə, bir şok etirafda bulunub – bir-birindən xəbərsiz…   

Bütün bunlardan sonra qalır məsləyə rəsmi Bakının və əlbəttə ki, vasitəçilərin reaksiyası.

 

Həmçinin oxuyun

SOCAR-ın cavabı varmı: Niyə qiymət iki dəfədən çox artdı? – MÜSAHİBƏ

İlham Şaban: “Neft gəlirlərində 2,5 milyard dollara qədər azalma müşahidə olunacaq” Azərbaycanda neft hasilatının azalması …

Bir cavab yazın