Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Cəfər Cabbarlının adına layiq olmayan bağ…

Cəfər Cabbarlının adına layiq olmayan bağ…

Yasamal rayonu ərazisində – Nəriman Nərimanov heykəlinin yerləşdiyi parkın arxa tərəfində daha bir bağ yerləşir. Bura Nərimanovun heykəli olan parkdan fərqli olaraq bərbad vəziyyətdədir.

Köhnəlmiş zibil qutuları, onların ətrafında qalaqlanmış məişət tullantıları ilə yanaşı bağın baxımsız vəziyyəti də diqqətdən yayınmır. Qurumuş otlar, susuzluqdan yanmaq üzrə olan ağaclar, sıradan çıxmaqda olan pilləkən və daş plitələri də bura əlavə edəndə yaranan idbar mənzərəni təsəvvür etmək çətin deyil.

Bağdakı bərbad vəziyyət diqqəti həm də ona görə cəlb edir ki, burada dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyi var.

Muzeyin məhz belə ərazidə yerləşməsi və həmin ərazinin də belə baxımsız qalması bəzi suallar yaradır. Zibillə dolu baxımsız bir yerdən kim ötüb keçib Cəfər Cabbarlının ev-muzeyinə gedər? Belə yer hansı turistin marağını cəlb edə bilər?

Bu suallara cavab tapmaq üçün Cəfər Cabbarlının ev-muzeyi ilə əlaqə saxladıq.

Muzeyin direktoru Qəmər Seyfəddinqızı virtualaz.org saytına açıqlamasında bildirdi ki, adıçəkilən bağ muzeyə məxsus deyil: “O, bizim muzeyə aid ərazi deyil, amma həm muzeyin, həm də elə həmin bağın təmirə ehtiyacı var. Mədəniyyət və Turizm Nazirliyi də bunu bilir, yəqin ki, təmir edəcəklər. Muzey 20-30-cu illərdəki materiallarla tikildiyinə görə bir neçə dəfə təmir olunsa da daşlar qopub tökülür, qalmır. Bağın baxımsızlığına görə isə məsuliyyəti muzey və ya Mədəniyyət və Turizm Nazirliyi yox, digər aidiyyəti qurumlar daşıyır”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə virtualaz.org saytına bildirdilər ki, bağ və parkların abadlığı, təmiri rayon icra hakimiyyətinin yox, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, bağın vəziyyəti ilə maraqlanacaqlar.

 

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın