Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Müsahibə / Erməni jurnalistləri təmas xəttində çəkilişi “Kalaşnikov”la aparıb?

Erməni jurnalistləri təmas xəttində çəkilişi “Kalaşnikov”la aparıb?

Bu gün Ermənistanın “Şant” telekanalı çəkiliş qrupunun Qarabağda, təmas xəttinin şimal istiqamətində (Talış kəndi) Azərbaycan ordusunun mövqelərindən iri çaplı silahla atəşə tutulduğunu, nəticədə çəkiliş qrupunun operatoru David Atoyanın yaralandığını açıqlayıb. 

Bildirilir ki, insident “Mövqelərdə” proqramının çəkiliş qrupunun ötən gün mayın 10-da axşam saat 18.00 radələrində təmas xəttindəki erməni mövqelərində çəkiliş aparması zamanı baş verib. Virtualaz.org xəbər verir ki, erməni tərəfi öz ənənələrinə sadiq qalaraq dərhal Azərbaycan tərəfini Cenevrə konvensiyasını pozmaqda və jurnalistləri hədəfə almaqda günahlandırmaq üçün kampaniya başladıb.

Lakin deyəsən ermənilər özləri bu kampaniyanı başlamazdan əvvəl ciddi səhvə yol veriblər. “Novosti Armenia” agentliyi “Şant” telekanalının həmin insidentdən bəhs edən videosüjetini yayıb və kadrlardan məlum olur ki, erməni jurnalistlərinin çəkiliş qrupu hərbi kamuflyaj şəklində rənglənmiş “Shevrolet Niva” avtomobilində hərəkət ediblər. 

Üstəlik avtomobilin salonunda “Kalaşnikov” avtomatı var.

Hansı ki, erməni tərəfi dalbadal bəyan edir ki, jurnalistlər mülki maşında olublar və onların üzərində çəkiliş texnikası, telekameradan başqa heç nə olmayıb. Lakin bu kadrlar danılmaz sübutdur ki, indiki halda erməni jurnalistlərin hərəkət etdiyi avtomobilin Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşdirilmiş bölmələri üçün tam qanuni hədəf olduğu bəlli olsun. Çünki hərbi kamuflyaj daşıyan və salonunda hərbi geyimli, “Kalaşnikov”la silahlanmış adamların olduğu istənilən avtomobil istənilən münaqişə zonasında qarşıduran tərəf üçün qanuni hədəfdir.

Cenevrə Konvensiyasına əsasən silahlı münaqişə zonalarında işləyən jurnalistlər iki kateqoriyaya bölünürlər: hərbi müxbirlər və münaqişə zonasına ezam edilmiş jurnalistlər. Beynəlxalq humanitar hüququn əsaslarına görə münaqişə zonasında olan hər iki kateqoriyadan olan jurnalistlər mülki şəxs statusundadır. Lakin beynəlxalq humanitar hüququn normalarına görə əgər jurnalistlər bu və ya digər silahlı birləşmənin tərkibinə daxil olarsa, müxtəlif hərbi obyektlərin yaxınlığında yer alarsa onlara konvensiya ilə təmin edilmiş immunitet qüvvəsini itirir.

Eyni zamanda hərbi forma, kamuflyaj istifadə edən jurnalistlər Cenevrə konvensiyası ilə tənzimlənən beynəlxalq humanitar normaların təsiri altına düşə bilməzlər. Çünki bu halda jurnalist adi hərbi qulluqçudan fərqlənmir və qarşı tərəfin onu hədəf alması tam legitimdir. Cenevrə konvensiyasının 79-cu maddəsinə əlavə edilmiş 1 nömrəli protokolda göstərilir ki, münaqişə zonasında olan jurnalist istənilən halda əlinə silah götürə bilməz. Bu halda beynəlxalq humanitar hüquqa görə o, artıq jurnalist deyil, hərbi qulluqçdur və öz birbaşa vəzifəsinin icrası əvəzinə hərbi münaqişənin iştirakçısına çevrilir.

Göründüyü kimi indiki halda “Şant” telekanalının çəkiliş qrupuna heç bir halda beynəlxalq humanitar hüququn  jurnalistlərin münaqişə bölgəsində qorunmazını tənzimləyən normaları şamil edilə bilməz. Çünki onlar hərbi geyimdə olublar, hərbi kamuflyaj daşıyan avtomobildə hərəkət ediblər və üstəlik silahlı olublar.

Virtualaz.org ermənilərin yaydıqları bu video ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bu barədə aşağıdakıları bildiriblər: “Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb. Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”.

Qondarma “dqr müdafiə nazirliyi” isə bu arada bildirir ki, Azərbaycan ordusu təmas xəttinin Goranboy-Talış istiqamətində tankları ön xəttə yeridib, daha sonra geri çəkib. Erməni tərəfinin iddiasına görə Azərbaycan ordusunun 10-a yaxın tankı həmin istiqamətdə təmas xəttinə irəliləyib, təxminən iki saat sonra əvvəlki mövqelərinə geri qayıdıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, düşmənin mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutmasına cavab olaraq onların mövqelərinə zərbələr endirilib.

 

Həmçinin oxuyun

Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar

Atalarının davamçısı olan iki qardaş – söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot …

Bir cavab yazın