Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Bulvarda pulsuz internet var, sakinlərin isə xəbəri yox… – FOTOLAR

Bulvarda pulsuz internet var, sakinlərin isə xəbəri yox… – FOTOLAR

Bir neçə gün öncə Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.

Uzun zamandır ki, haqqında bəhs edilən, amma həyata keçirilməyən pulsuz internet layihəsi nəhayət, həyata keçirildi. Artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir.

Məlumata görə, tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək. Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin “ZTE” şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. Digər bir məlumata görə isə, ilin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur.

Bir çox ölkələrin turistik şəhərlərində pulsuz internet xidməti mövcuddur. Buna ən yaxın misal qonşu ölkə olan Gürcüstandandır. Paytaxt Tiflis şəhərində illərdir ki, pulsuz wi-fi şəbəkələri var. Yerli və xarici vətəndaşlar əsas küçə və parklarda şifrəsiz internetdən istifadə edirlər. Bu şərait turist axını üçün yaxşı imkan verir. Belə ki, müasir dövrdə insanlar onlarla restoran içərisindən ən yaxşı yemək və xidmətləri olanı yox, yaxşı interneti olanı tərcih edirlər.

Turistlər getdikləri ölkə və şəhərlər haqqında bəhs edərkən, internet barəsində mütləq danışırlar. Bloqerlər öz təəssürat yazılarında mütləq buna toxunurlar. Bu da təbliğat üçün yaxşı vasitə hesab edilir.

Artıq paytaxt Bakımızda da bu xidmətin olması müsbət bir göstəricidir. Pulsuz internet məsələsi əslində uzun müddət idi ki, danışılırdı, amma nəticə vermirdi. İndi isə artıq bu xidmət var. Maraqlıdır, görəsən Bakı sakinləri bu xidmətdən istifadə edirlərmi?

Musavat.com saytının əməkdaşı Dənizkənarı Milli Park ərazisində olub və şəhər sakinləri arasında sorğu keçirib. Məlum olub ki, çoxlarının hələ də pulsuz internet xidmətindən xəbəri yoxdur.

Bakı sakini olan Günel Səfərova deyir ki, pulsuz wi-fi şəbəkəsi barəsində eşitməyib: “Əvvəllər deyirdilər ki, bizdə də Gürcüstandakı kimi pulsuz internet olacaq. Amma inanmırdım. İndi sizdən öyrəndim ki, artıq bizdə də bu xidmət var. Çox sevindim, axırı ki…”

Müşahidəmiz zamanı gördük ki, sakinlərin yeni xidmətdən xəbərləri yoxdur. Yəqin ki, yetərincə piar işləri aparılmayıb. Deməli, təbliğat üçün Bulvar ərazisində dirəklərə vurulan “Huawei” reklamları və “Baku Loves You” elanları kifayət etmir.

Məsələn, avtobus dayanacaqlarında elanı olub, özü olmayan internet elanlarından istifadə etmək olar. Elə Bakı sakini Firdovsi Şükürov da bu fikirləri bölüşür.

Onun sözlərinə görə, bu xidməti daha çox təbliğ etmək lazımdır: “Yaxşı iş görüblər. Buna görə təşəkkür edirəm. Yaxşı işi, yaxşı da təbliğ etmək lazımdır. Bulvar ərazisi turistlə doludur. Hər yerdə İrandan, Rusiyadan, Avropa ölkələrindən gələn turistlər var. Onlara da bunu bir yolla bildirmək lazımdır”.

Bəhs etdiyimiz pulsuz internet xidmətindən özümüz də istifadə etdik. Qoşulmaq üçün sadəcə mobil nömrəni yazıb, sms-lə göndərilən şifrəni daxil etmək kifayət edir ki, Bulvar boyunca pulsuz və sürətli internetdən istifadə edə biləsiniz.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın