Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / Təbii müalicə üsuluna ənənəvi tibb nə deyir?

Təbii müalicə üsuluna ənənəvi tibb nə deyir?

Təbii vasitələrlə, el dilində desək, türkəçarələrlə müalicə hələ qədim dövrlərdən Azərbaycanda istifadə olunur. Tibb, texnologiya inkişaf etdikdən sonra türkəçarələr qismən aradan çıxmağa başladı. 
 
İnsanlar daha çox tibbi müalicə üsullarına, yəni dərmanlar, ampullar, kapsullarla müalicəyə üstünlük verməyə başladı. Amma müasir dövrümüzdə yenə də təbii müalicə üsullarına inananlar və bunu tətbiq edənlər kifayət qədərdir. 
Bir qisim insanlar düçar olduqları xəstəliklərdən, ağrılardan dərman vasitəsilə deyil, təbii müalicə üsulları ilə şəfa tapmaq istəyirlər. Çünki onlar düşünülər ki, dərmanların kimyəvi tərkibli olmasının bir tərəfdən xeyri varsa, digər tərəfdən ziyanı var. Buna görə də kimi xəstəliyini zəli, kimi bitkilərlə müalicə etdirir.
 
Maraqlıdır, təbii müalicə üsuluna ənənəvi tibb nə deyir? Belə müalicə üsulu kimyəvi preparatların effektini verirmi?
 
Həkim Hüseyn Mehtiyev təbii üsullarla olan müalicənin tibbi müalicənin effektini vermədiyini bildirdi: “Bu birmənalıdır. Təbii türkəçarələrlə müalicə ta qədim zamanlardan var və Azərbaycanda daha çox istifadə edilib. Hər bir dərman təbii otlardan hazırlansa belə, müxtəlif texnologiyalardan keçir və müəyyən bir hala gətirilir. Təsəvvür edin ki, çöldə ot yığıb qurudursan və gətirib onu dəmləyib içirsən. Onun xeyri bir tərəfə qalsın, orqanizmə, hansı ziyanı verməsindən kiminsə xəbəri varmı? Yaxud da bu haqda, ümumiyyətlə, araşdırmalar gedirmi? Çox otlar var ki, onu bir xəstəlikdə işlətmək olar, o birində yox. Yaxud onu dəmləyib içəndə qaraciyərdən keçəndə qaraciyərə çox mənfi təsir edən otlarımız var. Bu nöqteyi-nəzərdən guya kimyadan uzaqlaşıb özlərini müalicə etdirirlər. Amma bilmək lazımdır ki, o təbii yolla olan müalicələrin əksəriyyəti sırf kommersiya məqsədi daşıyır. Otlardan düzgün texnologiya ilə hazırlanmış dərmanlar yalnız lazım olan xəstəlikdə istifadədə xeyir verə bilər”.
 
H.Mehtiyev otlarla olan müalicənin orqanik xəstəlikləri sağaltmadığını dedi: “Bir var ki, orqanizmdə müəyyən xəstəliklərdən funksional pozğunluq olur ki, buna orqanik xəstəlik demirlər. Tutaq ki, öd yollarında və ya böyrəkdə yüngülvari duzlaşma olur. Buna görə də müəyyən otları dəmləyib içirlər, bu da o duzları yuyub aparır. Əgər böyrək xəstəliyində orqan xəstədirsə, onu heç bir ot müalicə edə bilməz. Yəni funksional pozğunluğu olan orqanlara bu otlar ola bilər ki, müəyyən qədər kömək etsin. Amma sırf orqanik xəstəlikləri heç vaxt müalicə edə bilmir. Bəzən hansısa orqanda adi funksional pozğunluq olanda  insana psixoloji təsir edir ki, mən dərman içirəm. Yəni ola bilər ki, ”bu otu içirəm, mənə kömək edəcək” düşüncəsi artıq onun psixologiyasına hopur. Sözsüz ki, mən xalq təbabətini inkar da etmirəm. O mənada ki, bu bizim tibdə də var. Müəyyən bitkilər, meyvələr var ki, bunların tərkibi zəngindir. Sözsüz ki, bunlardan da istifadə etmək olar. Amma hansısa xəstəliyi sırf otla müalicə etmək ağlasığan deyil. Mən 40 ilə yaxındır ki, həkim işləyirəm. Hələ də onun tam effektini görməmişəm ki, bu hansı xəstəlikləri sağaldır. Televiziyada çıxıb “öd daşını otla salıram” deyənlərin yanına xəstələr gedib bəzən min manata kimi pul xərcləyirlər. Amma ortada heç bir effekt olmur. Həmin xəstələr ya cərrahi yolla əməliyyat olunur. Hər bir xəstəliyi dəqiq bilib müalicə etmək lazımdır. Daşlar müxtəlif olur. Sənin verdiyin ot tutaq ki, urat duzuna kömək edirsə, bəlkə heç kalsinatlara təsir eləmir. Bu nöqteyi-nəzərdən birinci hər şeyi araşdırmaq lazımdır. “Bu öd üçün hazırlanan otdur, gedim bunu içim sağalım” deməklə deyil”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə təbii müalicə üsullarından dünyanın hər yerində istifadə edildiyini və effektli olduğunu dedi: “Təbii otlarla olan müalicə də tibbi müalicədir. Əvvəllər müalicə üsulları bu cür idi. İndi müasir müalicə üsulları, daha çox dərmanlar, ampullar, kapsullardan istifadə edilir. Getdikcə təbabət təkmilləşib bu səviyyəyə çatıb. Hansısa vasitənin, maddənin tibbi tətbiqi varsa, onun modern və ya köhnə üsul olmasından asılı olmayaraq, tibbi vasitə sayılır. Ənənəvi müalicə üsullarının böyük elmi əsası var. Qədim türk təbabətidir. Yəni bu məsələ elmi cəhətdən əsaslandırılmış müalicə üsuludursa, tamamilə özünü doğruldur. Təbii müalicə üsullarından hər yerdə, hətta Almaniyada belə istifadə olunur”.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın