Məhərrəm Zülfüqarlı: “Bu həm də Naxçıvanda təhsil alan şagirdlərin rus dilinə göstərdiyi maraqdan irəli gəlir”
Məlum olduğu kimi, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev həmin mərasimdə iştirak edib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə beşi elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, iki kompyuter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Məktəbdə 42 kompyuter quraşdırılıb və internetə qoşulub.
Məktəbin kitabxana fondunda 6900 dərslik və 4603 bədii ədəbiyyat olmaqla 11503 kitab var. Məktəbdə 460 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.
Prezident İlham Əliyev Naxçıvanda məktəb tikintisi ilə bağlı bəzi məqamlara toxunub: “Bu, respublikanın potensialını göstərir, eyni zamanda, sosial infrastruktur da yaradılır. Bax, bu məktəb bunun bariz nümunəsidir. Son illər ərzində Naxçıvan Muxtar Respublikasında artıq 200-ə yaxın yeni məktəb tikilib, yaxud da ki, əsaslı şəkildə təmir olunub. Təmirə ehtiyacı olan cəmi bir neçə məktəb qalıb. Əminəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq”.
Burada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, 600 şagird yerlik 3 nömrəli tam orta rus məktəbində 460 şagird təhsil alır. Bu, şagirdlərin rus bölməsinə və ümumiyyətlə xarici dilə yüksək marağının göstəricisidir.
Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu, oradakı gənclərin təhsil səviyyəsinin artırılması baxımından müsbət göstəricidir: “Tarixdə olan bir sıra ziddiyyətli məqamlara baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı düşmənçilik etməyib. İndi də iki ölkə arasında münasibətlərin normal olmasında maraqlıdır. Hətta Cumhuriyyət dövründə bolşevik Çiçerin Fətəli xan Xoyskiyə deyəndə ki, Denikinə qarşı bizimlə birgə mübarizə aparın, onlar buna getmədi. Bildirdilər ki, biz Rusiyanın daxili işinə qarışmırıq. Yəni dinc qonşuluq siyasəti yürüdürük. İndinin özündə də Bakı Slavyan Universiteti fəaliyyət göstərir, bir sıra rus məktəbləri qalmaqdadır. Belə ki, bəzi postsovet ölkələrində bu yoxdur. Naxçıvanda rusdilli məktəbin olması Azərbaycanda yeni, müasir tələblərə cavab verən kadrların hazırlanmasında müəyyən rol oynayır. Eyni zamanda, iki ölkə münasibətlərinin inkişafına müsbət təsir göstərir. Bütün bunlarla yanaşı, bu həm də Naxçıvanda təhsil alan şagirdlərin rus dilinə göstərdiyi maraqdan irəli gəlir. Hesab edirəm ki, bu yaxşı göstəricidir”. (Baki-Xeber)
Vidadi ORDAHALLI