Cümə , Noyabr 15 2019
Ana səhifə / Media / İzsiz qatil bizi addım-addım izləyir

İzsiz qatil bizi addım-addım izləyir

Yaşadığımız dövrdə dəm qazı ilə zəhərlənmə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Xüsusilə, qış aylarında şimal-qərb bölgəsində belə hadisələr daha çox baş verir. Bu faciədən qurtulmaq üçün ilk növbədə onun əlamətlərini bilmək lazımdır. Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar?

Həkim Şeyx Seydəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəm qazı iysiz olduğundan insanlar bunu hiss etmirlər: “Hər şey ani baş verir və artıq iş işdən keçir. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar hətta az miqdarda dəm qazından həyatlarını itirə bilərlər”.

Həkim Seydəliyev dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardımın necə olmasından da danışıb: “Zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ağ ciyər ödeminin qarşısını almaq üçün ona yarıoturaq vəziyyət vermək, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs verilməlidir”. “Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal təcili yardım çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda təcili yardım çağırışını ləğv etməyin!” — həkim bildirib. Həkim onu da qeyd edib ki, dəm qazı (və ya karbon oksidi) natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir: “Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Bu, evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür”. “Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə edilməməlidir. İnsanlar (xüsusi ilə də uşaqlar) qaz sobası yanarkən uzun müddət hamam otağında tək qoyulmamalıdır və s. Bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!” — Seydəliyev tövsiyə edir.

Həmçinin oxuyun

Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik – APA 15 yaşında

“APA xəbər verir ki…” 15 ildir qəzet və saytların əsas xəbərlərinin ilk cümləsi belə başlayır. …

Bir cavab yazın