Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Media / Xəzər dənizi ilə bağlı həyəcan siqnalı: “Artıq etiraf etməliyik…”

Xəzər dənizi ilə bağlı həyəcan siqnalı: “Artıq etiraf etməliyik…”

İyun ayı başa çatır, amma hələ də bütün ölkə ərazisində yay havasına keçildiyini söyləyə bilmərik. Qış ərzində də kifayət qədər donan insanlar, dənizə gedib istirahət etmək üçün havaların daha çox qızmasını gözləyirlər. Amma dəniz sahillərinin natəmiz, sahil sularının isə çirkli olması bu ərazilərdə insan orqanizmi üçün zərərli bakteriyaların və bir çox xəstəliklərin mənbəyi olması riskini artırır.

Tibb elmləri doktoru Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin göl olaraq, okeana çıxışı olmasa da, ərazisi böyük olduğu üçün burada qabarma və çəkilmə prosesləri gedir: “Dəniz suyu da daima özünü təmizləməyə meyllidir. Dəniz suyu xeyli duzlu olduğundan özü bir bakteritit təsir göstərir və mikrobların burada çoxalmasına imkan vermir”.

Bununla yanaşı, mütəxəssisin sözlərinə görə, müvafiq qurumlar çimərlikləri mütəmadi yoxlamalıdırlar ki, bəzi bakteriyaların olub-olmadığı bəlli olsun: “Dəniz suyunda bağırsaq çöplərinin miqdarını aidiyyəti qurumlar təyin edir. Bu yoxlamadan sonra bilmək olur ki, burada insanlar çimə bilər, ya yox. Eyni zamanda, suyun çirkləndirilməsinin qarşısı alınmalıdır və müvafiq qurumlar buna nəzarət etməlidir”.

“O ki qaldı Xəzər dənizinin Azərbaycana aid olan hissəsinə, bura daima nəzarətdə olmalıdır. Amma buranın xəstəlik mənbəyi olması barədə deyilənlər doğru deyil. Əksinə, şirin su hövzələrinə diqqət daha çox olmalıdır. Çünki şirin su hövzələrinə bir mikrobun düşməsi xeyli sayda insanın məhv olmasına və ya xəstəliyə yoluxmasına səbəb ola bilər” – deyə professor əlavə edib.

Tibbi ekspert Rasif Bağırov isə açıqlamasında iddia edib ki, bu gün Xəzər dənizinin suyu çox çirklidir və çimməyə yararsızdır: “Bu, fakt etiraf edilməlidir. Ən azından kanalizasiya xətlərinin Xəzərə axıdılması və dənizin sahil qumunun suya yaxın hissəsinin çirkli olması dənizin suyunu daha da çirkləndirir”.

“Sahil suları da mikroorqanizmlərin yaranmasına səbəb olur. Bura mədə-bağırsaq və dəri xəstəlikləri kimi xəstəliklərin mənbəyidir. Bəzən insanların immunitetinin möhkəm olması, onları infeksiyaya yoluxmaqdan qoruyur. Amma dəniz suyunda belə infeksion xəstəlikləri kifayət qədərdir” — R. Bağırov vurğulayıb.

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın