Ana səhifə / Media / “Atletlər kəndi”ndə boş qalmış mənzillər evsizlərə veriləcəkmi? – REPORTAJ

“Atletlər kəndi”ndə boş qalmış mənzillər evsizlərə veriləcəkmi? – REPORTAJ

Ötən il ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı ölkəyə gələn turistlərin xərcini ödədiyimiz kimi, idmançıların da ehtiyaclarını biz qarşıladıq. Həmin ərəfədə idmançılar üçün “Atletlər Kəndi” istifadəyə verildi. Oyunlarda iştirak edən idmançılar burada qaldılar. Hətta xarici media nümayəndələri üçün belə, mənzillər ayrılmışdı.

Bu yaşayış binaları I Avropa Oyunlarından 3 il öncə təhvil verilmişdi. Amma heç bir satış prosesi getmirdi. Həmin günlərdə yerli mətbuatda belə iddialar var idi ki, bu binalar illərlə daxmalarda, yataqxanalarda acınacaqlı halda yaşayan qaçqınlara veriləcək.

Amma məlum oldu ki, bu binalar heç də evsizlər üçün tikilməyib. Hökumətin ciddi tikinti işlərini həyata keçirən “Azinko” şirkəti bu binaları satmaq üçün tiksə də, sonradan buranı Gənclər və İdman Nazirliyinə icarəyə verdi.

Heydər Əliyev prospekti 117-də, Bakı metrosunun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən bu şəhərciyin tikintisinə 2008-ci ildə başlanıb və bir neçə il sonra – 2012-ci ildə təhvil verilib. Amma qətiyyən satışa çıxarılmadı. Təsadüfən I Avropa Oyunları üçün lazım olan bu şəhərcikdə 45 girişli 13 yaşayış binası var. Binalar 10, 12, 16 mərtəbəlidir. Şəhərcik kompleksinə 1200 şagirdlik məktəb, idman zalı və meydançalar da daxildir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun nəzarətində olduğu iddia olunan “Azinko” şirkəti 2006-cı ildən fəaliyyətə başlayıb. “Azinko Holdinq” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC – “Klass Az Ko” MTK, “Xəzər Az Ko” MTK, “Sahil Az Ko” MTK, “Az-İn-Ko ” MMC və “Regional İnşaat” MMC daxildir.

Yarandığı vaxtdan “Azinko Holdinq” MMC otel binalarının, çoxmərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin, biznes mərkəzlərinin və digər mülki obyektlərin tikintisi ilə məşğuldur. 2010-cu ildən isə Bakıda çeşidli söküntü və tikinti işləri “Azinko” vasitəsilə həyata keçirilib. Həmin dövrdən keçən iki il ərzində şirkət dövlət layihələrinin icrasını həyata keçirib və bu zaman fantastik məbləğlərlə müşayiət olunan vəsait əldə edib. 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi üçün yeni arenanın tikilməsi belə, “Azinko” şirkətinə tapşırılıb. Hökumətin ciddi tikinti işlərini bu şirkət yerinə yetirir.

Yaxşı, oyunlar bitdi, qonaqlar getdi. İndi ortaya suallar çıxıb: Bir neçə ildir ki, tikilmiş və hələ də satılmamış bu mənzillərin taleyi nə olacaq? Burada kimlər yaşayacaq? Yoxsa evsiz qalan minlərlə gənc ailə ola-ola bu mənzillər yenə xarici qonaqlarını gözləyəcək?

I Avropa Oyunları zamanı gənclər və idman naziri Azad Rəhimov yerli mətbuata bunu demişdi: “Həmin binaları inşa edən şirkətlə müqavilə bağlanıb. O binalardakı mənzillər müvəqqəti təmir edilib və mebellə təchiz olunub. Orada hər cür şərait yaradılıb. Həmin ərazidə poliklinika, yeməkxana və idmançılara lazım olan digər məntəqələr tikilib. Biz binaları icarəyə götürmüşük”.

“Azinko” şirkətindən məlumat verilib ki, Heydər Əliyev prospekti 117-dəki binalar hələlik Bakı Olimpiya Oyunları Təşkilatının icarəsindədir və mənzillər satışa çıxarılmayacaq. Səbəbi də odur ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İslam Olimpiya Oyunlarına gələn idmançılar da burada qalacaqlar.

Amma bu müddət ərzində binalar boş qalacaq. İslam Oyunlarından sonra bu mənzillərin aqibətinin necə olacağı ilə bağlı isə heç bir məlumat yoxdur. Əgər Azərbaycan bu maddi böhranlı günlərdə daha bir beynəlxalq yarışa ev sahibi olmağa can atmasa, bu binaların boş qalacağı və satışa çıxarılacağı deyilir. Bu zaman mənzillərin aztəminatlı ailələrə verilməsinin nəzərdə tutulması barəsində isə informasiya yoxdur.

Nazirlik bu binaları icarəyə götürmək üçün “Azinko” şirkətinə nə qədər pul xərclədiyini bu günə qədər də açıqlamayıb. Bununla bağlı nazirliyə 3 sualdan ibarət sorğu göndərmişik. Və cavab veriləcəyinə ümid edirik. (Musavat.com)








Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın