Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Məhkum: “Rəis 14-cü “zon”da restoran açıb”

Məhkum: “Rəis 14-cü “zon”da restoran açıb”

Məhkum Rauf Yusif oğlu Sultanov 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimovu məhkəməyə verib. Hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum müəssisə rəisini ona işgəncə verdiyinə görə məhkəmə verdiyi barədə məlumatı musavat.com-a verib:
“14 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığım vaxtda, aprel ayında məni 1 saylı cərimə kamerasına saldılar. Qeydiyyata salmadan  4 gün ac-susuz və lüt orada saxladılar. Kombidən gələn istiliyi söndürdülər.  Kameranın pəncərəsini də açıq qoymuşdular. Bu gün də orada aldığım soyuqdəymədən böyrəklərim ağrıyır. Orada saxlanılanda rəis Əli İbrahimov, tərbiyə işləri üzrə müavini Natiq Hacıyev və rejim üzrə müavini Faiq Əzizov kameraya gəlib məni döyüb işgəncə verirdilər. Orada saxlanıldığım günlərdə soyuqdan qıc olurdum. Mən, anam, atam, qardaşım hamımız 1-ci qrup əlilik. Uşaqlıqdan qıcolmadan(sudorqa) əziyyət çəkirəm. 14 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan qanunları işləmir. Orada Əli İbrahimov istədiyini edir”. 
Məhkum deyib ki, müəssisədə məhkumlara mənəvi və fiziki işgəncələr verilir: “Haqqını tələb edən, qayda-qanunun işləməsini istəyən hər məhkuma qarşı amansız davranırlar, işgəncə verirlər. Qəzetinizə danışan Tahir adlı məhkumu da karsa saldılar. Onu Qobustana göndərmək istəyirlər. Orada məhkumları çölə çıxmağa qoymurlar. Qanunda cəzadan vaxtından əvvəl azad edilmə var. 14-də Əli İbrahimova pul verməsən vaxtından əvvəl azad oluna bilməzsən. Kim ki haqqını tələb edir, ona qarşı hər cür təxribata əl atırlar. Mənə evdən göndərilən pulu, dəri gödəkçəni oğurladılar. Saçımı zorla qırxıblar. Başıma qəsdən mikrob salıblar, indi saçım tökülür. Əli İbrahimov karsda məni döyəndə deyirdi ki, niyə məhkumlara hüquqlarını başa salırsan? Həkim Rəşad Hüseynova təzyiq edirdi ki, mənə dərman verməsin. Qıcolmalarım tutanda həkimlərə imkan vermirdi ki, mənə yardım göstərsinlər. Mədət müəllimə martın 17-də yazılı müraciət etmişəm.  Yazmışam ki, Əli İbrahimov bizə işgəncə verir. Təsəvvür edin ki, məhkumların yanına görüş gələn ana-bacılara görüş vermirlər, saatlarla küçədə saxlayırlar”. 
R.Sultanov deyib ki, dövlətin məhkumlara asudə vaxtlarını keçirmək üçün ayırdığı bütün vasitələr 14 saylı müəssisəsdə məhkumlara pul qarşılığında verilir: “Dövlət bilyard, tennisi stolları verib ki, məhkumlar boş vaxtlarında oyunlar oynasınlar. Pul verməyən məhkum bilyard, tennis oynaya bilməz. Yeməkxanada yemək demək olar ki, olmur. Əli İbrahimov orada ayrıca restoran açıb. Günü 10 manat verən məhkum orada yemək yeyir. Verməyən, imkanı olmayan məhkum Allahın ümidinə qalır”. 
R.Sultanov bildirib ki, Ə.İbrahimovun 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi İlqar Sadıqovla qohumluq əlaqələri var və bu əlaqələr onun vəzifə səlahiyyətləri əleyhinə qanunsuzluqlarına yol açır. Məhkum bir daha Penitensiar Xidmətin rəisinə müraciət edərək 14 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqların qarşısını almağa çağırıb.
E.MƏMMƏDƏLİYEV
P.S Yazıda adı hallanan hər kəsin, Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın