Şənbə , İyul 20 2019
Ana səhifə / Media / “Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır”

“Cahangir Hacıyev dözülməz şəraitdə saxlanılır”

Vəkil: “Müvəkkilim deyir ki, istidən bişirik”

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
C.Hacıyevin vəkili Aqil Layıcov “Yeni Müsavat”a bildirib ki, cinayət işinin məhkəməyə göndərilməsi haqda onlara rəsmi bildiriş verilməyib. Vəkil ittihamla razı olmadıqlarını da diqqətə çatdırıb:“İttihamı qəbul etmək üçün hüquqi əsas olmalıdır. Hüquqi əsas yoxdur. Çünki ittiham Mərkəzi Bankın təlimatlarına əsaslanır. Həmin təlimatlar cinayət məsuliyyəti müəyyən etmək üçün əsas ola bilməz. Mərkəzi Bankın kredit verilməsi qaydaları var. Həmin qaydalar normativ hüquqi akt da deyil. Belə aktlar öz-özlüyündə cinayət məsuliyyəti və inzibati məsuliyyət müəyyən edə bilməz. O, sadəcə, mülki məsuliyyətdir və şirkətdaxili administrativ tədbirlərin görülməsi üçün əsas yaradır. Yoxsa belə aktlar öz-özlüyündə cinayət məsuliyyətinə səbəb ola bilməz, bu birmənalı şəkildə belədir. Cinayət Məcəlləsində Mərkəzi Bankın təlimatının pozulması adlı maddə yoxdur. Odur ki, ittihamın əsassız olması da ortadadır”.
Vəkil C.Hacıyevdən alınan 184 milyonluq səhmin taleyi ilə bağlı suala belə cavab verib: “Cahangir Hacıyev ittihamı qəbul etmir. O, ilk gündən bildirir ki, baş verənlər  kimlərinsə şəxsi mülahizələrinə əsaslanan fikirlərdən qaynaqlanır. Bununla belə, o, özünə və ailəsinə məxsus 184 milyonluq səhmi təhvil verərək ehtimal olunan zərərlərin ödənilməsinə yönəlməsini istəyib. İstəyib ki, bu məsələ həll edilsin. Həmin pulu ehtimal olunan zərərlərə də yönəltməyiblər. Səhmlərin harada, kimdə oduğunu bilmirik”.
Vəkil ehtimal olunan zərərlər haqda məlumatsız olduğunu bildirib. Deyib ki, C.Hacıyev hazırda həddən artıq dözülməz, son dərəcə dəhşətli isti kamerada saxlanılır: “Biz Ədliyyə Nazirliyinə müraciət ünvanlamışıq ki, ona kameraya öz hesabına sərinkeş qoyulmasına icazə verilsin. Hələ ki cavab yoxdur. Bakı İstintaq Təcridxanası səhra kimi yerdə yerləşir. Orada yaxınlıqda kanalizasiya gölməçəsi də var. Zabrat qəsəbəsinin  kanalizasiya suları da ora axıdılır. İsti bir yandan, üfunət iyi də ərşə qalxır. Orada havasızlıqdır. Təsəvvür edin ki, kameranı gün vurur, divarları, dəmir barmaqlıqlar elə qızır ki, səhərə qədər də soyumur. Kameralardan od-alov çıxır, 45 dərəcə isti olur. Müvəkkilim deyir ki, istidən bişirik. Belə dözülməz isti infarkt riskini 1-ə 10 artırır”.
Vəkil deyir ki, BİT-də saxlanan digər dustaqlara kameralarında öz hesablarına ventilasiya sistemi quraşdırmağa imkan verilib: “Belə bir halda Cahangir Hacıyevə eyni şəraitin yaradılmamasının səbəbini başa düşə bilmirik”.
A.Layıcov BİT-də quraşdırılan mərkəzi havalandırma sisteminin havanı soyutmadığını da diqqətə çatdırdı:“Həbsdə saxlanan şəxslərin saxlama qaydalarına görə qanunla qadağan olunmayan əşyaları kameralarına keçirə bilərlər. Biz də qanunla qadağan olunmayan kondisioner, sərinkeşin öz hesabımıza kameraya qoyulmasını xahiş etmişik. Hələ ki cavab verilməyib”.
C.Hacıyev və digərləri Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilirlər.

Həmçinin oxuyun

Amerikada mətbuat tarixi və ya “Xəbərlər heç vaxt yatmır”…

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy …

Bir cavab yazın