Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Avropa Şurasının məruzəsində: Azərbaycanda jurnalistlər təqib olunur

Avropa Şurasının məruzəsində: Azərbaycanda jurnalistlər təqib olunur

Azərbaycan jurnalistlərin izlənilməsi üçün casus proqramlarından (Pegasus) istifadə olunan ölkələr sırasındadır. Həmin casus proqamından həmçinin Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya da istifadə edib. Azərbaycanda, həmçinin “nümayişlərin işıqlandırılması” zamanı polisin jurnalistlərə hücum etdiyi 8 hadisə olub.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır” başlıqlı illik hesabatı dərc edib. Azərbaydan həmin hesabatın “jurnalistlərin qətlinə görə cəzasızlıq” adlı bölümünə də daxil edilib. Burada nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir. Həmçinin qeyd edilir ki, Azərbaycanda jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalır.

“Xüsusən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra polis yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub”, – deyə bildirilir.

Hesabatda qeyd edilir ki, “2023-cü ildə KİV azadlığı sahəsində on beş QHT tərəfindən dərc edilmiş xəbərdarlıqlar əsasında Avropa Şurasına üzv dövlətlərdə, Rusiya və Belarusda KİV azadlığına əsas təhdidlər” qiymətləndirilib.

Məruzədə Azərbaycanda jurnalistlərin təqibi faktları da əksini tapıb. Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin “fəaliyyətlərinə görə qisas olaraq” inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur.

Vüqar Məmmədovun (“Hürriyyət TV”), Nurlan Qəhrəmanlının (freelancer), Vəli Şükürzadənin (fotoreportyor) həbsləri bu silsilədəndir. Məlumatda qeyd edilir ki, “AbzasMedia”nın jurnalistləri bu gün “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs ediliblər. Daha sonra Avropa Şurasında həbsdə olan jurnalistlərin və blogerlərin adları sadalanır.

Bu siyahıda ümumilikdə 55 nəfərin adı var, onların 16-sı Azərbaycandadır. Siyahıda Ərşad İbrahimov (http://dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (http://xural.tv), Əziz Orucov (Kanal13), Elnarə Qasımova (AbzasMedia), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (http://azerinof.az saytı), Məhəmməd Kekalov (AbzasMedia), Nərgiz Absalamova (AbzasMedia), Osman Nərimanoğlu (http://demokratik.az saytı), Polad Aslanov (http://xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (AbzasMedia), Ülvi Həsənli (AbzasMedia), Şamo Eminin (Kanal13) adı var.

Məruzədə Avropa Şurasına Azərbaycan və Türkiyəni “Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa” çağırmaq tövsiyə olunur. Müəlliflər Avropa Şurasına jurnalistlərin müdafiəsini və KİV azadlığını gücləndirən mexanizmlər işləyib hazırlamağı tövsiyə ediblər. Eyni zamanda, Avropa Şurasına üzv dövlətlərin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına riayət etməsini təmin etmək və ədalətsiz olaraq həbs edilənlərin dərhal azad edilməsinə nail olmaq üçün qətiyyətli davranmaq, jurnalistlərə qarşı təhdidlər haqqında məlumatları araşdırmaq və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə milli fəaliyyət planları qəbul etmək təklif olunub.

Beynəlxalq jurnalistika təşkilatları və Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə martın 5-də Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …