Bazar , Avqust 18 2019
Ana səhifə / Media / Pivəsi məşhurlaşan, özü isə unudulan qəsəbədən reportaj: 100 ilin binalarında itlər də yaşayır, insanlar da…VİDEO

Pivəsi məşhurlaşan, özü isə unudulan qəsəbədən reportaj: 100 ilin binalarında itlər də yaşayır, insanlar da…VİDEO

“Bizim şəhər” adlı bir layihə həyata keçirməyə qərar verdik.
Məqsəd Bakı və Bakıətrafı qəsəbə və kəndlərin durumunu , orada yaşayan insanların yaşam şəraitini işıqlandırmaqdır.
 
“NZS” yolları: adsız, ünvansız, təmirsiz…
İlk ünvanımız “NZS” adı ilə tanınan qəsəbə oldu. İlk təəssüratımız isə yollardan başladı. Birmənalı şəkildə deyək ki, bu qəsəbənin yolları və marşrutu bərbad vəziyyətdədir.
Şəhərin mərkəzindən çox da kənarda olmayan, “Babək” və “Fəhlə” prospektlərinin ortasında yerləşən “NZS” ucqar bir kəndə bənzəyir.
Xətai rayonu ərazisində yerləşən qəsəbə baxımsızlıqdan xarabalığa çevrilib. Dar və çala-çuxur yolları, adsız küçələri, ünvansız binaları buraya gəlmək istəyəni elə qəsəbənin girişindəcə peşman edir.
Ərazi baxımından əlverişli yerdə yerləşsə də, nədənsə bu qəsəbə inkişaf baxımından geri qalır. “NZS” sanki 90-ci illərin Bakısını xatırladır. Ən acınacaqlı durum qəsəbənin normal bir parkının, gənclərin toplanması üçün əlverişli mərkəzinin olmamasıdır. Sakinlərin də dediyi kimi, harada pivəxana varsa, həmin ərazi mərkəzdir.
Avtomobillə qəsəbənin ensiz, kanalizasiya sularından yaranmış gölməçələrlə dolu küçələrindən keçirik. Hər dəfə qarşıdan gələn maşına yol vermək üçün yol kənarına qısılıb keçən sakinlər də elə qəsəbənin durmunu göz önünə sərir. Milli qəhrəman adına küçə xarabalığı xatırladır.
“NZS” qəsəbəsinə bələd olmadığımız üçün yerli əhalidən hansı küçədə olduğumuz barədə soruşuruq. Bildirirlər ki, hazırda dayandığımız yer milli qəhrəmanımız Zakir Yusifovun adını daşıyan küçədir. Bu küçədə həm də onun ailəsi yaşayır.
Bu da növbəti acı reallıq… Milli qəhrəmanın adını daşıyan küçə baxımsızlıqdan xarabaya çevrilib. Bu vəziyyət sakinlərin də ürəyincə deyil. Qəsəbə cammaatı küçəni abadlaşdırmaq məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsə də, icra nümayəndələri tərəfindən bu təklifə biganə yanaşılıb: “Şəhidin adına balaca bağça düzəldmək istədik. Bununla bağlı, Xətai Rayon İcra Hakimiyyətinə də getdik. Bizə dedilər ki, arxitektur göndərərik baxarlar. Elə vaxtdan qaldı. Heç kim maraqlanmadı. Bir sözlə etinasızlıq… Küçənin kommunal problemləri ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik. Hələlik heç bir nəticə olmayıb. Yollarda yaranan gölməçələr bizi cana yığıb. Kommunal xətlər yerin üstü ilə gedir. Vaxtaşıtı avtomobillərin təkəri altında qalıb sıradan çıxır. Həmin su isə axıb yolları keçilməz edir”.
1950-ci ildən Z.Yusifov küçəsində yaşayan Əli Məmmədov qəsəbənin çatışmazlıqlarından danışdı. Bildirdi ki, yaşadığı küçə milli qəhrəmanın adını daşısa da, Xətai Rayon İcra Hakimiyyəti buranın problemlərinə  biganə yanaşır: “NZS” gözəl yer idi. Bu sözün mənası “yeni neft kəndi” deməkdir. Elə Sovetin vaxtdan qalıb. Son zaman qəsəbə pis vəziyyətə düşüb. Əvvəllər zavodları ilə, elm adamları ilə tanınan “NZS”, təəssüf ki, indi yalnız pivəsi ilə tanınır. Kommunal problemlər xirtdəkdəndir, yollar bərbad vəziyyətdədir. Dayandığımız küçə şəhid Zakir Yusifovun adınadır. Əgər Azərbaycan Milli Qəhrəmanının adına olan küçə bu vəziyyətdədirsə, daha nə gözləmək olar? Qəsəbənin əsas problemlərdən biri də qazdır. Qış ayları gələndə qaz çox zəif verilir. Bir çaynik çay qaynadana kimi boğazımız quruyur. Suyu, işığı isə pis deyil”.
1 əsr yaşı olan qamış binalarda yaşayış var… 
“NZS” qəsəbəsində 1916-cı ildə tikilmiş  “amerikanka” binalara çox rast gəlmək olar. Binalar fərqli dizaynla  tikilib. Əksər binaların qamışdan hörülüb. Bu binaların alman əsgərləri üçün tikildiyi deyilir. Zamanında hansı məqsəd üçün istifadə edildiyi bəlli deyil. Binaların tam bir əsr yaşı var. İstismar müddətinin bitməsinə baxmayaraq,  hələ də əhali məcburi şəkildə burada yaşamaqdadır. Binaların bir çoxunun kommunal xətləri sıradan çıxıb, divarları  çatlayıb, yarasız hala düşüb. Yağış suları binaların zirzəmisinə dolduğundan çökmə riski var. Əksər yüzillik tikililər dayanıqlığını itirib.
Qəsəbə itlərin məskəninə çevrilib.
Diqqətimizi çəkən başqa bir problem də odur ki, qəsəbənin yolları küçə itləri ilə doludur. Köhnə tikililər itlərin yuvalarına çevrilib. Yavər Məmmədov küçəsində itlər sürü şəklində yaşayır.
Qəsəbə sakinləri itlərinin təhlükəli olduqları barədə yerli bələdiyyəyə müraciət etdiklərini bildirdilər: “ Son illər qəsəbədə itlərin sayı artmaqdadır. Küçələrdə sürü şəklində gəzirlər. Çox vaxt uşaqlara hücum edirlər. Həyət evləri olduğundan qapılarda toyuq-cücə saxlayırıq. İtlər fürsət tapan kimi toyuqları tutub yeyirlər. Azyaşlı uşaqlarımız çölə çıxanda ehtiyat edirik ki, it dişləyər. Küçə itlərinin çoxu  o qədər böyük və qorxuludur ki, təkcə uşaqlar yox, böyüklər belə axşam saatlarında bayıra çıxan zaman ehtiyat edirlər. itlər uçuq-sökük yerlərdə özlərinə yuva qurublar. Nə “JEK”, nə bələdiyyə, nə də icra hakimiyyəti bu problemlə maraqlanmır. Bir sözlə, qəsəbə getdikcə xarabalığa çevrilir”.
 
Musavat.com

Həmçinin oxuyun

Dövlət qurumlarının saytlarında vəziyyət necədir – ŞƏRH

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz …

Bir cavab yazın