Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / Suraxanı icra başçısının unutduğu Hövsan qəsəbəsi… – FOTOLAR

Suraxanı icra başçısının unutduğu Hövsan qəsəbəsi… – FOTOLAR

Hər il qış aylarında, yağış yağan kimi Bakının küçələrinin böyük hissəsi su altında qalır. Bu küçələrin bəziləri sovet dövründə çəkilmiş kanalizasiya xətlərinin yararsız hala düşməsinə görə, bəziləri isə ümumiyyətlə, kanalizasiya xətlərinin olmaması ucbatından bərbad hala düşür. 
Köhnə küçələr bir yana dursun, yeni asfalt salınmış küçə və prospektlərin, yeraltı keçidlərin bəzilərində də vəziyyət eynidir. Yağış yağdısa, süni gölə hazır olmaq lazımdır. Bütün bunların səbəbi, vəzifə borclarını layiqincə yerinə yetirməyən, iş görülən zaman məsələyə məsuliyyətsiz yanaşan məmurlardır. Yeni təmir edilən küçələrdə məsuliyyətsizlik edirlər, köhnə küçələrdə olan problemləri dilə gətirən vətəndaşları isə eşitmirlər. Əgər belədirsə, belə məmurlar nə iş görürlər?
Bu kimi problemlərdən demək olar ki, hər gün yazırıq. Musavat.com saytı olaraq bu dəfə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsinin bərbad durumundan xəbər verəcəyik. Azı 8 ildir ki, asfalt üzü görməyən bu küçə heç kimin yadında düşmür.
Bəhs etdiyimiz küçədə yaşayan vətəndaşlar yağış yağan zaman küçəyə çıxmaq istəmirlər. Çünki bu yolu getmək elə də asan iş deyil. Misal üçün, ərazidə foto çəkmək bizə islanmış corablar və palçığa batmış ayaqqabı bahasına başa gəldi. Bu küçədən hər gün istifadə edənlərin halını göz önünə gətirmək çətin deyil.
Hövsan qəsəbəsi ərazisində qəsəbədaxili yollar bərbad vəziyyətdədir. İlk Avropa Oyunlarından qabaq qəsəbəyə gələn yol təmir edilsə də, qəsəbənin giriş hissəsində işlər dayandırılıb. Təmir briqadası tərəfindən əvvəlki yol da qaşınaraq yararsız hala salınıb. Yağış yağan zaman Oktay Şabanov küçəsi də bərbad hala düşür. Çünki nə normal asfalt var, nə də kanalizasiya… Sakinlər qapılarının önündə quyu qazaraq, məsələni həll etməyə çalışırlar.
“Yağış yağanda burada sanki həyat “ölür”
Məhəllə sakinlərinin sözlərinə görə, Suraxanı rayon İcra Hakimiyyəti 8 ildir ki, bu küçəni unudub: “Yağış yağan zaman burada sanki həyat “ölür”. Heç kim evdən bayıra çıxmır. Kim işləyirsə, o, məcbur olub, bu “çay”dan keçir. Bunun üçün də xüsusi “silahımız” var. Dizə qədər olan rezin çəkmələri geyinirik. Qəsəbədən çıxandan sonra əlimizdə tutduğumuz təmiz ayaqqabını geyinib, işə gedirik. Olmasa, mümkün deyil. Adam utanır. Evimizə qonaq da gəlmir. Çünki küçənin palçığına bələddirlər”.
İcra Hakimiyyəti, bələdiyyə nə işə yarayır? Onlar hansı vəzifəni daşıyırlar? Bəlkə bunlar maklerdirlər, biz səhv salmışıq, onlardan başqa iş görmələrini tələb edirik. Bu evləri, torpaqları satıb, bitirsəydilər, camaatın problemləri ilə də məşğul olardılar”.

“Camaatı çox bezdirəcəklər, aparıb zibilləri bələdiyyənin qapısının ağzına yığacaqlar”

Ərazidə olduğumuz zaman zibil qutularının olmaması diqqətimizi çəkdi. Sakinlər də bundan şikayət edirlər:“Bax, ərazidə bir ədəd belə, zibil qutusu görürsünüzmü? Yox, görə bilməzsiniz. Olmayan şey necə görünə bilər? Camaat zibili küncə-bucağa, yiyəsiz qalan həyətlərə, küçədə olan tullanmış avtomobilə atır. Kimin maşını varsa, ona bir az rahatdır. Çünki zibillik çox uzaqdadır. Camaatı çox bezdirəcəklər, aparıb zibilləri bələdiyyənin qapısının ağzına yığacaqlar”.
Rayonu sonuncu deputatı Sevinc Fətəliyeva olub. Amma sakinlər onun üzünü sadəcə, seçki təşviqatı zamanı, bir də internetdə olan fotolarına baxan zaman görüblər.
Sakinlərin deiklərinə görə, deputat xanım bir dəfə də olsun, vətəndaşların problemləri ilə maraqlanmayıb:“Sadəcə məktəb direktoruna görə burada aksiya olanda onu görmüşük. O zaman belə, bir işə yaramadı. İndi yenidən qəsəbəyə görüşlərə gəlir. Həmin görüşlərə də məktəb müəllimlərini yığırlar. Verdiyi heç bir sözə əməl etməyib. Ümumiyyətlə, nə deputat, nə İcra Hakimiyyətinin başçısı, nə də bələdiyyə qəsəbənin problemləri ilə maraqlanmır”.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə “Sənaye və mülki tikinti” ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb. Yəni, tikinti sahəsində yetərincə təcrübəsi var. Amma bu təcrübəsini rəhbərlik etdiyi rayonda özünün yox, vətəndaşların rahatlığı üçün nədənsə istifadə etmir. 








Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın