Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Şəhid adını daşıyan məktəbin “qara üzü” – Fotolar

Şəhid adını daşıyan məktəbin “qara üzü” – Fotolar

300-ə yaxın şagird təhsilini acınacaqlı vəziyyətdə davam etdirmək məcburiyyətindədir

Lənkəran rayonu Siyavar kəndində yerləşən şəhid Faiq İbrahimov adına orta məktəb bu il də biabırçı, bərbad vəziyyətdə öz şagirdlərini qarşılayacaq. Adı çəkilən məktəbin sinfi otaqları, dam örtüyü, qapıları bərbad, sınıq-salxaq, dəlmə-deşik haldadır. Rəsmi sənədlərə görə, təxminən 1924-cü ildə tikilən məktəbdə bu günə qədər yalnız bir neçə dəfə kosmetik təmir işləri aparılsa da, qəzalı vəziyyəti aradan qaldırılmayıb, siniflər rütubətlik üzündən xəstəlik mənbəyinə çevrilib. Bu barədə redaksiyamıza müraciət edən kənd sakini İlqar Hacıyevin sözlərinə görə məktəbin acınacaqlı vəziyyəti haqqında dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də bir nəticə yoxdur: “Məktəbin təxminən 300-ə yaxın şagirdi var. Siniflərdəki rütubətlik uşaqlarda astma xəstəliyi yaradır. Astma xəstəliyindən əziyyət çəkən 9 şagirdin valideyni övladlarını başqa məktəbə qoymaq məcburiyyətində qalıb.

Məsələni aidiyyatı orqanlara bildiririk, bizə deyirlər ki, tezliklə təzə məktəb tikiləcək. Amma bu günə qədər yeni məktəb tikilmir. Dəfələrlə şikayət etdikdə isə bizi qorxudub bildirirlər ki, “onda uşaqlarınızı qonşu məktəbə göndərəcəyik”.

İlqar Hacıyevin sözlərinə görə, 2005-2006-cı illərdə məktəb nisbətən təmir olunub, amma sadəcə döşəməsi dəyişdirilib, divarlarına əhəng vurulub. Bir sözlə, əsaslı təmir aparılmayıb: “Müəllim və valideynlər məcbur qalıb öz hesablarına qismən də olsa çatışmazlıqları düzəltməyə çalışırlar. Qış vaxtı uşaqlar evlərindən odun gətirməyə məcburdurlar. Məktəbin ayaqyolundan isə söhbət gedə bilməz. Tamamilə yarasız və qəzalı halındadır. Bəlkə də etik olmayacaq, amma onu da qeyd edim ki, müəllim kollektivi bunun üçün qonşulara getmək məcburiyyətində qalırlar.

Artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb, lakin nə icra hakimiyyəti, nə kənd bələdiyyəsi bu məsələ ilə maraqlanmaq istəmirlər, problemi həll etməyi öz boyunlarına götürmürlər. Bu il də övladlarımızın acınacaqlı, qəzalı vəziyyətdə olan məktəbdə təhsil alması bizi çox narahat edir. Ümid edirik ki, bəlkə bu məsələ ictimailəşdikdən sonra, aidiyyatı orqanlar hərəkətə keçər”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin, Lənkəran RİH-nin mövqeyini dərc etməyə hazırıq.









Həmçinin oxuyun

Prezident İlham Əliyev jurnalistləri belə təbrik etdi – FOTO

Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Azinforum.az xəbər …

Bir cavab yazın