Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Media / “Vətəndaşlarımızın maaşlarının az olması məni narahat edən əsas məsələdir” – Bəhram Bağırzadə

“Vətəndaşlarımızın maaşlarının az olması məni narahat edən əsas məsələdir” – Bəhram Bağırzadə

Tanınmış yumor ustası, şoumen, ‘məkdar artisti Bəhram Bağırzadə Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

-Siz dövrümüzün intellektual yumor ustalarından birisiniz. Hazırda efirlərdə yayımlanan əyləncə proqramlarını və komediya filmlərini bir mütəxəssis kimi necə qiymətləndirirsiniz?

-İlk öncə demək istəyərdim ki, mən mütəxəssis deyiləm. Mən həvəskaram və elə də qalacam. Bəlkə gələcəkdə nə vaxtsa özümə peşəkar deyə bilərəm. O ki qaldı, verdiyiniz suala, əfsuslar olsun ki, onlara baxmıram. Ümumiyyətlə, mən bir neçə ildir Azərbaycan kanallarına baxmıram. Filmlərə də ona görə baxmıram ki, vaxtımı alır.

-Niyə baxmırsınız?

-Mən tezdən saat 7-də çıxıb, gecə saat 12-də evə gəlirəm. Mənim də gəldiyim vaxtda futbollar başlayır və ona baxıram.

-Sizcə müasir tamaşaçını güldürmək asandır? Bunun üçün hansı nüanslara diqqət yetirmək lazımdır?

– Bəli, asandır. Ona görə ki, tamaşaçıların intellektual səviyyə aşağı düşüb. Əvvəllər isə çox çətin idi. Heç kim məndən inciməsin, 90-cı illərdə , 2000-ci ilin əvvəlində və indi səhnəyə çıxanda tamaşaçı zalına baxanda simaların çox dəyişildiyinin şahidi oluram. Hətta baxışların dəyişildiyini görürəm.

– Bəs sizi ən çox güldürən aktyor və film hansıdır?

– Bunu konkret demək mümkün deyil. Amma mənə yaxın olan filmlər Vaqif Mustafayevin filmləridir. “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arası”, “Milli bomba” və s. Bu filmlər və zarafatlar mənim çox xoşuma gəlir. O ki qaldı ssenariyə, əlbəttə ki böyük dramaturqumuz Ramiz Fətəliyev.
Filmlərə baxmağa gələndə, ancaq Avropa filmlərinə baxıram. İlk növbədə İtaliya və Fransa, son zamanlarda isə İspaniya filmləri mənim xoşuma gəlir. Amerika komediyalarının isə əksəriyyətini bəyənmirəm. Çünki bayağı və çox zəifdir.

– Sizcə Azərbaycandan “Oskar” mükafatına niyə filmlər göndərilmir? Bu, filmlərin yaxşı çəkilməməsindən irəli gəlir, yoxsa peşəkarlığın olmamasından?

-Bilirsiniz, kino sənəti çox sintetik sənətdir. Bizdə elə bir komanda yığmaq çox çətindir. Bunun üçün həm rejissor, həm də operator “Oskar”a görə düşünməlidir. Ona görə də Azərbaycanda belə bir komandanı yığmaq mümkün deyil. Amma mən çox istəyərəm ki, bizim filmlər də “Oskar”da iştirak etsin.

– Onda yəqin yerli serialları da izləyimirsiniz. Günü-gündən çoxalan seriallarımızın heç birində sizi görə bilmirik. Bəlkə təklif olunan məbləğ sizi qane etmir?

– Bəli, Azərbaycan seriallarını izləmirəm. Amma mən onun tərəfdarı deyiləm ki, seriallar çəkilməsin. Birincisi nə qədər çox serial çəkilsə, daha da yaxşıları olacaq. Serial xırda bir fabrikdir. Orda yüzlərlə insan işləyir və evlərinə çörək aparır. O ki qaldı mənə, bir neçə serialda çəkilmişəm. Məbləğin qane etməməyi barədə isə elə bir şey yoxdur. Sadəcə serial çox vaxt aparan bir şey olduğu üçün gərək bütün işlərini atıb, ona çəkiləsən. Mənim isə elə bir vaxtım yoxdur.

-Mətbuatla aranız necədir? ANS-in bağlanmağına təssüflənmədiniz ki?

-ANS-in bağlanması mən bilən siyasi məsələlərlə bağlıdır. Mən də siyasətçi deyiləm. Yaradıcı insan kimi deyə bilərəm ki, bir kanalın bağlanması bizim işimizi çətinləşdirir. Digər tərəfdən də heyfislənirəm ki, orda işləyən insanlar çörəksiz qaldılar. Onlar üçün təzə iş yerləri açılmadı. Mətbuatla isə aram əladır. Hər bir jurnalist mənim dostumdur. Düzdür, son zamanlar bəzi jurnalistlərlə aramızdan su keçib. Həmin jurnalistlər illər keçdikcə, həyatı daha da mənimsəyib və püxtələşəcəklər. Ondan sonra isə düzələcəklər.

– Noyabrın 7-18-i tarixlərində Avstriyada-Vyana Beynəlxalq Mərkəzində sizin çəkdiyiniz karikaturalar və Bakının əks olunduğu fotolar ilk dəfə sərgilənib. Bəhram Bağırzadə yaxşı aktyordur, yoxsa karikaturaçı? Daha hans ölkələrdə çəkdiyiniz şəkillərin sərgilənməsini istəyirsiniz?

– Bəhram Bağırzadə birinci növbədə əla vətəndaşdır. Öncə vətəni sevməliyik. Mən bu gün yaxşı aktyoramsa, Vyanada Bakının səkillərini sərgidə nümayiş etdirirəmsə, bu vətənə olan sevgimdən irəli gəlir. Peşəsini sevən insan yaxşı aktyor , karikaturaçı , jurnalist də ola bilər. O ki qaldı, ikinci sualınıza, bu mənim istəyimdən asılı olan bir şey deyil. Mənim Avstriyada sərgimin keçirilməsini isə onlar təşkil ediblər. Yenə dəvət etsələr, gedib iştirak edəcəm.

-“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu neçə illərdir cəmiyyətdə ciddi narahatlıq doğuran çatışmazlıqları, problemləri gündəmə gətirib. Maraqlıdır, bu gün sizi cəmiyyətdə daha çox nə narahat edir?

-Məni cəmiyyətdə ilk narahat edən məsələ vətəndaşlarımızın maaşlarının az olmasıdır. Azərbaycanın əsas problemlərindən biri budur. İnsanların əsəbi, xəstə, mədəniyyətsiz olması, intihar və boşanmaların sayının artmasında əsas səbəb kimi bu durur. Dünən bir qadın müəllimə özünü asdı. Həmin müəllimənin yoldaşı və övladı yoxdur. Bu kimi halların hamısı pulsuzluqdan irəli gəlir. Orta hesabla vətəndaşlarımız 1000 avro maaş alsa, inanın ki, millət və dövlət kimi bizdən xoşbəxti dünyada olmayacaq. Maaş problemi həll olunsa, digər problemləri bir gecədə bir ilə kimi həll etmək olar.

-Bu yaxınlarda sizin də üzvü olduğunuz ”Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov mətbuata müsahibəsində məmurların dözümsülüyündən şikayətlənmişdi. Demişdi ki, “məmurlar bizi tapdalayır, təhqir edirlər”. Sizcə məmurlar niyə ”Planet Parni iz Baku”nun parodiyalarına belə dözümsüzlük göstərirlər?

Vallah mən nə bilim… Bunu həmin məmurlardan soruşmaq lazımdır. Biz öz işimizi görmüşük və görəcəyik də. Allah bizə nə qədər güc versə, o qədər də mübarizəmizi aparacağıq. Həmin karikaturaları da səhnədə göstərəcəyik.

-Deyəsən “Planet Parni iz Baku” teatrı tamaşalarını nümayiş etdirmək üçün telekanal tapa bilmir… Səhv etmirəmsə, sonuncu tamaşalarınızdan birini yayımlamaqdan imtina etmişdilər…

-Vallah mən bu barədə dəqiq bilmirəm. Amma telekanallar bununla nəsə itiriblər., biz yox. Bizim üçün Heydər Əliyev sarayı və kinoteatrlar var. Telekanalların ”Planet Parni iz Baku”nun çıxışlarını verməməyi bədbəxtçilikdən irəli gəlir. Çünki, kimsə yəqin bunlara qadağa qoyub.

-Bəzi insanlar bildirirlər ki, Bəhram Bağırzadə reklamlara çəkildikdən sonra onun nüfuzu aşağı düşdü. Bəs siz necə hesab edirsiniz?

-Bilirsiniz mən də həyatda çox şeylər istəmirəm. Mən həmin insanlara deyərdim ki, “gedib öz işləri ilə məşğul olsunlar”. Bu mənim sənətimdir. Mənim çörəyim ordan çıxır. Mən məmur işləyib rüşvətlə, xalqın pulun mənimsəməklə məşğul ola bilmərəm. Bilirsiniz bu nəyə oxşayır? Yaxınlaşıb yol poliso işçisindən soruşursan ki, niyə bütün gün yollardasan? O da qayıdıb deyər ki, “yeri get işinlə məşğul ol”. Mən xoşbəxtəm ki, Azərbaycanda minlərlə aktyor ola-ola İsveçrədən və Türkiyədən məhz məni P&G-nin reklamına dəvət ediblər. Onlar mənim sənətimə bələd olub və sorğu aparıblar ki, Azərbaycanda kimə inanırsınız? Sorğu zamanı 95 faiz insan məni dəstəkləyib. Sabah mən Amerikada da kinoya çəkilə bilərəm. Bu da kiminsə xoşuna gəlməyə bilər. Buna sevinmək lazımdır. Allah mənə o hissiyyatı bəxş edib ki, digər insanın qələbəsinə sevinim.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın