Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Qır qazanının üstündə ölümünü gözləyən 1000 ailə…

Qır qazanının üstündə ölümünü gözləyən 1000 ailə…

Masazırda qır (bitum) yatağı üstündə tikilən evlər məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilib.

Bu məsələni əvvəlcə Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli ötən həftə keçirdiyi mətbuat konfransında yenidən gündəmə gətirdi. O, həmin evlərin tezliklə söküləcəyini dedi.

Mərkəz rəhbərinin sözlərinə görə, ərazidə qaz çıxır, üstəlik Masazır seysmik aktiv zonadır. Buna görə də ərazidəki evlərin köçürülməsi nəzərdə tutulub.

Qurban Yetirmişlinin açıqlamasından dərhal sonra isə baş nazirin müavini Abid Şərifov Masazırdakı evlərin taleyinə aydınlıq gətirdi. Daha doğrusu, təhlükəli ərazilərdə tikilən evlərin sökülməyəcəyini bildirdi: “Masazır qəsəbəsində bitum yatağı üzərində tikilən yaşayış evlərinin köçürülməsinə ehtiyac yoxdur”.

Bunun səbəbi isə ərazidə müvafiq tədbirlərin aparılması ilə izah edildi. Abid Şərifov ərazidə partlayışların təkrarlanmayacağına söz verdi.

Dünən isə SOCAR prezidenti Rövnəq Abdullayev bu məsələyə bir daha toxundu.

R.Abdullayev dedi ki, evlərin altından sızan şist qazdır: “Həmin ərazidə şist qazı və bitum layları var. Məhz buna görə də həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.

SOCAR prezidenti bildirdi ki, şist qazı və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur: “Məlumdur ki, Abşeron rayonu, eləcə də Masazır qəsəbəsi qaz sızmaları olan bir ərazidir. Neçə ildir Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazilərdəki neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz olaraq evlərin tikilməsinin çox təhlükəli olduğunu bəyan edir. Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm. Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir”.

Bəs bu qorxulu ərazilərdə torpaq alan, minbir əziyyətlə ev-eşik tikən Masazır sakinləri onları gözləyən bu real təhlükə haqda nə düşünür?

Virtualaz.org saytının əməkdaşları bu suallara cavab tapmaq üçün “qır qazanı” sayılan Masazırda olub, sakinlərin problemlərini öyrəniblər.

Dərə-təpə düz getdik…

Yəqin ki, xatırladınız, nağıllarda uzun, əzablı yollar belə təsvir edilir. Doğrudur, biz 7 və ya 40 gün yol getmədik. Amma Masazırdakı qır yataqlarının üstündə tikilən evlərə getmək üçün daşlı-kəsəkli, hətta yayın istisində belə zığ-palçıq olan yollardan keçdik. Minlərlə ailənin yaşadığı əraziyə maşınla getmək mümkün deyil. Sakinlər də deyirlər ki, təcili yardım maşınları əraziyə girə bilmirlər. Ağır xəstələr qucaqda daşınır. Partlayış baş verərsə, yanğınsöndürənlər haraya çata bilməyəcəklər.

“Abid Şərifov iki-üç ay əvvəl vəd vermişdi, indi başqa cür danışır”

“İki-üç ay əvvəl Abid Şərifov qəsəbəyə gəlmişdi. Dedi ki, vəziyyətiniz haqqında məlumatımız var. Yaxın günlərdə sizi başqa əraziyə köçürdəcəyik. Hətta təhlükəli ərazidə yaşayanların siyahıya alındığını söylədi” – bunu Binəqədi şossesində yaşayan Anar Əliyev deyir.

Anar Əliyevin sözlərinə görə, Abid Şərifovla görüşdən sonra əşyalarını yığıb köçürüləcəkləri günü gözləyirlər: “Səhər həyətdə işləyirdim. Birdən torpağın altında nəsə partladı, ətrafı qaz iyi bürüdü. Baxın, burda yarıq əmələ gəldi. Kibrit vurduq, yandı”.

Hadisə may ayının əvvəlində olub. O gündən indiyədək Anargilin həyətindən qaz çıxır.

Qəsəbənin digər sakini Ramiz Babayev də söhbətə qatılır: “Buradakı evlərin sənədi yoxdur. Qaz, işıq, su sayğacı quraşdırılsa da evlərə nömrə verilməyib. Bu boyda ərazi “Binəqədi şossesi” adlandırılır. Bəziləri təxminən 1000 evin, başqa birisi 400-500 evin təhlükəli ərazidə yerləşdiyini deyir. Ayda bir neçə dəfə gəlirlər, yerin altında qazın təzyiqini yoxlayırlar. Heç kimə izahat verilmir. Biz də məlumatları internetdən oxuyuruq. Qorxu içində yaşamaqdan xəstəlik tapmışıq. Biz heç, barı bu körpə balalalara yazıqları gəlsin”.

Həyətin bir tərəfindən qaz, digər tərəfindən neft çıxır

“Yalnız Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib əhalinin vəziyyəti ilə maraqlanırlar. Hər dəfə ölçürlər, yerdən çıxan qazın yüz faiz təbii qaz olduğunu deyirlər. Sonuncu dəfə isə Dövlət Neft Şirkətinin, “Azəriqaz”ın nümayəndələri gəldi. Bir də Binəqədi bələdiyyəsindən bir nəfər vardı. O, bizə dedi ki, siz Tağıyev sayaq milyonersiniz, həyətinizdən həm qaz, həm də neft çıxır…” – bunu isə qəsəbə sakini  Bahar Abduləliyeva deyir.

Onun sözlərinə görə, evləri  Binəqədi şossesi, 2-ci döngədə yerləşir. Burada 100-dən çox ev var: “Bütün evlərdən qaz çıxır. Bəzilərinin evinin ortasından deşik açıb yoxlayıblar. Ötən hətfə qonşunun evindən qaz sızdı. Qadın qorxusundan elə qışqırdı ki, bütün qəsəbə haraya gəldi”.

B.Abduləliyeva deyir ki, FHN-in mütəxəssisləri partlayışların baş verməməsi üçün pəncərələri açıq saxlamağı tövsiyə ediblər: “Dedilər pəncərələrinizi açıq saxlayın. İndi yaydır, açırıq. Bəs qışda necə yaşayaq? Evi qızdırmaq üçün qızdırıcılardan istifadənin təhlükəli olduğunu deyirlər. Pəncərələri də açıb soyuqdan donaqmı?”

Bahar xanımın həyat yoldaşı II qrup Qarabağ əlilidir: “Şuşadan qaçqın düşmüşük. Burada dişimlə-dırnağımla ev tikmişəm. Mən kompensasiya, pul davası eləmirəm. Bizi hara istəyirlər köçürsünlər, təki balalarımız ölməsin. Hər gün, hər an partlayış baş verəcəyini gözləyə-gözləyə yaşamaq dəhşətdir. Abid Şərifov partlayışın təkrarlanmayacağını necə əminliklə söyləyə bilir?”

II qrup Qarabağ əlili Rüstəm Məmmədov da köçürülmələrini tələb edir: “Mən dövlətdən ev, maşın tələb etməmişəm. İndi yeganə tələbimiz uşaqların təhlükəsiz ərazilərə köçürülməsidir”.

Qəsəbə sakini Habil Məmmədov isə deyir ki, mayın əvvəlindən həyətindən qaz çıxır: “Yüz faiz təbii qazdır. Hətta bəzən yandırıb üzərində çaydan qaynatmaq mümkündür. Bizə deyirlər pəncərəni açıq qoyun ki, partlayış olmasın. Soyuq havalar bir yana, bunun oğrusu, qulduru var. Bəzilərinin pəncərəsində dəmir barmaqlırlar yoxdur. Pəncərəni nə vaxta kimi açıq saxlamaqla yaşamaq olar? Desinlər ki, bir aydan, bir ildən sonra köçürüləcəksiniz, biz də birtəhər dözək. İndi hamı uşaqlarını rayona, qohum evinə göndərib. Məktəb açılandan sonra hamı geri qayıdacaq. Uşaqları evdə tək qoymağa qorxuruq”.

Qəsəbənin problemləri bununla bitmir. Əraziyə su verilmir. Sakinlər deyirlər ki, bir neçə ailə birləşib su alırlar: “Suya hər həftə 40-50 manat pul xərcləyirik. Bura maşın da gəlmir. Vedrələrlə su daşıyırıq. Halbuki 1500 manata yaxın pul verib xətt çəkdirmişdik. Bir neçə aydan sonra xətt sıradan çıxarıldı. Yanğın baş verəcəyi halda bir vedrə su da tapmayacağıq”.

Qəsəbə sakini Anar Cəfərov isə bildirir ki, hər səhər baş ağrıları ilə yuxudan durublar. Sonradan məlum olub ki, baş ağrılarına səbəb qaz sızmasıdır.

Sakinlər qeyd edirlər ki, digər küçədə evlərin birində qaz sızması nəticəsində partlayış baş verib. Evdə heç kim olmadığından tələfat olmayıb: “Bizim küçədə evlər bir-birinin içində tikilib. Bir evdə partlayış olarsa, 100 ev yanacaq. Ən təhlükəli ərazi 2-ci döngə sayılır. Axı bu ərazidə neft də var”.

Qəsəbə sakinləri onu da deyir ki, rəsmi qurumlar sanki partlayışların baş verməsini və ya kiminsə ölməsini gözləyir. Onlar Abid Şərifovun son açıqlamasından sonra ümidlərini üzüblər və öləcəkləri günü gözləyirlər.

…Yazını 1100-dək evin köçürülməsinin mümkün olmadığını xüsusi vurğulayan Abid Şərifovun son açıqlaması ilə bitirmək istəyirik: “Tədbirlərə Fövqəladə Hallar Nazirliyi, AMEA, SOCAR, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, rayonun icra hakimiyyətinin nümayəndələri cəlb edilib. Anbarlar daxil olmaqla bütün məkanların havası təzələnib. Həmçinin bütün mövcud kommunikasiyalar yoxlanılıb. Yoxlama və nəzarət tədbirləri davam edir, bunun üçün xüsusi briqadalar yaradılıb. Əminliklə deyə bilərəm ki, partayışlar daha olmayacaq”.

Yəni Rövnəq Abdullayev və ya Qurban Yetirmişlinin təhlükə ilə bağlı xəbərdarlıqları bu cür “nəzərə alındı”.

…Qəsəbəni tərk edəndə Bahar Abduləliyeva arxamızca səslənir: “Bilirəm, bir gün tez, bir gün gec burada partlayış olacaq. Biz öləndən sonra kimsə açıqlama versə, səs yazılarımızı göstərin. Deyin ki, mayın əvvəlindən kömək üçün yalvarırdıq. Bir də deyərsiniz ki, balalarını gözlərinin önünə gətirib balalarımızı təhlükədən qurtarsınlar. Bəlkə onda bizə rəhm edələr…”

Söz verib ayrılırıq. Amma əlimizdən yazmaqdan başqa heç nə gəlmədiyini biz də bilirik, onlar da…

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın