Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Paytaxtda parklarda tikilən obyektlərin aqibəti necə olacaq?

Paytaxtda parklarda tikilən obyektlərin aqibəti necə olacaq?

Xətainin İH başçısı Razim Məmmədov məhv etdiyi yaşıllıqlara görə ölkə prezidentinə nə cavab verəcək?

Dövlət başçısı İlham Əliyevin paytaxtdakı “Dostluq” parkında tikilən villalardan danışması gündəmə parklarda yaşıllıqların məhv edilərək, yerində tikililərin ucaldılması məsələsini də gətirib. Dövlət başçısının villalarla bağlı sərt bəyanatından sonra Səbayel rayonundakı parkda söküntü işləri aparılıb, villalar yerlə yeksan edilib. Ərazidə yaşıllıq salınacağı bildirilir.

 
Dövlət başçısının villalarla bağlı xəbərdaredici çıxışından sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da villa sahiblərinin cəzalandırılacağını bildirib. Ekspertlər yerlə-yeksan edilən villalara diqqət çəkərək bildirirlər ki, bu, istənilən halda vətəndaşların mülkiyyət hüquqlarının pozulmasıdır. Vətəndaşların mülkiyyəti ilə bu cür davranış qeyri-qanunidir. 
Həmçinin, bu bəyanatdan sonra torpaqların qanunsuz istifadəsi və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər Milli Məclisdə müzakirə edilib. Bu hallara görə cəzaların sərtləşdirilməsi təklif edilib. Bildirilir ki, indiyədək qanunsuz torpaq zəbt olunmasına görə 3 ilədək həbs nəzərdə tutulurdusa, bundan sonra cəza 5 ildən 8 ilədək artırıla bilər.
Parkın ərazisindəki villalar bir məsələyə də bir daha işıq salıb. Paytaxt ərazisindəki parklardakı ağaclar kütləvi şəkildə kəsilir, yerində müxtəlif obyektlər tikilir. Parklarda ticarət-iaşə obyektlərinin tikintisi az qala adi hala çevrilib. Bildirilir ki, ən çox “ağac soyqırımı”na məruz qalan rayon Bakının Xətai rayonudur. Rayonun icra başçısı Razim Məmmədov mediada gedən davamlı tənqidlərə baxmayaraq, yaşıllıqları məhv edib parkların ərazisini ayrı-ayrı işbazlara satır. Paytaxtın əksər rayonlarında oxşar vəziyyətdir.
Qeyd edək ki, dövlət başçısı bir neçə gün əvvəl villalarla bağlı çıxışında xəbərdarlıq da edib: “Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”. 
 
Maraqlıdır, məlum parkda baş verənlərdən sonra paytaxtın digər parklarında məhv edilən yaşıllıqlar bərpa ediləcəkmi? Digər parklardakı tikililərin aqibəti necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı musavat.com-a bildirilib ki, parkların yaşıllaşdırılması onlara aid məsələ deyil. Bu işlə əsasən Yaşıllaşdırma Təsərrüfat Birliyi, yaxud Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. “Park kimə aiddirsə, həmin rayonun icra hakimiyyəti yaşıllıqların salınması ilə məşğul olmalıdır”,- deyə nazirliyin rəsmisi İradə İbrahimova bildirir. Onun sözlərinə görə, nazirlik yaşıllıqların məhv edilməsi ilə bağlı tədbirlər görür: “Qanunamüvafiq tədbirlər görülür. Bizə ağac kəsilməsi ilə bağlı siqnal daxil olanda araşdırma aparırıq. Özümüz də monitorinq edirik. Qaynar xəttimiz var – 168.
Nazirliyin qaynar xətti 24 saat işləyir. Ağac kəsilməsi ilə bağlı bu nömrəyə zəng edib məlumat vermək mümkündür, biz dərhal araşdırmaya başlayırıq. Ağac kəsilməsi ilə bağlı biz ancaq cərimə edə bilirik. Kəsənləri tapa bilməyəndə, hüquq-mühafizə orqanlarına müraciət edib köməklik istəyirik. Həmçinin, nazirlik qırılan ağacların yerində ağac əkilməsini də tələb edə bilər. Tələb edə bilər ki, kəsilən ağacların 10 misli qədər ağac əkilsin”.

 

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın