Ana səhifə / Media / Jurnalistlərin suyunu oğurlayıb satanlar, evlərinə daşıyanlar… – FOTOLAR, VİDEO

Jurnalistlərin suyunu oğurlayıb satanlar, evlərinə daşıyanlar… – FOTOLAR, VİDEO

Ölkəmizdə keçirilən oyunlar zamanı tədbiri işıqlandıran yerli və xarici media nümayəndələri üçün xüsusi şərait yaradılıb.
Bütün idman komplekslərində “Media Center”lər var. Hansı ki, həmin mərkəzlərdə iş otaqları, istirahət otaqları var. Jurnalistlərə pulsuz meyvə, adi sular və Red Bull verilir.
Səhər saatlarından günün sonunadək işləyən media nümayəndələri üçün belə şəraitin yaradılması müsbət haldır. Amma…
Məsələ burasındadır ki, son günlər jurnalistlər arasında narazılıq baş qaldırıb. Buna səbəb, onlar üçün nəzərdə tutulmuş bu məhsulların başqaları tərəfindən satılmaq və ya istifadə üçün çantalara yığılaraq, aparılmasıdır.
Onsuz da oyun zallarında satılan sular və yeməklərin qiyməti yerli medianın cibinə uyğun gəlmir. Ən azından pulsuz verilən sular və meyvələr gün ərzində jurnalistlərin enerjisinin saxlanmasına kömək edir. Amma kimlərinsə bu fürsətdən istifadə edərək, çanta-çanta Red Bull oğurlaması, meyvələri kiloqramla daşıması jurnalistlərin haqlı narazılığına səbəb olur.
Belə hadisələrin baş verməsi həqiqətən də utancvericidir. Üstəlik bunları evlərinə daşıyanların vəzifələrinə və gəlirlərinə baxdıqda, istəmədən də olsa onların yerinə utanırıq.
Red Bull və meyvə almağa maddi imkanları olmayan, buna görə də bunları çantalarına yığıb, aparanlar arasında tanınmış idman klubunun mətbuat xidməti üzrə meneceri və AzTv-nin bəzi əməkdaşlarının adları çəkilir.
Səhər saatlarında, media nümayəndələrinin az olduğu saatlarda “Kristal Hall”-ın media mərkəzinə gələn bu şəxslər, Red Bull və meyvələri çantalarına yığaraq, aparıblar. Nəzərə alsaq ki, həmin şəxsin tutduğu vəzifənin maaşı bunları qutu ilə almağa kifayət edir, bu hərəkətə bəhanə uydura bilmədik. Aztv-nin isə başı Almaniyaya qarışdığı üçün, deyəsən işçilərin durumunu unudub.
Belə halların baş verməsi, artıq belə elanların yapışdırılmasını zəruri edib. Əvvəlki günlərdə belə halların olacağını düşünməyən təşkilatçılar, soyuducu yaxınlığına nəzarətçi qoymurdular. Artıq bunu da etməyə məcbur qalıblar.

Suları marketlərə satanlar

Məsələ bununla da bitmir. İki gün öncə daimi oxucularımızdan biri bizə maraqlı bir videogörüntü göndərib. Videoda görünən budur ki, üç nəfər boğazında “Baku 2015” akreditasiyaları olan naməlum şəxslər, şəxsi avtomobilləri ilə marketə Koka-kola, Fanta, Sprite və meyvələr gətirərək, satırlar. Videonu göndərən şəxs deyir ki, o, həmin şəxslərin market sahibindən pul aldıqlarını görüb. İlk ağıla gələn şey, satılanlar jurnalistlərə verilməli olan sular və meyvələrdir. Bu sərinləşdirici içkilər bütün idman komplekslərində verilmir. Bu məsələni araşdırmaq çətin olmayacaq

Burada ortaya maraqlı suallar çıxır:

1. Akreditəli şəxslərin satdıqları su və meyvələr media nümayəndələri üçün nəzərdə tutulmuş məhsullardırmı?
2. Bu şəxslər bu məhsulları haradan götürüblər?
3. Əgər satdıqları məhsulların dediklərimizə aidiyyatı yoxdursa, bu şəxslərin niyə boğazında “Baku 2015” akreditələri var?
Qeyd edək ki, bu görüntülər Sabunçu rayonu ərazisində çəkilib. Bu məlumatı dərc etməyimizin səbəbi, 5-10 manat qazanmaq və ya cibinin pulunu verib almamaq üçün bu hərəkətləri edənləri utandırmaqdır. Utanın… Bəzən heç aidiyyatı olmayan hadisələrə “Bunlar təxribatdır” deyənlər olur. Baxın, əsl təxribat budur.
P.S Fotolarda avtomobilin nömrəsinin üstünü qapatdıq. Araşdırmaq istəyən qurumlara bu nömrələri də təqdim edə bilərik.
 








Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın