Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Media / Ağsuda başçıya etiraz VAR – ŞİKAYƏT

Ağsuda başçıya etiraz VAR – ŞİKAYƏT

Redaksiyamıza Ağsu rayonu Çaparlı kənd sakini Ramil Kərimov tərəfindən şikayət daxil olub.
Şikayətçi Bolgexeber.com -a bildirir ki, atası Nadir Kərimov 6 övladını evdə qoyaraq, vaxtilə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. İndi həyatda olmasa da, Nadir Kərimov yəqin ki ailəsinin başına gələnləri görsə, ürəyi tab gətirməzdi.
Ramil Kərimovun anası yataq xəstəsidir, bacısı boğaz uru(zob) əməliyyatı keçirib və hal-hazırda da müalicəsini davam etdirməyə məcburdur.
Şikayətçinin həyat yoldaşı isə böyrək çatışmazlığından əziyyət çəkir, qardaşı 2-ci qrup əlildir.

“Suyun içində yaşayırıq. Sağlam adam belə bu evdə bir gün yaşasa, xəstəlik tapar!”

Kərimovlar ailəsi yardım istəmək üçün dəfələrlə Ağsu RİH-nə müraciət etsələr də, hər dəfə mənfi cavab alıb geri qayıdıblar. İcra başçısı Ənvər Seyidəliyev müxtəlif uydurmalarla bu ailəni qəbul etməkdən boyun qaçırır. Artıq şikayətçi ailə nə edəcəyini bilmir.

“Ağsu rayonu demək olar, Seyidəliyevlərindi. Hamsının altında bahalı maşını, böyük villaları var. Amma aztəminatlı, həm də 4 nəfər xəstəsi olan ailəyə yardım əlini uzatmır!”

Ramil Kərimov iddia edir ki, Ağsu RİH-də Memarlıq və Tikinti şöbəsinin müdiri Xanlar Hüseynov və digər icra nümayəndəsi Rasim adlı şəxs şikayətçini qovaraq “hara istəyirsən şikayət elə, onsuz da bizim səlahiyyətimizdə deyil bu məsələlər” deyirlər.

“Ənvər Seyidəliyevin qohumu Altay bəy aldığımız sosial yardımın ləğv olunması üçün çalışdı və axırda buna nail oldu. İndi sosial yardım da ala bilmirik. Bəs biz neyniyək? Dərdimizi kimə deyək?!”

Ramil Kərimov son çıxış yolunu yalnız Prezident Adminstrasiyasına müraciət etməkdə görür: “Başqa cür alınmır. Evdə 4 xəstə var, evə su damır. Belə şəraitdə xəstə saxlamaq olar? Çox vaxt artıq özüm xəstəlik tapıram bu evdə. Gedib şikayətimi bildirəcəm prezident İlham Əliyevə, belə qanunsuzluq törədən icra başçısı haqqında bir ölçü götürülsün. İnanırsınız, hətta bir müddət əvvəl ailəlikcə intihar etməyi belə planlaşdırmışdıq. Fikirləşirdik ki, birdəfəlik canımızı qutararıq bu əzab-əziyyətdən!”- deyə Ramil Kərimov bildirib.
Bolgexeber.com olaraq məsələ ilə bağlı münasibət öyrənmək üçün Ağsu RİH ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən çox gülməli cavab gəldi: “Biz hal-hazırda prezidentin sərəncamına əsasən, pambıq yığımına nəzarətlə məşğuluq. Kiminsə şikayətini dinləməyə vaxtımız yoxdu. Nə vaxt boş vaxtımız olar, onda da gələrlər, problemlərini deyərlər, amma indi olmaz.”
İcra Hakimiyyətinin bu qədər işçisi olduğu halda sadəcə pambıq yığımına bu qədər enerji sərf etməsi maraqlı məqamlardandır. Bununla yanaşı, başqa bir cümlə diqqəti çəkir- vaxtımız olanda. Struktura əsasən, İcra Hakimiyyətinin vaxtı sakinlərin şikayətlərinin dinlənməsi və həlli istiqamətində müvafiq tapşırıqların verilməsi ilə keçməlidir. Ancaq Ənvər Seyidəliyevin və işçilərinin başı pambıq yığımına o qədər qarışıb ki, çətin vəziyyətədə yaşayan bu ailəyə kömək etməyə vaxt tapmır.

Məsələ ilə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız Ramil Kərimovla görüşüblər.
Şikayətçi qeyd edib ki, müraciətdən sonra Ağsu RİH-dən şikayətimizlə məşğul olunacağına dair söz versə də, hələ heç kəs gəlmiyib:
“Şəkillərdən də gördüyünüz kimi, hansı şəraitdə yaşayırıq. Daha bu vəziyyətə dözmək olmur. Evdəki xəstələrin durumu getdikcə pisləşir. Evimiz artıq yaşanılması çətin formaya düşüb. Belə getsə, ailəmlə birlikdə İcra Hakimiyyətinin qabağına gəlib özümüzü yandıracağıq. Bəsdir, bu qədər dözdük. Biz inanırıq ki, cənab prezident bu məsələyə laqeyd yanaşmayacaq və bizim harayımıza cavab verməyən Ənvər Seyidəliyev haqqında müvafiq tapşırıqlar verəcək.” – deyə Ramil Kərimov bildirib.
Qeyd edək ki, 2 ay öncə də məhz bu şikayətlə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız başçının müavini İqbal Mikayılovla görüşmüşdülər və İqbal Mikayılov bildirmişdi ki, qısa müddət ərzində bu problem həll olunacaq.
Lakin bu dəfə əməkdaşlarımız nə qədər cəhd etsələr də nə Ənvər Seyidəliyevi, nə də onun müavini İqbal Mikayılovu yerində tapa bilmədilər.

Qeyd etmək lazımdır ki, 1 ay əvvəl keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev çıxışı zamanı icra başçılarını sərt tənqid etmişdi. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırmışdı:
“İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.

Ümid edirik ki, Ənvər Seyidəliyev bu yazıdan nəticə çıxaracaq və sözügedən ailəyə lazım olan köməkliyi göstərəcək. Əks təqdirdə, çox güman ki, vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Həmçinin oxuyun

Əflatun Amaşov: “Azərbaycan mətbuatının patriarxını itirdik”

“Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.Mia.az xəbər verir ki, bunu jurnalistlərə …

Bir cavab yazın