Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Relslərin arasında təhlükəli həyat –REPORTAJ

Relslərin arasında təhlükəli həyat –REPORTAJ

Son illər Azərbaycan dövləti tərəfindən prezident İlham Əliyevin qəbul etdiyi proqramlar çərçivəsində qaçqın və məcburi köçkünlər üçün yüzə yaxın yeni, müasir qəsəbə salınıb, çoxsaylı yeni binalar tikilib. Nəticədə Ermənistanın hərbi təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş yüz minlərlə insanın yaşayış şəraiti normallaşıb. Buna baxmayaraq qaçqın və məcburi köçkünlərin bir qismi hələ də  Bakıdakı (o cümlədən, başqa yerlərdə) uçuq-sökük yataqxanalarda, təhlükəli ərazilərdə tikilmiş daxmalarda yaşamaqdadır.

Belə yaşayış məskənlərindən biri də Bakıda, Biləcəri deposunun ətrafında yerləşir. 24 ildir ki, Cəbrayıl, Füzuli, Zəngilan və Ağdam rayonlarından məcburi köçkün düşmüş insanların bir qismi bilavasitə deponun ərazisində, dəmir yol relslərinin arasında dəmir vaqonlara, taxta evlərə sığınıblar. Həmin yaşayış məskəninə baş çəkib erməni təcavüzü nəticəsində evlərindən qaçqın düşmüş insanların hansı acınacaqlı, təhlükəli şəraitdə yaşadığını araşdırdıq…

Dəmir relslər arasında 24 il…

Təbii ki, bu yaşayış məskəninə baş çəkən, dəmir yol relslərinin arasında yaşayan insanların güzəranına şahid olan ilk jurnalistlər biz deyildik. Bundan əvvəl də Biləcəri deposunda məskunlaşan bu insanların güzəranı haqda danışılıb, yazılıb. Ancaq onların dərdlərinə əlac edən hələ də yoxdur. Buna baxmayaraq, depoda məskunlaşan məcburi köçkünlər hər dəfə jurnalistlərin gəlişindən ümidlənir ki, bəlkə, onların vəziyyətini görüb nəhayət normal yaşayış şəraiti ilə təmin edəcəklər…

Elə bu dəfə də jurnalistlərin gəldiyini eşidəndə əvvəlcə uşaqlar bizi əhatəyə aldı. Bunlar elə bu relslərin arasında doğulub böyüyən balacalar idi, haradasa öz rayonlarının, abad ev-eşiklərinin düşmən tapdağı altında qaldığını valideynlərindən, nənə-babalarından eşidiblər. Dəmir relslər onların oyun meydançasıdır. Qatarlarların səs-küyünə, taqqıltısına isə çoxdan öyrəşiblər.

Depoda qarşımıza ilk çıxan qapısı yeşik taxtalarından düzəldilmiş kiçik daxma oldu. Qapını 24 ildir burada yaşayan,  Zəngilandan məcburi köçkün düşmüş Arzu Hüseynova açdı. Problemləri o qədər çox idi ki, heç bilmirdi haradan başlasın:

“İllərdir bu vəziyyətdə yaşamaq demək olarsa, yaşayırıq. Evlərimiz dəmir yolu relslərinin arasında gördüyünüz bu uçuq-sökük daxmalardır, yayda istidən ölürük, qışda da soyuqdan. Uşaqlarımız bu relslərin arasında oynayır. Məktəbə də qorxudan tək buraxmırıq, hətta 10-11-ci sinifdə oxuyan uşaqları da özümüz aparıb gətiririk. Düzdür, kommunal xərclərimizi dövlət verir, amma təhlükəli şəraitdə,  dözülməz vəziyyətdə yaşayışımıza son qoyan tapılmır”.

 

“Heç kim bilmir ki, Bakıda belə yer var”

Jurnalistlərin gəldiyini eşidən digər məcburi köçkünlər də öz şikayətlərini çatdırmaq üçün toplaşdılar. Dediklərinə görə, problemləri ilə rayon icra hakimiyyətlərindən çox jurnalistlər maraqlanır. Ona görə də, hər jurnalist görəndə düşünürlər ki, nəhayət onlar da  normal şəraiti olan evə köçəcəklər…

Günorta saatları olduğundan bu yaşayış məskəninin kişiləri işdə idilər. Evdə qalanlar isə qadınlar və uşaqlar idi. Sakinlərdən öyrəndik ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi yaxınlıqda yerləşən obyektinə evlərin üst tərəfindən asfalt yol çəkdirib. Bu yolun çəkilməsi köçkünlərin yolla bağlı problemlərini qismən həll edib.

Cəbrayıl rayonundan qaçqın düşmüş Yasəmən Məmmədova: “Heç kimin inanmağı gəlmir ki, Bakıda belə yaşayış yeri var, kim gəlir, məəttəl qalır. Bu şəraitsizlik hər ailənin bir cür axırına çıxır. İki il əvvəl  bir qadın aşağıdan su götürməyə düşmüşdü, 3 yaşında uşağı yuxarıdan yıxıldı, başı partladı, öldü. Bizim İcra Hakimiyyətimizin, deputatımızın problemimizdən, yaşayışımızdan xəbəri yoxdur. Hər yer nəmişlik, siçovullar, qatarların səs-küyü… Bezmişik bu həyatdan…”

Balaca Cavidanın isə ev heç vecinə deyildi. Tək istəyi oynamağa geniş yerin olmasıdır. Elə bir yer ki, “qatar gələr” deyə anası onu beş dəqiqədən bir evə çağırmasın:

“Körpünün yanında oynayırıq, amma ora da darısqaldır, həm də qatarlar tez-tez gedir deyə oyunumuzu saxlayıb gözləyirik ki, keçsinlər. Çox vaxt anamız qoymur ki, olmaz, təhlükəlidir. İstəyirəm elə bir yerimiz olsun ki, həmişə orada futbol oynaya bilək”, – deyə 7 yaşlı uşaq bildirdi.

Torpaq döşəməli vaqon

Hamı istəyirdi ki, onların güzəranından mümkün qədər daha çox foto çəkək. Hətta bu çəkdiklərimizi ANS-ə də verməyimizi istəyən yaşlılar da tapıldı. Onlar ANS-in bağlanmasından xəbərsiz idilər…

Növbəti baş çəkdiyimiz ünvan ətrafı üzüm çardağı ilə örtülmüş dəmir yol vaqonudur. Ruqiyyə Baxşəliyeva 1992-ci ildən bu balaca vaqonda yaşayır. “Evi” də elə bu bir otaqdan ibarətdir. Dəmir vaqonda isə nə gündüz daldalanmaq olur, nə gecə yatmaq.

 “İçəri od tutub yanır, sərinlənməyə sərinkeş də kömək eləmir. Yaxınlıqda qardaşımın evi var, arada ora gedib sərinlənirəm, amma qardaşın evinə nə qədər getmək olar? Bütün günümü bu balaca çardağın altında keçirirəm. Belə yerdə insan yaşayar? Qışda da bir başqa dərddir, “pletka” işlədirəm, amma dəmir divar isti saxlayarmı? Kimsə bizimlə maraqlansın da. Bu şəraitdə yaşamaqdan hamımız xəstə düşmüşük. İşləyə də bilmirəm, gözümü ancaq aylıq verilən çörəkpuluna dikmişəm. O da cəmi 20 manat. Elə onunla da sürünə-sürünə  dolanıram. Bir yandan da qatarların səs-küyü. Hava sərinlənib gözümü yummaq istəyəndə qatarlar gəlib keçir”, – deyə R. Baxşəliyeva bildirdi.

Qatar 80 yaşlı kişin ayağını kəsib

Ərazidən qatarlar isə hər gün səhərdən axşama qədər keçir. Doğrudur, qatar gələndə relslərin arasında olan sakinlərin yoldan çıxması üçün fit verir, amma qəsəbədə yaşayanlar 20 ildən çoxdur ki, bu fitə də alışıblar. Yəni hərdən heç bu fit də onlar üçün təhlükə siqnalı kimi səslənmir.  Bu da qəzaları qaçılmaz edir. Elə sakinlərdən öyrəndik ki, bir neçə ay əvvəl qonşuluqdakı Eyvaz dayının bir ayağını qatar kəsib. Soraqlaşa-soraqlaşa gedib onun evini tapdıq.

Məlum oldu ki, ailə Cəbrayıl rayonu işğal olunanda məcburi köçkün kimi Bakıya üz tutub. 1993-cü ildən də bu xarabalıqda özlərinə məskən düzəldiblər. Ailənin başçısı-80 yaşlı Eyvaz Eyvazovu isə bu ilin mayında qatar vurub və bir ayağı kəsilib. Onsuz da çətinliklə dolanan ailə elə o vaxtdan evlə xəstəxana arasında qalıb.

E. Eyvazovun oğlu Rövşənin sözlərinə görə, evdən çıxıb çörək almağa gedən atası qatarı görməyib. Amma küçədə iki nəfər mühafizəçinin olmasına baxmayaraq, onu xəbərdar edən olmayıb. Teplovoz E. Eyvazovun bir ayağını qoparır, üzü, qolu sıyrılır, qabırğaları sınır.

“May ayının 16-da atamı qatar vurub və ayağı kəsilib. Əgər bu sürət qatarı olsaydı, heç dillənməzdim. Amma onun ayağını asta sürətlə hərəkət edən teplovoz kəsib, yəni hadisə kiminsə səhlənkarlığı ucbatından olub. Qan aparan kişiyə nə maşinist, nə gözətçi, heç kim kömək etməyib. Hətta atam onlara deyib ki, belimdən qayışımı çıxarın, ayağımı sarıyın ki, qan getməsin. Amma yaxınlaşan olmayıb. Yaxşı ki, həmin vaxt yaxınlıqda təcili yardım maşını olub.

Hələ də istintaq gedir, müstəntiqə zəng edirəm, deyir ki, ekspertizanın cavablarını ala bilmirəm. Heç itirib-axtaran yoxdur. Bir tərəfdən də özünüz şəraitimizi görürsünüz də. Ayaqyolu uzaq olduğundan atam iki dəfə həyətdə yıxılıb. Mən özüm də əliləm, barmaqlarım işləmir. Atama o qədər də kömək edə bilmirəm. Döymədimiz qapı qalmayıb, hər yerə məktub yazmışam, heç kim maraqlanmır. Hara müraciət edirəm, mənə elə baxırlar ki, elə bil kimdənsə pul istəyirəm”, – deyə R. Eyvazov bildirdi.

1937-ci ildə ilk dəfə Qazaxıstana sürgün olunan ailə 1953-cü ildə geri qayıdıb. Bu isə Eyvazovlar ailəsinin ikinci qaçqınlığıdır.

Ailənin xanımı Məsumə Məmmədovanin sözlərinə görə, həyat yoldaşı Əmək veteranı, kənd sovetinin deputatı olub. 6 uşaq atası olan Eyvaz dayı özü də vaxtilə uzun müddət dəmir yol işçisi olub. Heç kəsdən heç bir maddi kömək ummayan M. Məmmədova 80 yaşlı həyat yoldaşının vəziyyəti ilə heç kimin, o cümlədən, dəmir yolu rəisinin maraqlanmamasından narazıdır…

 

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın