Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Ölkəmizə gələn turistlər nə yeyib-nə içir?

Ölkəmizə gələn turistlər nə yeyib-nə içir?

Onlar daha çox kabab, çayın yanında isə ya paxlava, ya da mürəbbə sifariş edirlər
Həm yay fəslinin gəlişi, həm də I Avropa Oyunları ilə əlaqədar ölkəmizə kifayət qədər turistlər gəlib. Adətən insan hansısa ölkəyə gedəndə onun tarixi, mədəniyyəti haqda öyrənib, şəhərin görməli yerlərini gəzməklə yanaşı, milli yeməkləri ilə də maraqlanır. Hansı ölkədən gəlməsindən asılı olmayaraq da o ölkənin təamlarından mütləq dadır.

Hər kəsə məlumdur ki, Azərbaycan mətbəxi özünəməxsus yeməkləri və çeşidləri ilə zəngindir. Yəni Azərbaycan mətbəxini dadıb onu bəyənməmək mümkün deyil. Azərbaycan şirniyyatları, yeməkləri və xəmir xörəkləri bütün dünyada məşhurdur. Azərbaycan tarixinin qədimliyi kimi onun yeməklərinin də yaşı qədimdir. Təkcə çörəyin bir neçə növü yalnız Azərbaycanda bişirilir. Süfrələrimiz lavaşla (fətir, yuxa, yayma), təndir çörəyi, xamralı ilə hər zaman bol olub.

Biz də paytaxtımızın qonağı olan turistlərin dadlı təamlarımızdan nə yeyib-içdiklərini öyrənmək üçün bir neçə kafe və restorana baş çəkdik.

Turistlərin daha çox olduğu məkanlardan birinə – İçərişəhərə və Dənizkənarı Milli Parka üz tutduq və onların daha çox hansı yeməkləri yedikləri ilə maraqlandıq. Buradakı restoran işçiləri ilə apardığımız söhbətdən məlum oldu ki, turistlər daha çox dolmanı və kababı xoşlayırlar. Restoranlardan birinin ofisiantı İlqar deyir ki, hərdən turistlər yedikləri yeməklərin bişirilmə qaydası ilə də maraqlanırlar: “Bizim restorana gün ərzində 10, bəlkə də daha çox turist gəlir. Onlar daha çox kabab sifariş edirlər. Kababı çox sevirlər. Ancaq qazan yeməklərini də istəyənlər olur. Keçmişdə bizim milli yeməklərimiz mis qazanlarda hazırlanardı. Mis qazanda hazırlanan yemək dadı ilə fərqlənir. İndinin özündə də kənd yerlərində bu ənənə qorunub saxlanıb. Elə biz özümüz də qazan yeməklərimizi mis qazanlarda bişiririk. Bu yeməklərdən dadan turistlərin məmnunluğu bizi daha da həvəsləndirir”.

Digər restoran administratoru isə əcnəbi qonaqların daha çox milli yeməklərimiz haqda maraqlandıqlarını dedi: “Turistlər restoranımıza gələndə milli yeməklər haqda soruşurlar. Hər gələndə çalışırlar heç dadmadıqları yeməklərdən dadsınlar. Bizim dolmamız onlara həm qeyri-adi, həm də dadlı gəlir. Xüsusən də yarpaq və badımcan dolmasını istəyirlər. Kababları da sevirlər. Bəzən elə turistlər olur ki, dolmanın necə hazırlandığını da soruşur”.

Apardığımız müşahidələr nəticəsində məlum oldu ki, paytaxtımıza gələn əcnəbi qonaqlar milli yeməklərimizə xüsusi önəm verir. Onlar kabab, dolma, ləvəngi, düşbərə, və çeşidli plovlardan dadmağa daha çox həvəslidirlər.

Bulvardakı kafelərdən birində çalışan administrator Elvin Əliyev isə turistlərin daha çox sərin ayrana üstünlük verdiyini dedi: “Turistlər daha çox ayran, sərin şərbət sifariş edirlər. Bu da yəqin ki, havanın isti olması ilə əlaqədardır. Ancaq turistlər o qədər də çox deyil. Gün ərzində 3-4 nəfər gəlir”.

Digər kafe işçisi Səbinə Eyvazova isə deyir ki, turistlər paxlavanı sevirlər: “Turistlər çayın yanında ya paxlava, ya da mürəbbə sifariş edirlər. Mürəbbələr içərisində isə gilas və qarpız mürəbbəsinə daha çox üstünlük verirlər”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın