Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Soğan əkib, ailə saxlamaq olarmı? – FOTOLAR

Soğan əkib, ailə saxlamaq olarmı? – FOTOLAR

Son günlər deputat Aqil Abbasın “get soğan ək, ailəni saxla” cümləsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. 
A.Abbas iş və ucuzluq istəyən əhalinin etirazları ilə bağlı Azadlıq Radiosuna danışarkən bildirib: “İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək… Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə..? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orada soğan ək, ailəni saxla… Misal üçün deyirəm, bunu… Mən də istəyərəm ki, hamı işlə təmin olunsun”.   
Deputatın səsləndirdiyi bu fikirlər insanlar tərəfindən birmənalı qarşılanmadı. Kimisi A.Abbasın fikirlərinə dəstək oldu və bildirdi ki, həqiqətən də əziyyət çəkən ac qalmaz, kimisi də onu bu sözlərinə görə qınadı.
Bəs, həqiqətən də soğan əkməklə ailə saxlamaq mümkündürmü?
Bu suala cavab tapmaq üçün musavat.com-un əməkdaşı paytaxt ərazisindəki soğanın topdansatış məntəqələrində olub, oradakı satıcılarla söhbətləşib.
Satıcılar musavat.com-un əməkdaşına problemlərindən danışaraq, bildiriblər ki, soğanı əkib, bazara çıxarmaq çətin məsələdir. Ancaq çıxara bilən, pul da qazanar, ailəsini də saxlayar…
Satıcı Qəzənfərin sözlərinə görə, Bakıda soğanı əksər satıcılar eyni yerdən alırlar: “Əksəriyyət “Meyvəli”dən gedib, alır. Elə biz də gedib, oradan şərikimizlə birlikdə maşına yükləyib, gətirib bazara veririk. Yəni özümüz əkib, becərmirik. Ona görə də bizə buradan qalan qəpik quruşdur. Soğanın bir kisəsi hazırda 19-20 manatadır. Maşın, yer xərcini çıxanda, bizə buradan 40-50 qəpik qalır. Özüm elə Beyləqan rayonundanam. Əvvəllər biz də soğan əkirdik. Ancaq adamdan elə qiymətə alırlar ki, əkmək sərf eləmir. Əziyyətimiz elə özümüzə qalırdı. İndi heç olmasa, kisəsinə 50 qəpik də olsa, qazana bilirik. Əkəndə isə elə olurdu ki, heç mayanı da çıxara bilmirdik. Ona görə də, elə əziyyət çəkib, əkib qazanmayınca, satıcılıq edib, heç olmasa, zülmümüzü azaldırıq. İndi bazara çıxarılan soğanlar yayda alınıb, saxlanılanlardır. O vaxt manat da indiki kimi deyildi. Yəqin ki, növbəti ildən qiymətlərdə fərq olacaq. Onda soğan əkmək bir yana, heç satmaqla da ailə saxlamaq mümkün olmayacaq”.
Digər satıcı Qasım isə bildirdi ki, Aqil Abbas doğru söyləyib, soğan əkib, satmaqla dolanmaq olar, ancaq bu işin də öz problemi var: “Birincisi soğan əkmək elə də asan iş deyil. Bunun da öz üsulu var. Bu üsulu bilmək lazımdır. Ağdamda, Beyləqanda soğan əkmək üçün təbii şərait var. Orada soğan əkənlər də var.  Deputat düz deyir ki, əziyyət çəkib, soğan belə, əksən satıb, ailəni dolandıra bilərsən. Ancaq bir şey də var ki, gərək sata biləsən də… Şəhərdən gəlirlər, yığırlar maşınlara aparırlar. Elə qiymət deyirlər ki, heç əziyyətinə dəymir. Hökumətimiz kömək eləsə, yaxşı qiymətə alsa, məncə hər kəs özü əkib, məhsulunu bazara çıxarar. Yoxsa, satanda ancaq mayanı çıxarmaq mümkün olacaqsa, bu, daha nə oldu ki..? Ya da ki, bizə şərait yaratsınlar, gəlib bazarda rahat şəkildə malımızı sata bilək. Yoxsa hansısa topdansatış yerlərinə verməyə məcbur olmayaq. Həmin topdansatış yerləri də məhsulu maya dəyərindən də aşağı alır. Bu da heç kimə sərf eləmir. Soğanı həyətdə özümüz, qohum-qonşu üçün əkirik. Ancaq bunu satış üçün əkmək indiki şəraitdə dediyim kimi sərf eləmir”. Musavat.com



Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın