Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / Ermənilər Ağdərədən qaçmağa hazırlaşır: “Hələ belə güclü raket-artilleriya atəşi görməmişdik…”

Ermənilər Ağdərədən qaçmağa hazırlaşır: “Hələ belə güclü raket-artilleriya atəşi görməmişdik…”

İşğal altındakı Ağdərə rayonunun təmas xəttinə yaxın kəndlərində qanunsuz məskunlaşmış erməni sakinlər Azərbaycan ordusunun son raket-artilleriya zərbələrindən qorxuya düşərək evlərini tərk etməyə hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Kavkazskiy uzel” portalının Ağdərənin təmas xəttinə yaxın Talış və Maqadis kəndlərindən hazırladığı reportajda deyilir.
Bu kəndlərdə yaşayan ermənilər deyirlər ki, sentyabrın 24-25-də atəşkəs dövrünün ən intensiv atışmalarına şahid olublar. Talış kəndi Ağdərənin rayon mərkəzindən 28 kilometr məsafədə, təmas xəttinin 3 kilometrliyində yerləşir. Bu kənddə 140-ı uşaq olmaqla minə yaxın erməni yaşayır.
Maqadis kəndi isə Talış kəndi ilə Ağdərə rayon mərkəzi arasında yerləşir. Orada 150-i uşaq olmaqla 700-ə yaxın erməni var.
Ermənilər etiraf edirlər ki, atışma zamanı Azərbaycan ordusu birbaşa kəndi, mülki sakinləri hədəf almayıb. Bu səbəbdən mərmilər kəndə düşməyib və erməni sakinlərdən ölən yoxdur.
Ancaq Talış kəndinin icma rəhbəri Vilen Petrosyan deyir ki, onlar hələ bu cür güclü atışma görməmişdilər: “Qarabağ müharibəsindən bu yana bu cür intensiv və güclü raket-artilleriya zərbələri görməmişdik. Azərbaycan mövqeləri tərəfdən sentyabrın 24-ü axşam və 25-i axşam kənd istiqamətində güclü raket zərbələri endirildi. Lakin mərmilər kəndin üstündən uçdu və təxminən 1 kilometr aralıda təpəlikdə partladı”.
V.Petrosyan deyir ki, Ağdərə “rayon administrasiyasından” ona atəşin reaktiv raket artilleriya qurğusundan açıldığını deyiblər. “Onların hədəfi hərbçilər idi, çünki kənd döyüş postlarından cəmi 3 kilometr məsafədə yerləşir, istəsəydilər, birbaşa kəndi vurardılar”- Petrosyan bildirir.
Ancaq o istisna etmir ki, gələn dəfə hədəf birbaşa kənd olacaq.
Onun sözlərinə görə, kənd sakinləri uşaqları üçün qorxuya düşüb: “Mən təkrar atışmaları istisna etmirəm. Nə qədər ki Qarabağ münaqişəsi həll olunmayıb, təhlükə var. Ona görə də mən hökumət qarşısında vəziyyətin kəskinləşməsi halında qadın və uşaqları çıxarmaq üçün ehtiyat yolun çəkilməsi üçün məsələ qaldırmışam”.
Vilen Petrosyan deyir ki, hazırda Talış kəndinə aparan yol düzənlikdən keçir və Azərbaycan ordusunun mövqelərindən aydın görünür.
Maqadis kəndinin icma rəhbəri Zaven Avanesyan isə deyir ki, sentyabrın 25-də kəndin yaxınlığında “iri mərmilər partlayırdı”.
“Kəndi vurmurdular, ancaq mərmilər kəndin üstündən uçub çölə və ya çaya düşürdü. Ona görə də əhali arasında yaralanan və ölən yoxdur”-Avanesyan bildirir.
Talış kəndində yaşayan erməni Nikolay Abelyan da deyir ki, hətta ötən ilin avqustunda da belə güclü atışma olmamışdı: “Bir də belə atışma olsa uşaqları və qadınları kənddən çıxarmaq niyyətindəyəm”.
Erməni bildirir ki, həmin atışmadan sonra kənddə xof yaranıb, hər kəs bir-birini görəndə arzu edir ki, kaş müharibə olmasın.
“Mən Azərbaycan hakimiyyətinə, bizim hakimiyyətə müraciət edirəm, dünya dövlətlərinə müraciət edirəm ki, dinc sakinləri təhlükədə qoymasınlar”- bunu isə Talış kəndində yaşayan erməni qadın deyir.
Xatırladaq ki, Ermənistan ordusunun Azərbaycanın sərhəd kəndlərini və təmas xəttindəki möqelərini iriçaplı minaatanlardan, pulemyotlardan və digər ağır silahlardan atəşə məruz qoymasına cavab olaraq ordumuz düşmənin Tərtər-Goranboy istiqamətindəki mövqelərinə, o cümlədən taktiki dərinlikdə yerləşən hədəflərinə güclü raket-artilleriya zərbələri endirib.
Nəticədə düşmən 4 əsgərini itirib, 16 əsgəri yaralanıb. Bu zərbələr Ermənistan rəhbərliyinin isterik reaksiyalarına səbəb olub.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın